Muəllif:

Beyin işi


                      Boz mayenizə göy qurşağının bütün rənglərini yerləşdirdik.

                      Dinləməyi daha çox sevən bir adamın yazısını oxyursunuz.

Mən insanın özünü yaratmasının tərəfdarıyam. İllərlə oxuduqlarımız, başımıza gələn və bizə dərs olacaq hadisələr bizi formalaşdıra bilmirsə, inanmıram ki, uğurlu ola bilərik. Bu fikirlə razılaşmayanlar olacaq. Onlar üçün deyil o zaman bu yazı…

Qarşımıza çıxan insanların pisi, yaxşısı olmur. Hamısı insandır və bizə nələrisə öyrətməyə, dərs vermək üçün gəlib düşürlər həyatımızın ortasına. Bəzilərinə şad oluruq, bəzilərinə peşiman. Amma hamısı əvəzolunmazdırlar.

İnsanlar həyatımızda arzularımızı gerçəkləşdirmək üçün peyda olurlar. Bəzən isə onlara mane olmaq üçün. Adətən ikinciləri sevmirik, pis sözlər deyirik ünvanlarına. Qismətsizliyə də bağlayırıq həyata keçməyən arzularımızı. Daha yaxşı zamanlara ümid edərək…

Fransua Markiz de Sad fransız filosofu, aristokrat, siyasətçi, yazıçısıdır. Əsərləri tam təfərrüatı ilə hər bir azərbaycanlıya tanış olmasa da, bizimkilər onun yazdıqlarını çox zaman kişi-qadın münasibətlərinin ifrata varmış halı kimi səciyyələndiyini düşünürlər. Bəli, o da var. Amma de Sad insanın mənən, ruhən azadlığının cəmiyyətlər tərəfindən qəbul edilməyən ən böyük təbliğatçılarından biridir. Əxlaqı, dini və əldəqayırma qanunları zəncir kimi görən filosofun düşüncəsinə görə, həyatın əsas dəyəri şəxsi məmnuniyyətin və arzuların həyata keçməsi olmalıdır.

Filosof belə fikirləşir ki, insanı arzuları ilə xəlq edən, bunun üçün instinkt bəxş edən təbiət bizimlə oyun oynayır. Oyununu pozmaq üçün din, mənəviyyat, əxlaq və qanunlardan imtina etmək lazımdır. Təbii ki, orta əsrlərin qatı dindar fransız cəmiyyəti  həm bu fikirlərinə, həm də əxlaqsızlığa rəvac verdiyinə görə de Sadı dəfələrlə həbs etmiş, ruhi xəstəxanalara atmışdır.

Bəzən həqiqətən də arzuların gerçəkləşməsində insanın qarşısına çıxan oyunlar, təhlükələr, olmazlar, alınmazlar, mümkünsüzlər, maneələr de Sadı haqlı edir. Gülümsəyirəm.

Çünki insan öz arzularını dilə gətirməkdə bir dəli qədər səmimi və rahat deyil. Çünki cəmiyyətdəki qondarma qadağalar, mənəviyyat tələbi adıyla işlənən günahlar və gözdən səhnə pərdəsi asmaq xatirinə həyata keçirilən əxlaqsızlıqlar bizim cəmiyyətin adi, gündəlik yaşam tərzidir. Bunu yazmaq çox ağrılıdır, amma bu belədir. De Sadın cılpaq fikirləri və arzuları bu yerdə o qədər də vəhşətli görünmür. Adam səmimidir çünki…  yazısında, ağlında nədirsə odur, üstəgəl həyatı boyunca da düşündüklərini yaşayıb. Səmimiyyətinə “5” düşür.

Təbii ki, filosofların düşüncələrinə qandal vurula bilməz. Nəzəriyyəsi nə olursa, olsun. Amma o var ki,  sonunda insan oğlu öz arzularını gerçəkləşdirmək üçün əlindən gələni əsirgəməyənlərə və sadəcə ümidini Allaha bağlayanlara bölünür.

Amma nə deyirsiniz deyin, məgər insanlar öz arzularının qulu deyillərmi?

“Heç vaxt heç nə istəməyin. Ən çox da güclü insanlardan. Özləri təklif edəcəklər və özləri verəcəklər”.

Volandın dediyi bu sözlər arzuların gercəkləşməsi üçün bir fənd sayila bilər.

Arzuları gerçəkləşdirmək imtiyazında olan insanlara sizin istəkləriniz vacib deyil. Onları qinamayın. İnsanlar ta yüksəyə illərlə çıxırlar. Böyükdürlər, amma həm də yorğun… O səbəbdəndir ki, arzularını gerçəkləşdirmək istədikləri adamları özləri seçməyin tərəfdarıdırlar.

İndi bir də bu məsəl var ki, aglamayan uşağa süd vermirlər. Bizim tez-tez işlətdiyimiz bu atalar sözü, bəlkə o qədər səslənib ki, artıq ciddiliyinə məhəl qoyan yoxdur. Istəməlisən ki, versinlər məsəli, zənnimcə, bizə daha yaxındır, daha doğmadır. Çünki biz dilimizlə kimlərdənsə istəmədiklərimizin, sadəcə ürəyimizdə arzuladıqlarımızın reallaşmasına az təsadüf etmişik. Bizə bu atalar sözü ilə arzularımızı dilənməyi aşılayıblar. Və mən bu düşüncəyə müxalifəm.

Ruh halımın kimə isə nə isə demək və sübut etmək istəmədiyi dönəmindəyəm. Pessimizmin dəbə çevrildiyi, intiharların sayının artdığı bir məqamda bu yazı və digər yazılar sizə, cəmiyyətə nə verə bilər deyə düşünürəm. Açığı yazının bu yerində bir neçə gün fasilə verdim, çünki dalana dirəndiyimi fərq etdim. Nə desəm fayda verər ki?… Nə yazsam insan qırıldığının və üzüaşağı yuvarlanacağının bir addımlığında dayanıb bir daha arzularını xatırlayar ki?

Bu arada yuxumu xatırladım. Mən bu haqda heç vaxt, heç yerdə, heç kimə danışmamışam.

Hüqonun “Paris Notr Damm kilsəsi” əsərini hələ orta məktəb illərində oxumuşdum. 30-cu illərin nəşri idi. Latın əlifbasında. Babamın kitabxanasının gözü idi. Əsəri oxumağa başlayan kimi məni sehrə saldı. Yazıçı bu qədim kilsənin divarında, qaranlıq küncdə çizilmış bir sözə rast gəlir. Qədim yunancadan tərcümədə “bədbəxt tale” anlamını verən bu yazı bütün əsər boyu ağlımdan çıxmamışdı. Çünki yazını öz gözlərimlə görmək və ona toxunmaq istəmişdim. Mənə sehrli gəldiyi üçün, sanki böyük bir sirrin üstünü açacağam kimi toxunmaq istəmişdim o yazıya. Günlər keçirdi və o illərdə mənim təbii ki, Parisə getmək şansım yox idi. Uzaq 80-lər idi.

Və… nəhayət bir gecə yuxumda Notr Dammı gördüm. Bütün möhtəşəmliyi ilə. İçində gəzirəm və o yazını axtarıram. Arxadan bir nəfər mənə sola dönməyimi deyir. Ona qulaq asmıram və öz yolumu gedirəm. Budur, əlimlə qoyduğum kimi yazını tapmışam. İçimdən bir səs ona toxunmamağı deyir. Toxunmuram. Ayılanda səhərə yaxın idi. Köhnə məhəlləmizdəki agaclar küləyin əlindən girinc olmuşdular. Qulağıma vıyıltıları gəldikcə içim əsirdi, amma inanılmaz xoşbəxt idim. Bilirdim ki, bu yuxu əslində yuxu deyildi. Mən həmin yerə gedib qayıtmışdım. O yazı-filan olmasa belə onu beynimdə var edib gözümlə görmüşdüm.

Arzuların gerçəkləşməsi üçün hansı səviyyənin lazım olmasını mən illər sonra anladım. Hər şey insanın beynində başlayır. Bütün qalibiyyətlər, məğlubiyyətlər, sevgi və ümidsizliklər.

Mən insan beynində qurulan və yaranan bütün ideyaların, fantastik görünən hər bir fikrin zamanla reallaşacağına inanıram. Öncə söz olub çünki. Öncə fikir olub, suallar olub. Sonra tədqiqatlar, kəşflər və bəşəriyyəti heyran edən ixtira və yeniliklər.

Öncə söz olub. Öncə fikir olub. Bu, yaşamaq, yaratmaq, arzularını gerçəkləşdirmək istəyən, cəmiyyətə, çevrəsinə xeyirli olmağa can atan insan üçün ən pozitiv, ən ümdə fikirdir. Bu iki cümlə yetərlidir ki, insan peşiman olduğunu unudub, “bir daha” desin və arzularından bərk yapışsın.

Notr Damm kilsəsinin dərin küncündəki yazını yazıçı təxəyyülü olsa belə yuxuda ikən görüb gələn adamın başqa daha hansı arzuları həyata keçib deyə maraqlansanız, cavabım əminəm ki, inandırıcı olar.  Beynimdə qurub düzəldə bildiyim bütün arzularım. Çünki qurub düzəldə bilmədiklərim hələ də var.

Etdiyimiz səhvlər, ümidsizliklər, yenidən başlamalar, guya ki, üzücü gələn ayrılıqlar incitməz. Boz mayenizi buna kökləməsəniz.

İlk dəfədən alınmaya bilər, amma siz məğlub olmayın.

Yaxşımı?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 386