Muəllif:

GÜLLÜ-QULLU BAYRAM

4_teamDeyirlər, yuxuda gəzən adamı oyatmaq üçün ayağının altına yaş əski atmaq lazımdır. İki asi gəncin heykələ hörmətsizliyə görə, amma ənənəvi narkomaniya ittihamı ilə on illiyə azadlıqdan məhrum edilməsi yuxulu cəmiyyətimizin ayaqları altına atılmış əski olmalıdır.

Mayın 10-da, ənənəvi Gül bayramında bu iki gənc – Qiyas İbrahimov və Bayram Məmmədov – mərhum prezident Heydər Əliyevin heykəlinin postamentinə «Qul bayramınız mübarək» sözləri yazmışdılar. Ertəsi gün onlar yoxa çıxmışdılar, mayın 12-də isə hər birinin üstündən 2 qramdan, evindən 1 kiloqramdan artıq heroin tapıldığı üçün həbs edildikləri bəlli olmuşdu. Məhkəmə dekabrın əvvəlində başa çatanadək gənclər özlərini günahkar saymadılar, şərləndiklərini, əqidələrinə görə cəzalandırıldıqlarını söylədilər. Axırıncı çıxışında isə Bayram «biz vədlərə uyub riyakarlıq etmədik», «bundan sonra Gül bayramı daha əvvəlki bayram olmayacaq» dedi və müttəhimin son sözünü başadək dinləmədən (!) müşavirəyə getmiş hakimlərəmi, bütün yerdə qalan insanlaramı müraciət etdi: «Qiyasla məni xatırlayın».

Bu, 2000-ci ildən keçirilən Gül bayramına, azı, üçüncü hay-küylü etirazdır. 2009-cu ildə Neft akademiyasında faciədən on gün sonra tələbələr «Qanı güllərlə örtməyək», «Gül bayramına yox» şüarları ilə küçələrə çıxmağa cəhd göstərmişdilər. Onda hökümət çoxsaylı, amma qısamüddətli həbslərlə etirazı yatırmışdı. Faciənin ildönümündə hər şey təkrarlanmışdı.

Gül festivalları bir çox Qərb və Şərq ölkələrində keçirilir, ancaq heç yerdə belə etirazlara səbəb olmur. Niyə? Azərbaycanlıların güldən xoşu gəlmir? Bəlkə, ona görə ki, hollandlar, fransızlar, italyanlar, almanlar bu bayramlarda öz yetişdirdikləri güllərdən gətirib meydanları bəzəyir, vurduqları naxışlara baxıb zövq alır, çalıb-oynayırlar; bizsə yetim-yesirin çörəyindən-suyundan, işığından-qazından kəsdiyimiz pulla gedib həmin Hollandiyadan, Fransadan, İtaliyadan, Almaniyadan yüz tonlarla çiçək alır, güllərdən küçələrdə siyasi portretlər yaradır, sonra da kimi hirsindən, kimi məhəbbətin şiddətindən gözü yaşara-yaşara bu portretlərə baxırıq?! Aman Tanrım: gül də bu ölkədə siyasət alətidir, təbliğat vasitəsidir! Hacıbala Abutalıbovun fəxrlə «6 milyon gül almışıq», «80 ölkədən, hətta Afrikadan da gül gətirmişik», «güllər həmin ölkələrin müvafiq mütəxəssisləri tərəfindən dizayn edilir» deməsi yadımdadır. Küçələrdə gül kompozisiyaları qurmaq üçün bahalı «müvafiq mütəxəssislərə» pul tökməyi ilə öyünənlərin nəzərinə! Tovuzun ən böyük və bir zamanlar ən varlı kəndində yaşayan insanların qayğılarını həmin kənddən olan qohumum belə təsvir edir:«Anaların gözü qonşuların uşaqlarındadır: baxırlar ki, kimin oğlunun boyu uzanıbsa, şalvarını öz uşağına istəsinlər».

İndi başa düşürsünüzmü, möhtərəm hakimlər: niyə bu cür qayğılarla yaşayan insanlar cənab merin Afrikadan gətirdiyi gülləri sevmir?

Ritorik sualdır. Hamı hər şeyi yaxşı başa düşür. Qanunvericilər də, icraçılar da, «ədalət mühakiməsi»ni həyata keçirən hakimlər də, onların hərəkətlərinə kənardan göz qoyan «dördüncü hakimiyyətimiz» — media da. Fərqli düşüncəli, çılğın, bir qədər də ifratçılıqda məzəmmət olunan 19-20, 22-23 yaşlarında gənclərin həyatlarının kibrit çöpü kimi sındırıldığını kim görmür? Amma hərə öz rolunu oynayır. Riyakarlıq məmləkəti bürüyüb. Narazılar da kölgəsini asıb-kəsdiyi adamın üzünə çıxanda «balalarım sənə qurban» deyirlər. Riyakar olmaq istəməyən iki gənc isə bu cəmiyyətdən on illik təcrid olunur.

Buna görə mən onların həbsini lunatizm xəstəliyinə tutulmuş cəmiyyətin ayaqları altına atılan yaş əskiyə bənzədirəm.

Düzünü deyim: Qiyasla Bayramın total riyakarlığa qarşı etiraz forması mənim dəyərlər sistemimə uyğun gəlmir. Hərə bir fırça götürüb yazmağa heykəl axtarsa, hansı nöqtədə əl saxlanılacağını təsəvvür etmək mümkün deyil. Maksimalizm gəncliyin sevimli yol yoldaşıdır, amma çox vaxt adamı arzu etdiyi yerə gətirib çıxarmır. Bununla belə, «narkoman» adı ilə tutuqlanmış gənclərin işinə dair məhkəmə reportajlarını və qərarını oxuyandan sonra gəldiyim əsas nəticə başqadır: bütün insanlar səmimi ola bilərlər — axmaqlar, qorxaqlar, hətta yolunu azanlar da; bircə riyakarlardan savayı. Çünki riyakarlıq səmimiyyətin tərs üzüdür və nə yazıq ki, bu ölkədə çoxlarının həyat tərzinə çevrilib.

Riyakar olmayın, susmayın, insanlar. Vallah, ürəyiniz də olmasa, sonra başınız, başınız da olmasa, qarnınız ağrıyacaq.

İnsanları susdurmayın, riyakarlığa öyrəşdirməyin, ixtiyar sahibləri. Yoxsa «narkomanlar» qurduğunuz heykəlləri yazacaq.

Qiyasla Bayramı unutmayın.

 

e-mail: arif@yeninesil.az

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 8,88 из 10)
Oxunma sayı: 1458