Muəllif:

Bazar lövhələri

Görünür ki, həmvətənlərimizin əksəriyyətini Azərbaycanda baş verənlərdən daha çox dünyada baş verən proseslər maraqlandırır, hətta cəlb edir. Söhbət politoloq, jurnalist, məmur, uzun sözün qısası, “dünyanın yükünü çəkməyə hazır olanlardan”, bir az da poetik ifadə etsək, “cəmiyyətin balından, qaymağından” getmir. Orta statistik həmvətənlərimizin maraq dairəsi ilə bağlı bir bazar günü ərzində gördüyüm və müşahidə etdiklərimini paylaşmaq istəyirəm. Yazının sərlövhəsinin “Evləri köndələn yar” tamaşasındakı “bazarkom Nadir” obrazı ilə əlaqəsi yoxdur.

Türkiyədə, Rusiyada, Ukraynada, ABŞ-da bütün dünyada gedən proseslər hər yerdə müzakirə olunur, sosial şəbəkələrdən tutmuş avtobus dayanacaqlarınadək, tıxaclarda, hətta…

Evdən çıxıb liftə mindim. Lift bir qədər aşağı endikdən sonra orta mərtəbələrin birində dayandı. İki nəfər daxil oldu. “Gördün də, Sobçak deyib ki, Rusiyanın prezidenti özüm olacam.” O biri həmsöhbətin sualı söhbətin məcrasını dəyişdi:

“Hansı Sobçak, lüt şəkilləri olan?” Lift açıldı, hamımız çıxdıq…

Alış-veriş üçün super marketlərdən birinə daxil oldum. Üç nəfər satıcı hərəsi bir piştaxtaya söykənib söhbət edirdi. Mən də məhsullara baxa-baxa onları dinləyirdim. Türkiyədəki siyasi prosesləri müzakirə edirdilər. Əslində, Türkiyəni deyil, onun prezidenti Ərdoğanı.

“Mənə ləzzət eliyiree, harasa gedəndə kimsə evinə çağırır, o da “otkaz” eləmir, sadə adamlarla yerdə oturur çay içir.”

Kassaya yaxınlaşdım ki, seçdiyim məhsulların pulunu ödəyim, orada da başqa mənzərə ilə qarşılaşdım. Deməli, kassaya pulu ödədikdən sonra aldığım ərzaqları paketləyirdim ki, bir kassir əlində mobil telefon öz həmkarının yanına gəldi və ona Mixeil Saakaşvilinin Kiyevdə evin damına çıxaraq qışqırdığını göstərdi. Maraq mənə güc gəldi, 2-3 dəqiqə artıq dayandım. Kassirlər arasında Mişa haqqında “şıdırığı” müzakirə gedirdi.

“Zarafat deyile, o boyda rüşvətin kökünü kəsdi, yol polisini, “texosmotoru” (maşınların texniki baxışdan keçməsini-S.K) ləğv elədi.”

Super Marketdən çıxıb avtomobilə əyləşdim, yanacaq bitmək üzrəydi və mən yanacaqdoldurma məntəqəsinə daxil oldum. Operatora (…) litr yanacaq sifariş verdim və birdən o biri operator qaça-qaça iş yoldaşının yanına gəldi. O da əlindəki telefonu həmkarına göstərdi, “sən mənim canım, bunun imzasına bax, elə bil ilan-qurbağadır. Prezident də belə qol çəkər?” Sonra məlum oldu ki, ABŞ prezidenti Trampdan gedir söhbət. Doğrusu, onun imzası elə özü kimi birtəhərdir.

Yanacaqdoldurma məntəqəsindən çıxıb yola düzəldim. Tixac vardı. DYP əməkdaşlarından bir nəfər yolu bağlamışdı, ancaq qarşı yoldakı maşınları buraxırdı ki, tixacın qarşısını ala bilsin. İki yol polisi əməkdaşı söhbət edirdi, mən də tam təsadüf onların yanında saxlamışdım maşını. Müzakirə mövzuları İraqda keçirilən hərbi parad idi.

“İraq prezidenti (əslində baş naziri-S.K) deyib ki, ölkəsindəki bütün İŞİD-çiləri qırıblar.”

Gəlib çatdım məhəlləmizə. Balaca uşaqlar futbolu müzakirə edirdilər-Ronaldo, Messi, Beşiktaş….axır ki, bir nəfər nəhayət ki, həmin gün Azərbaycandan olduğumu mənə xatırlatdı.

“Kaş, Qarabağ da qrupdan çıxaydı..”

Yenə liftə mindim. Bu dəfə qonşulardan biri də içəri daxil oldu. Hal-əhvaldan sonra, “dünyanı görürsən də, dağılır, nə olacaq bunun axırı” sualını ünvanladı. Hazırlaşırdım ki, cavab verim…. qapılar açıldı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 195