Muəllif:

ALLAH DA VAR, O DA FIRLANIR

Və ya “xoşbəxtlik” sözünün qafiyəsinin axtarışları haqqında

Keçən ayın ortalarında dostlarımdan biri ilə WatsApp-la danışırdım. Yalan deyil. Düz sözümdür. Sadəcə olaraq, dostum Bakıda deyil, Pekində idi. Birdən yadımıza düşdü ki, dostum Bakıda olsaydı, danışa bilməyəcəkdik. Təsəvvür  edin ki, totalitar kommunist rejiminin hökm sürdüyü Çinin paytaxtı Pekindəki dostumla WatsApp-la danışa bilirəm, amma Konstitusiyasına görə demokratik  respublika və Avropa Şurasının üzvü olan Azərbaycanımızın paytaxtı Bakıdakı qohumlarımla yox. Bir sözlə belə çıxır ki,  totalitar Çin “demokratik” Azərbaycandan dünyaya daha açıqdır.

Çin demişkən. Bir qədər əvvəl elə həmin Pekində “İpək yolu” ilə bağlı sammit keçirildi. Həmin sammitdə  iştirak edən iki tanınmış “sabiq” arasında çox maraqlı bir söhbətin şahidi olduq. Bu söhbətin iştirakçılarından biri keçmiş dissident, “Praqa baharının” iştirakçısı Miloş Zeman, digəri isə artıq mövcud olmayan SSRİ DTK-nın sabiq podpolkovniki Vladimir Putin idi. Hazırki statusları eynidir: hər ikisi prezidentdir. Biri Avropa Birliyinin üzvü olan Çexiyanın, digəri isə Rusiyanın prezidentidir. Əslində, bu son məqamdan  başqa heç bir ortaq dəyərləri olmamalı idi. Amma vardı. Demə, hər ikisi jurnalistlərin əlindən zəncir çeynəyirmiş. Bu iki şəxsin arasındakı dialoqu yada salmağa dəyər. Zeman:”Nə çox jurnalist toplaşıb. Hamısının kökünü kəsmək lazımdır”. Putin:“Köklərini kəsməyə ehtiyac yoxdur. Amma ixtisar aparmaq  olar”.

Bəziləri düşünə bilərlər ki, Putin özünün siyasi simasını bir qədər insaniləşdirmək zərurəti üzündən bu dialoqda jurnalistlərə qarşı Zemandan fərqli olaraq daha dözümlü münasibət nümayiş etdirir. Elə deyil!  Özünüzü aldatmayın, xanimlar və cənablar! Putin Zemandan fərqli olaraq çox gözəl başa düşür ki,  heç bir hakimiyyət, xüsusilə də avtoritar və totalitar hakimiyyətlər mətbuatsız, yəni, “kollektiv təbliğatçısız və təşviqatçısız” keçinə bilməz. Avtoritar və totalitar iqtidarlara mədhiyə deyənlər həmişə lazım olub. Onlarsız keçinmək mümkün deyil. Putinə görə, mətbuatın kökünü kəsmək deyil, onu necə deyərlər, ələkdən keçirmək, safı çürükdən ayırmaq  lazımdır. Safları, yəni mədhiyə deyənləri, hətta “sağlam ruhlu” təlxəkləri belə saxlamaq olar.  “Sağlam ruhlu”, yəni kimi lağa qoymağı icazə verildiyini bilən təlxəklər söz azadlığının mövcudluğu görüntüsü yaradırlar.  Qalanları isə ixtisara salınmalıdırlar.

Bax bu sahədə  demək olar ki, bütün postsovet məkanı dövlətlərində çox böyük təcrübə toplanılıb. Azərbaycan da  istisna deyil. Amma təəssüf ki, yeganə dövlət də deyil. Yeganə olsaydıq, ən azından abrımıza qısınıb əyər-əskiyimizi gizlətməyə çalışardıq. İndi isə utanmırıq. Nədən utanaq?! Qoy, Avroatlantik məkana inteqrasiya olunmaq istəyənlər, yəni, Ukrayna ilə Gürcüstan utansın.

Ona görə də, heç kimə, ilk növbədə, Azərbaycan cəmiyyətinə heç bir hesabat  vermədən, populyar messencerləri istədiyimizdə qapadırıq, müxalif saytları bloklayırıq, qonşu dövlətin ərazisindən müxalifətçiləri oğurlayıb Azərbaycana gətiririk. Söhbət yalnız son ayda baş vermiş hadisələrdən gedir. Heç nə vecimizə deyil. Elə bil ki, Azərbaycanı müasir dünyadan “Çin səddi” ilə ayırmaq istəyirik. Unuduruq ki, “Çin səddi” belə Çin kimi böyük imperiyanı xarici təcavüzdən qoruya bilmədi. Qloballaşma və müasir  texnologiyalar isə ümumiyyətlə sərhəd tanımır. Yəni müasir dövrdə izolyasionizm siyasəti iflasa məhkumdur. Özü də söhbət  yalnız  Azərbaycan kimi “suveren demokratiya” adı altında siyasi modernləşmə prosesindən can qurtarmaq istəyən dövlətlərdən getmir.  Biz “vəhşilərin” təsirindən özünü qorumaq üçün həm fiziki, həm də hüquqi və mənəvi səviyyədə “Çin səddi” inşa etməyə çalışan Tramp başda olmaqla bütün Qərb populist-izolyasionistləri də bu səylərin resursların (maliyyə, əmək, vaxt) itkisindən savayı heç bir nəticəsi olmayacağını başa düşməlidirlər. Bu cür cəhdlər həm onlar, həm də bizim  üçün “sizif əməyindən” başqa bir şey deyil.

Bu və ya digər dərəcədə populyar olan müxalif saytları blokladıq. Çox gözəl, çox pakizə. Nəticəsi nə oldu?! Müasir internet  texnologiyalarından az-çox başı çıxanlar deyəcəklər ki, heç bir nəticəsi olmadı. “Azərbaycan saatı”na, “Meydan TV”-yə tamaşa etmək, Azadlıq radiosunu eşitmək, “Azadlıq” qəzetini oxumaq istəyənlər üçün  bu “düşmən” mətbuat orqanlarını gündəlik, interaktiv rejimdə izləmək problem deyil.  İctimai fikrə “düşmən” saytların “zərərli” təsirinin qarşısını heç olmasa müvəqqəti almaq üçün Azərbaycanda interneti qadağan etmək lazım idi. Xoşbəxtlikdən Azərbaycanda “demokratiyanın təntənəsi” hələlik o dərəcədə yüksək səviyyədə deyil. Yəni onu demək istəyirəm ki, bütün istəyənlər bu mətbuat orqanlarına tamaşa edir, onları oxuyur, eşidirlər. Allah müvafiq proksi proqramları icad edənlərin canını sağ eləsin.

Amma yanılırsınız. Nəticə oldu. Mən iddia edirəm ki, bu addımın təşəbbüskarları beynəlxalq aləmdə Azərbaycanın adını bədnam etmək istəyən, bəlkə də ermənilər tərəfindən satın alınmış  şər qüvvələrdir. Birincisi, indiyə qədər  hər yerdə bəyan edirdik ki, “Azərbaycanda internet tam azaddır”. İndi isə bu sözləri dilimizə gətirən kimi ağzımızdan vuracaqlar. Haqlı da olacaqlar. Heç olmasa istədiklərinə nail olsaydılar, deyərdim ki, dərd yarıdı. Amma heç nəyə nail olmadan, Azərbaycanın adını bütün dünyada bədnam etdilər. Bundan böyük düşmənçilik olar?!

İkincisi, “Azadlıq”  radiosu ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Əminəm ki, bundan sonra da maliyyələşdiriləcək. Azərbaycan məhkəməsi isə “Azadlıq” radiosunu ekstremizmdə, Azərbaycanda ictimai asayişi pozmaq cəhdində ittiham etdi.  Bu ABŞ Konqresini, onun simasında isə Amerika Birləşmiş Ştatlarını bir dövlət kimi suçlamağa bərabərdir. Bu bizim nəyimizə lazımdır? Bu günün sabahı da var, axı!!! Sabahımızı nə üçün düşünmürük!!! Bundan da böyük düşmənçilik olar?!

Üçüncüsü,  bu işdə Azərbaycan məhkəməsi tam hüquqi nihilizm nümayiş etdirdi. Hüquqi baxımdan məhkəmənin “Turan TV”, “Meydan TV” və “Azadlıq” radiosunun saytlarının bloklanması haqqındakı qərarlarını başa düşmək olar. Bu mətbuat orqanları Azərbaycan məhkəmələrinin birbaşa hüquqi təsir coğrafiyasından kənardadırlar. Amma “Azadlıq” qəzetinin saytı haqqında bunu demək olmaz. Bu mətbuat orqanı istənilən vaxt çap variantında çıxa bilər. Bəs onda necə olacaq? Nədən özümüzü lağ obyektinə çeviririk?! Bundan da böyük düşmənçilik olar?!!!

İndi keçək Əfqan Muxtarlının işinə. Gürcüstan hökuməti tutduğu işdən utanır. Necə də utanmasın?! Axı, bir ay deyil ki, Avropa Birliyi “demokratiyanın təntənəsi”  sahəsində əldə etdiyi uğurlara görə Gürcüstanla vizasız rejimə keçib. İndi isə Gürcüstanda sığınacaq tapmış Azərbaycanın müxalifət nümayəndəsini Tiflisin göbəyində oğurlayıb Bakıya aparırlar. Gürcüstan hökuməti çox utanır. Əvvəlcə, Muxtarlının qaçırıldığını inkar etmək istədilər.  Alınmadı. İndi Əfqanın ailəsinə Gürcüstan vətəndaşlığı, dövlət mühafizəsi təklif edirlər.  Utanırlar. Nə etsinlər?! Başlarına haranın külünü töksünlər?! O bizik, heç nə vecimizə deyil. Onların isə Avropa Birliyi ilə vizasız rejimləri var. NATO üzvü olmaq istəyirlər. NATO isə  yalnız üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi üçün yaradılmış hərbi blok deyil. NATO həm də vahid dəyərlər ətrafında birləşmiş dövlətlərin təhlükəsizliyini təmin etmək üçün yaradılmış hərbi-siyasi birlikdir.

Vallah, gürcülərə yazığım gəlir. “Muxtarlının qaçırılması” əməliyyatında gürcü elitasına daxil şəxslərdən kimsə çox yaxşı qazanıb. Ümumiyyətlə gürcülər bizim hesabımıza qazanmağı çox xoşlayırlar. İmkan varsa, kim heç bir zəhmət çəkmədən qazanmaqdan imtina edər?! Amma indi cəsasını bütün Gürcüstan çəkir. Özüdə ki bilmirlər nə desinlər. Necə desinlər ki, “Muxtarlının qaçırılması” əməliyyatından bizim  xəbərimiz yoxdur. Birincisi, onda evlərində özgələrinin  “xozeynlik” etdiyini  etiraf etmiş olarlar. Buna onların gürcü qüruru imkan verməz. İkincisi, belə bir bəyanat Azərbaycanla qarşılıqlı münasibətlərdə  heç olmasa görüntü xatirinə diplomatik qalmaqal durumu yaratmaq zərurəti yaradır. Ən azından Muxtarlının geri qaytarılması tələbini səsləndirmək lazım gələcək.

Necə desinlər ki, hər şeydən xəbərimiz vardı, özümüz öz əlimizlə Muxtarlını Azərbaycana təhvil vermişik. Deyə bilmirlər. Cənubi Qafqazda “demokratiyanın çırağını” söndürməyə əlləri galxmır. Ən azından soruşan tapılacaq ki, nədən Muxtarlının ekstradisiyası ilə bağlı qanunvericiliyə uyğun müvafiq hüquqi prosedurlar həyata keçirilməyib. Bu suala Gürcüstan rəsmiləri ağlabatan cavab tapa bilməyəcəklər. Bir sözlə, qalıblar odla su arasında. Ən azından ona görə ki, Gürcüstanın qazı Azərbaycandan çıxır…

Amma mən iddia edirəm ki, “Muxtarlının qaçırılması” əməliyyatı da düşmən təxribatıdır.  Bəzi dövlətlərin, məsələn, İsrailin və ABŞ-ın xüsusi  xidmət orqanları digər dövlətlərin ərazilərində belə əməliyyatlar həyata keçirirlər. Lakin bu halda söhbət hərbi cinayətkarlardan, terroristlərdən gedir.  Son dövrlərdə isə xakerləri də bu siyahıya əlavə etmək olar. Muxtarlı isə nə ondandır, nə  bundan. Bu dərəcədə xırdaçılıq olar?! Əgər Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanı oğurlayıb Xocalı qətlyamındakı iştirakı ilə bağlı üzərində məhkəmə  qurmaq üçün Bakıya gətirsəydilər, ağız dolusu əhsən deyərdim.

Mən heç özümü bu boyda hay-küyə layiq saymıram. O ki qaldı Əfqan Muxtarlını.

Vallah, Billah, düşmən əməlidir. Bir o qalmışdı ki, bizi insan oğurluğunda ittiham eləsinlər. Özü də heç bir lüzum olmayan bir yerdə. Bundan böyük düşmənçilik olar?!

Gözəl Bayramlının həbsinə gəldikdə isə, bu artıq yalnız siyasi deyil, həm  də iqtisadi təxribatdır.  Deyirlər ki, son iki ildə 40 dəfədən artıq Gürcüstana səfər edib. Və hər dəfə oradan, necə deyərlər,  əli dolu gəlib. 10 min dollar az deyil, hər halda, öz zəhmətilə qazanan insanlar üçün. Hesab edək ki, istintaq orqanları  versiyası həqiqətdir. Yəni, Gözəl xanım Gürcüstana hər səfərindən Azərbaycana orta hesabla 10 min dollar gətirib. İki ilə 440 min dollar edir. Deməli, iki il ərzində Azərbaycan iqtisadiyyatına 440 min dollar həcmində investisiya qoyulub. Axı,  bu pullar bütün hallarda  xaricdən gətirilib ölkə daxilində xərclənib. Əgər bütün bunlar həqiqətdirsə, Gözəl Bayramlıya heykəl qoymaq lazımdır. Hamı oğurlayıb xaricə aparır. Yalnız Beynəlxalq Bankdan, deyilənə görə, 10 milyard dollara yaxın vəsait oğurlanıb. İzini-tozunu belə tapa bilmirik. Əminliklə onu deyə bilərəm ki, G.Bayramlının həmin milyardların taleyindən heç bir xəbəri yoxdur. Onun günahı Azərbaycana 440 min dollar həcmində xarici yatırım gətirməsindədir. İstintaqın versiyasına görə…

Anlayıram ki, iqtidar müxalıfətin gözünün odunu almaq, ölkə daxilində gedən ağrılı proseslərə xaricdən təsir imkanlarını minimuma endirmək istəyir. Postsovet məkanındakı bütün siyasi elitalar bu istəklə  yaşayırlar. “Demokratik” Gürcüstanla Ukrayna belə istisna deyil. Hamımız əkizlər kimi bir-birimizə oxşayırıq. Bu yaxınlarda Ukrayna populyar Rusiya internet saytlarını qapatdı. Özü onlarla müxalif KİV-i qapadan Rusiya iqtidarı Ukraynanı söz azadlığını boğmaqda ittiham etdi. Rusiyada isə bir bloqger Allahın, İsa peyğəmbərin və Məhəmməd peyğəmbərin  mövcudluğunu inkar etdiyinə görə mühakimə edildi.

Qalileo Qaliley yadıma düşdü. 1633-cü ildə Qaliley Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilir. Məhkəmədə alim əsərlərinin yandırılması və tutduğu yoldan əl çəkmədikdə ölüm cəzası ilə hədələnərək «tövbə etməyə» məcbur edilmişdi. Lakin belə rəvayət var ki, Qaliley məhkəmə qurtardıqdan sonra «onsuz da o, fırlanır» demişdir. O, yerin fırlanmasını nəzərdə tuturdu. Orta əsrlərə xas totalitar təfəkkür və davranış tərzindən xilas olmamışıq.  30 il əvvəl Allaha inananları təqib edirdik, indi isə Allahsızları. Əslində, bizlər, nə Allah qullarıyıq, nə də inanclı ateist.

Allahın sadiq qulu olsaydıq, onun dediyinə əməl edər, bu qədər haqsızlığa yol verməzdik. Ən azından, Allahın məhşər günündəki divanından qorxardıq. Əgər inanclı ateist olsaydıq, bilərdik ki,  hər şeyin, hər kəsin əvvəli olduğu kimi sonu da var. Və bu son qaçılmazdır.

Birdən, mərhum Vaqif Səmədoğlunun “Bəxt üzüyü” əsərindəki “xalqın şairi” Moşu Göyəzənli yadıma düşdü. Bütün əsər boyu “xalqın şairi”  “xoşbəxtlik” sözünün qafiyəsini axtarır, amma tapa bilmir. Gerçəkliyin komik olduğu qədər, dəhşətli bir tablosu yaradılır. Axı əsərdə hadisələr hamıya və hər kəsə xoşbəxt gələcək, yəni cənnət vəd edən bir dövlətdə cərəyan edir. Sən demə, həmin dövlətdə nə toplum, nə də ayrıca götürülmüş fərd xoşbəxt ola bilərmiş.  Divar hörməklə deyil. Bununla insanları xoşbəxtliyin qafiyəsini axtarmaqdan imtinaya məcbur etmək olmaz.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (9 оценок, среднее: 9,56 из 10)
Oxunma sayı: 1365