Muəllif:

Bir zamanlar orada kitab passajı vardı

Əvvəllər ora kitab passajı idi. Hündür mərtəbəli binaların başından günəş əlini sallamamış satıcılar qalaq-qalaq kitabları saralmış un kisələrindən çıxarıb tozunu alar, sonra piştaxtaların üstünə yığardılar. Lap başda yaşlı kişi dayanırdı. O, kitabları qalın-incə, köhnə-təzə hissələrə ayırıb saf-çürük edəndən sonra cərgəylə düzür, bir az geriyə çəkilib uzaqdan öz əl işinə tamaşa edərdi. Nəsə gözünə xoş görünməsəydi, piştaxtanın altını üstünə çevirər, kitabları yerə tökər, yenidən yığardı. Bu kitab düzmə prosesi hər gün onun iki saatını alardı. Amma o kişi bundan heç usanmırdı. Bəlkə də proses onun xoşuna gəlirdi.

***

Kitab passajında ən yaşlı satıcı idi. Ətrafdakılar ona ağsaqqal deyə müraciət edərdilər. Təkcə yaşına görəmi? Əsla! Verdiyi məsləhətləri, qonşu piştaxtalara göz qoyması ona bu titulu qazandırmışdı. İnsafən hamı onun xətrini əziz saxlayar, yanında söyüş söyməzdilər.

Yaşlı kişi ünvana hamıdan tez gələr, öz işlərini yerbəyer edəndən sonra yanındakılara əl uzadardı. Kimsə onun iradəsindən kənar hərəkət etməzdi, edə bilməzdi. Yan-yörədəkilər də kitabları masaya eynən onun kimi düzərdilər. Əksi baş verməzdi. Kimsə qonşuların üzünə təbəssüm qondurmaq üçün bilərəkdən kitabları əyri-üyrü düzərdi, elə bu zaman çəlimsiz, daim üzü tüklü kişinin günəşdən qaralmış qollarından neft buruqları kimi yöndəmsiz çıxan damarları əsəbdən gərilər və o, çeçələ barmağıyla həmin adamı hədələyərdi. Ani bir gülüşmədən sonra vəziyyət əvvəlki formasına qayıdardı.

***

O, heç zaman piştaxtanın önündə durub satdığı kitabların adını ucadan sadalamaz, müştəri səsləməzdi. Qonşuların da iradı ona elə bu idi. “Ağsaqqal, sən də bizim kimi ucadan danış, alver elə”. O, oturduğu stuldan ayağa qalxmadan, başını bulayaraq yox deyərdi. Sözünü qüvvətləndirmək üçün “kitab almaq istəyən alacaq, qışqırmaqla iş düzəlmir. Oxumaq istəyənə məsləhət vermək ayıbdı”, — deyərdi. “Sən böyüksən məsləhət ver, ağsaqqal” deyənlərə isə “bu həyatda məsləhət verməkdən və duş altında idrar etməkdən asan bir iş yoxdu” cavabını verərdi.

***

Yoldan ötən qəzəbli, kinayəli, bir az da halına acımış baxışlardan heç zaman əsəbiləşməzdi. İncəbelli qızların, istidən təngnəfəs olan xalaların, laqqırtı vuran gənclərin, beli bükülmüş qocaların yanından ötüb kitablarına gözucu nəzər salmasından bəlkə də xoşhal olurdu.

O günə beş-altı kitab satardı. Düzü qonşular da ondan o qədər irəlidə deyildi. Kitab passajına yeni gələnlər də, köhnə satıcılar da ağsaqqalla ayaqlaşa bilmirdilər. Çünki yaşlı kişi oxumadığı heç bir kitabı satmazdı. Sevmədiyi əsərləri piştaxtaya düzməzdi. O, Heminqueyin Qocası qədər məğrur, təmkinli və peşəkar idi.

Daha çox yerli yazarlara üstünlük verən qoca gəncləri oxuyar, səhvlərini, tövsiyyələrini satmaq üçün ona verdikləri kitabın pulunu alanda deyərdi. Heç kim ondan inciməz, əksinə, dediyi irad və təklifləri ürəklərində gəzdirdikləri kitabçalara qeyd edərdilər.

***

O, hamıdan kitab passajına tez gəldiyi kimi hamıdan da gec gedərdi. Bəzən ərazidə süpürgəçi qarılardan və sahibsiz itlərdən başqa heç kim olmazdı. Amma o gün ərzində milyon insanın ötüb keçdiyi passajın daş döşəmələrinə kitabları tökər, səliqəylə sayaraq un kisələrinə yığar, sonra çuval şəklində masaların üzərinə düzüb iplə möhkəm bağlayardı.

***

İndi o kitab passajından əsər-əlamət yoxdu. Yeri, görkəmi tamam dəyişib. Daş döşəmələri bahalı mərmər, piştaxtaları isə balaca dükanlar əvəzləyib. Bir masanın yerində ətir, onun yanında oyuncaq, bir az aralıda isə telefon dükanı var. Səki bir az genişlənib, adamlar rahat gəlib-gedirlər, heç kim heç kimə mane olmur. Yaşlıların da, cavanların da gözündə sanki sevinirmişlər kimi işıq parıldayır, çöhrələri gülür.

Kitab passajındakı satıcıların hərəsi bir yerdə işləyir, kimisi fəhlədi, kimisi ərzaq dükanında gözətçi, kimisi də… Yalnız o qoca yenə kitab satır, elə kitab passajının yan-yörəsində, bir əlində köhnə, o birində təzə kitabları tutaraq kirimişçə gəzişir. Arabir piştaxtasının yerini tutmuş aviabilet satılan dükana bir vaxtlar onu süzərək ötüb keçən adamlar kimi gözucu baxır. «Kitab satılan yerləri məhv etməklə göyə qalxmaq olmaz, olsa-olsa yerin altına girmək mümkündü», — deyə qoca donquldana-donquldana ətrafda var-gəl edir, qeybə çəkilən müştərilərini gözləyir…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 265