Muəllif:

2020-ci il qorxusu…

2018-ci ilə sayılı günlər qalıb. Hamı bayram əhval-ruhiyyəsində olsa da, günlər keçdikcə mənim canımı qara qorxular alır. Çünki 2018-ci il həm də bizi 2020-ci ilə yaxınlaşdırır. Yəqin indi qorxumun səbəbini anladınız.

Baş nazirin müavini Əli Həsənov deyib ki, 2020-ci ildə Azərbaycanda bir nəfər də yoxsul qalmayacaq.

Bilmirəm nə dərəcədə doğru müqayisədir, amma bu bəyanat prezident İlham Əliyevin prezidentliyinin ilk çağlarında verdiyi “Azərbaycanda bir nəfər də müxalifətçi qalmayacaq” bəyanatını xatırlatdı.

Bu bəyanatdan sonra biz müxalifətin hansı vəziyyətə salındığını gördük. Müxalifətin imkanları tükəndirildi. Müxalifət partiyalarının sıradan çıxarılması üçün siyasət aparılmağa başladı. Müxalifətçilər işdən çıxarıldı. Ələ alınanlar ələ alındı. Satılanlar satıldı. Partiyaların bəzilərinin qərargahları əlindən alındı. Bəzilərinin qərargahına “bomba” qoyuldu. Və bu günkü gün. Hələ də müxalifətçilərin üzərinə basqılar davam etməkdədir. Yəqin son müxalifətçi bitənə qədər bu siyasət davam edəcək.

İndi də baş nazirin müavini deyir ki, bir nəfər yoxsul qalmayacaq. Onsuz da günü keçirəndə sevinirik. İndi qalır ölüb bitməyimizi gözləmək. Yəni o, demək istəyir ki, 2020-ci ilə qədər bütün yoxsullar qırılacaq, sıradan çıxacaq.
Əslində prezident də, digər dövlət rəsmiləri də çıxışlarında tez-tez vurğulayırlar ki, Azərbaycanda yoxsulluq səviyyəsi filan qədər azalıb. Bilmirəm siz bunu hiss edirsiz, ya yox? Mən hələ öz ətrafımda bunları hiss edə bilmirəm. Hər şeyi qara görməyim deyə özümə rəngli eynək də almışam. Amma görə bilmirəm ki, görə bilmirəm.
Hətta insanların rifah halını prioritet hesab edən Avropa ölkələrində belə bu vaxta qədər əhalinin həyat səviyyəsinə görə yoxsulluğu yox etmək mümkün olmayıb. Əksinə, həmin ölkələrdə belə hələ də əhalinin hər 4 nəfərindən biri yoxsulluq riski altında yaşayır. İnanmırsızsa, Avropa Statistika orqanının məlumatlarını incələyə bilərsiz.

Yeri gəlmişkən, Azərbaycan orta aylıq əmək haqqının məbləğinə görə regionda sonuncu, Avropada isə axırdan üçüncü yerdədir.

Bu da mənim gördüyüm faktlar.

Bu arada hökumət deyəsən baş nazirin müavininin bu bəyanatını reallaşdırmaq məqsədi ilə böyük proqram həyata keçirməyə başlayıb.

Elə baş nazirin müavininin həmin bəyanatı səsləndirdiyi gün xəbərlərdə birbaşa bu xəbərə aid manşetlər də gözə dəyirdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı həmin gün bildirmişdi ki, aztəminatlı ailələrin dəfn xərclərinin ödənilməsinə yardım ediləcək. Yəni yoxsullar daha ölməyi dərd etməsinlər. Hökumət özü dəfn edəcək.
Başqa bir xəbərsə o idi ki, gələn ildən Azərbaycanda mollalar əmək haqqı alacaq. Görünür hökumətimiz hesablayıb ki, bu proqramı həyata keçirəcəyi təqdirdə mollaların işi çoxalacaq. Ona görə onları ayaqda saxlamaq lazımdır.
Amma yaxşı xəbərlər də var. Minimum əmək haqqı 14 manat artırılıb.

Əhalinin “yoxsul təbəqəsini təmsil edən” Milli Məclisin deputatlarının maaşı isə 800 manat qaldırılıb.
Belə.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 259