Muəllif:

«Dava-dava» oyunu, Hitler və Putin

Ankara

Uşaqlıqda hamı kimi mən də yaşıdlarım ilə «dava-dava» oynamağı xoşlayırdım. Heç kim «faşist» olmaq istəmirdi. Özü də bunun «dava»da kimin qalib gələcəyi ilə heç bir əlaqəsi yoxdu. Gerçəkdən fərqli olaraq, bizim «uşaq müharibələrimizdə» faşistlər də qalib gələ bilərdilər. Bütün oğlanlara xas qalibiyyət hissi belə nə məni, nə də dostlarımı «faşist» olmağa şirnikləndirə bilmirdi. Çünki uşaq ağlımızla bu qara qüvvəni təmsil etməyi özümüzə ar bilirdik. Hətta bir-birimizə təklif etdiyimiz «rüşvətlər» belə kara gəlmirdi. Əvvəllər düşünürdüm ki, bəşər tarixindəki ən qara qüvvəni təmsil etmək istəməməyimizin əsas səbəbi uşaqlığımız, yəni mənən saflığımızdır. Axı yaşa dolduqca istəyimizdən asılı olmayaraq hamımız bu və ya digər dərəcədə mənən «kirlənirik». Düşünürdüm ki, ətrafımızda baş verən xırdalı-böyüklü bütün cinayətlər bu mənəvi «kirlənmənin» nəticəsidir.
Deyirlər ki, uşaq dünyaya gələndə onu gözləyən fiziki və mənəvi əzabları, «kirlənmənin» qaçılmazlığını hiss etdiyi üçün ağlayır. Amma indi görürəm ki, mənəvi «kirlənmənin» ən yüksək pilləsinə, yəni hakimiyyət olimpinin zirvəsinə qalxmağa nail olanlar belə «faşist» adını daşımaqdan imtina edirlər. Özü də lap uşaqlıq oyunlarımda olduğu kimi. Onları qalibiyyətlə belə şirnikləndirmək olmur. Hər halda sözdə…
Bu günlərdə bir çoxları Rusiya prezidenti Vladimir Putini faşist Almaniyasının lideri olmuş Adolf Hitlerlə müqayisə edir. İnanıram ki, Putini Hitlerlə müqayisə edənlərin sayı daha çox, bəlkə də dəfələrlə çox ola bilərdi. Rusiya prezidenti isə «faşist», «Hitler» olmaq istəmir. Özünü təhqir olunmuş hesab edir. Lap uşaq kimi bəşər tarixində gəlib-getmiş ən «qara qüvvə»nin simvoluna çevrilmiş özü kimi bir dövlət başçısının mənəvi-siyasi xələfi olmaqdan imtina edir. Nədən, bilmirəm?! Axı onun, yəni cənab Putinin mənən təmiz, «kirlənməmiş» olduğunu heç kəs iddia edə bilməz.
Əslində ötən əsrin 30-cu illərinin Almaniyası ilə XXI yüzilin əvvəllərindəki Rusiya, Hitlet ilə Putin arasında mahiyyətcə oxşar cəhətlər çoxdur. Rusiyadan başlayaq. Sovetlər Birliyinin dağılması Rusiya və ruslara görə, Almaniya və almanlar üçün Birinci Dünya müharibəsinin nəticələri qədər böyük fəlakət idi. Təsadüfi deyil ki, Vladimir Putinin özü Sovetlər Birliyinin dağılmasını «XXI əsrin ən böyük geosiyasi fəlakəti» adlandırıb.
Hələ dünən dünyanın iki superdövlətindən biri, bu gün isə təhqir olunmuş, alçaldılmış, ayaqlar altına atılmış, heçə sayılan bir Rusiya. Lap Birinci Dünya müharibəsindən sonrakı Almaniya kimi. Belə bir şəraitdə cəmiyyətdə İmperiyanın şan-şöhrətinin, kürəsəl gücünün bərpasına tələbatın yaranması çox təbiidir. Əgər tələbat varsa, təklifin, daha doğrusunu desək, bu təklifin daşıyıcısının, meydana çıxması vaxt məsələsidir. Başqa bir variant da istisna deyil. Meydana çıxan siyasi fiqur gerçək olaraq həmin təklifin daşıyıcısı olmaya da bilər. Cəmiyyətdə haqqında danışılan təkliflə bağlı gözləntilər konkret siyasi fiqur üçün hakimiyyətin ələ keçirilməsində bir vasitə kimi istifadə oluna bilər.
Amma unutmaq lazım deyil ki, nəticə etibarı ilə vasitənin, yəni təklifin «quluna» çevrilmək təhlükəsi var. Yəni cəmiyyət təkliflə bağlı gözləntilərinin gerçəkləşdirilməsi istiqamətində real addımlar tələb edir. Nəticə etibarı ilə təklifin sonsuza qədər gerçəkləşdirilməsi konkret hakimiyyətin mövcudluğunun yeganə gerçək dayağına çevrilir. Ən dəhşətlisi ondan ibarətdir ki, nəticədə cəmiyyət tərəfindən haqqında danışılan təklifin daşıyıcısı sayılan siyasi fiqur özünü doğrudan hansısa kürəsəl bir missiyanın gerçəkləşdirilməsi üçün Yaradan tərəfindən seçilmişlərdən biri saymağa başlayır.
Əslində, düşünürəm ki, biz Putində məhz belə bir transformasiyanın şahidiyik. Hakimiyyətə başqası tərəfindən gətirilmiş cılız bir siyasi fiqur hakimiyyətini qoruyub saxlamaq üçün böyük bir ümummilli təklifin daşıyıcısına çevrilməli idi. Əks təqdirdə onun heç bir siyasi perspektivi yoxdu. Çeçenistan, Cənubi Osetiya, Abxaziya, indi də Krım…
Artıq Putin əl saxlaya biləcək halda deyil. O artıq hakimiyyətini qoruyub saxlamaq üçün daşıyıcısı olduğu obrazın yaratdığı təklifin əsirinə çevrilib. Cəmiyyət ondan Rusiyanın kürəsəl gücünün bərpasının sübutu olan qələbələr tələb edir. Putindən bundan başqa heç nə tələb olunmur. Bu qələbələr onun hakimiyyətinin mövcudluğunu təmin edən yeganə faktora çevrilib. Nəticədə onun özünü seçilmişlərdən biri saymaqdan başqa çarəsi qalmayıb. Əslində onu gerçəkliklərlə əlaqəsini itirdiyini deyən Almaniya kansleri Merkel hamıdan gözəl anlaya bildi. Başqa cür ola da bilməzdi. Çünki o, Almaniyanın kansleri idi.
Yenə də yazının əvvəlindəki sualıma qayıdıram. Əgər ictimai-siyasi proses kimi dünənki Almaniya ilə bugünkü Rusiya arasında bu qədər oxşarlıq varsa, onda Putin Hitlerlə müqayisə edilməsinə nədən bu qədər əsəbiləşir? Axı artıq çoxdan uşaq deyil. İndi düşünürəm ki, uşaqlıqda «faşist» olmaq istəməməyimizi yaşımızla bağlı üstünlüklərimizlə əlaqələndirərkən səhv etmişəm. Birincisi, görünür ki, bəşəriyyət bütövlükdə hələ ki «uşaqlıq» çağındadır. Yəni «qara qüvvə» təmsilçiliyinin ticari məqsədlər üçün istifadə ediləcəyi qədər mənən «kirlənməyib».
İkincisi, düşünürəm ki, Putini özünü Hitlerlə eyniləşdirməyə III Reyxin liderinin taleyi imkan vemir. Nə cəmiyyətə, nə də özünə sonucu yada salmaq istəmir…
rauf_mirkadirov@zerkalo.az

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 8,00 из 10)
Oxunma sayı: 1299