Muəllif:

Sevimli cinim A Bao A Ku

2_teamİstanbulun Beyazıt səmtindəki Sahaflar (bukinist) çarşısındakı dükanlardan birində görmüşdüm ilk dəfə o kitabı. Oturub o tilsimli kitabı saatlarca vərəqlədiyimi xatırlayıram. Kitab qış gecələri eşitdiyim nağıl qəhrəmanları ilə dolub-daşırdı. Hər mətnin, hər hekayənin yanında gözqamaşdırıcı illyustrasiyalar yer almışdı.

Əlimdəki kitab Borxesin “Uydurulmuş Məxluqlar kitabı”  idi. Cinlər, əcinnələr, xəyalət və qulyabanilər məni səhifələrdən başqa dünyalara sürükləmişdilər.

Xorxe Luis BorxesMariya Herrero kitabı 1954-də yazıblar. Nağıl və motivlərin çoxu dünya xalqlarının folklor, mif və ədəbiyyatından götürülüb. Kitabda bildiyimiz əjdaha, təkbuynuzlu kəl, damdabaca ilə bərabər mifik heyvanlar, İncildəki kərgədan, mürəkkəb yeyən meymun, Kafka, Kiplinq kimi yazarların uydurduqları məxluqlar da var.

Borxes məxluqları toplayıb sistemləşdirməklə gələcək nəsillərə əyləncəli bir dünya buraxıb. Kitabı oxuyandan sonra “başqa dünyaların” olmasına inanmağa başlayırsan. Borxesin qüdrətinin təntənəsidir bu…

* * *

Sizə kitabdakı ən sevdiyim hekayədən danışacam – A Bao A Ku-dan. Bu xəyali canlı bir cindir və əsirlərdir Çittorda, Hindistanın Racastxan əyalətindəki “Zəfər Qülləsi”nin burma pilləkənlərinin  altında yaşayır.

chittorgarh-fort-5

Yarışəffafdır A Bao A Ku, maviyə çalan işıq saçır, şaftalı qabığına bənzəyən dərisi var. İnsan yaxınlaşanda onun içindəki sehrli həyat oyanır. Əvvəlcə bədəni işıq saçmağa başlayır, sonra da bütün vücudu hərəkət etmək üçün canlanır. A Bao A Ku Qülləyə gələn nadir ziyarətçilərdən birinin arxasınca düşür. Hər pilləkəni çıxdıqca şüuru açılmağa, rəngi seçilməyə başlayır, forması dəqiq kontur alır, saçdığı işıq parlaqlaşır.

İzində getdiyi insan ən üst mərtəbəyə — Qüllənin balkonuna çatanda o yetkinləşəcək. Əgər adam zirvəyə çıxa bilməsə, A Bao A Ku iflic olmuş kimi yarıyolda dayanır, bədəni tam formalaşmır, rəngi solur və saçdığı işıq səyirərək sönür. Mükəmməlliyə can atan cin hədəfinə çatmayanda ipək xışıltısına bənzəyən bir səslə inildəyir.

baoku Adamın geri qayıtması ilə cin də yuvarlanaraq ən altdakı pilləkənə enir, həyat hənirtisi və nə vaxtsa gələcək yeni ziyarətçinin yolunu gözləməyə başlayır. Buralara çox az ziyarətçinın yolu düşər.

A Bao A Kunun  zirvəyə cəmi bir dəfə çıxdığı söylənilir…

* * *

Dahi mistifikator Borxes əfsanənin S.S. İturvuru adlı birinin “Malay sehrbazlığı” adlı traktatından aldığını söyləyir. Lakin, əfsanə və traktat, elə İturvurunun özü də Borxesin əngin xəyalının məhsuludur.

Hərçənd ki, Çittor yaxınlığındakı kəndlərin yaşlı sakinləri Abanq Aki haqda əfsanə danışırlar. O əfsanədə zamanı başqa bir zaman diliminə bağlayan burma nərdivandan bəhs olunur. Tanrılar bu nərdivandan fəzada hərəkət etmək, cilddən-cildə girmək və reinkarnasiya üçün istifadə edirlərmiş.

* * *

Başlanğıcı olan hər şeyin sonu var. İnsan da elədir, doğulur və ölür. Fani olan insan dünyaya nə verdi və özü ilə nə aparacaq?

Borxesin bu qısa, amma ölçüyə gəlməyən dərinliyindəki hekayəsində “Zəfər Qülləsi” — bizim həyatımız, Burma pilləkənlər – ömür yolumuz, hər pillə isə inkişaf mərhələsidir. Yuxarı çıxdıqca A Bao A Kunun rəngi get-gedə şəffaflaşır. Şəxsiyyəti formalaşdıqca insan özündən daha əmin və güclü olur. Üst mərtəbələrə çıxa bilməyənin inkişafı dayanır, o, quruyub iflic olur. A Bao A Kunun iniltisi – vicdanının səsidir, sanki özünə sual edir – “Mən bu dünyaya niyə gəldim?”.

İnsanoğlu nəyə can atır? Nəhayi məqsədi nədir? Buddist rahiblər “İnsan hər zaman mükəmməlliyə (Nirvana) can atar, lakin heç vaxt ona çata bilməz”, — deyirlər.

Əgər məqsəd Qüllənin zirvəsinə çıxmaqdırsa, niyə A Bao A Kunun ən rahat olduğu yer orta mərtəbələrdir? Heç kim zirvəni fəth edə bilmir, yolun yarısında durur. İnsan artıq yetkinləşib, dünyaya baxışı formalaşıb, elə zənn edir ki, artıq kamildir, hər şeyi bilir, bütün suallara cavabı hazırdır. Və bir sonrakı pilləkənə (mərhələyə) çıxmaq üçün bir həmləsi yetərli olacaq. Lakin bu çox çətindir, hətta imkansızdır, iztirab və daxili sarsıntılar onu rahat buraxmazlar.

Zirvəyə çıxa bilməyən hər kəs yenidən başlanğıc nöqtəsinə geri dönməlidir. Ta ki Qüllənin başına çıxana qədər. Oradan, “Zəfər Qülləsi”ndən başlayacaq yol isə əbədiyyətədir, təxmin edə bilməyəcəyimiz əsrarəngiz bir dünya…

* * *

Doğum günüm ərəfəsində bitirdim bu yazını. Məqaləni “Ayna”ya göndərmədən oturub azca düşündüm – “Başlanğıcı olan hər şeyin sonu var” kimi düşüncələr niyə əvvəllər də ağlıma gəlmirdi. Güman ki,  insan bəlli bir yaşdan sonra o üst mərtəbələrdən sonranı daha çox maraq etməyə başlayır. Eynilə mənim sevimli cinim A Bao A Ku kimi…

Bu il həm də yubileyimdir, iki eyni rəqəm yan-yana duracaqlar önümüzdəki bir il boyunca. Buradan başda anam olmaqla bütün ailə üzvlərimə təşəkkür edirəm – heç əsirgəmədikləri sevgiyə, şəfqət və fədakarlıqlarına görə.

Canım dostlarıma isə Kamyunun sözləri ilə səslənirəm —  “Arxamdan gəlmə — birdən yolu göstərə bilmərəm sənə, önümdə yerimə — birdən sənə çata bilmərəm. Yanımda yeri və arkadaşım ol”.

 

 nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 499