Muəllif:

«Antiutopiya»

 

elkitabSon günəşli, ilıq günlərdən biri idi. Adamın lap eyni açılırdı. Həyətdə bir az gəzinib elə evə girmək istəyirdim ki, gözüm maşına sataşdı. Yağışlardan sonra üstündə an azı iki barmaq qalınlığında palçıq vardı. Fürsətdi deyib, onu yudurtmağa apardım. Vaxt itirməkdən qorxmasaydım, maşını daha tez-tez yudurtdurardım. Əvvəl istədim yuyucu işini görənəcən ətrafda gəzişim, amma Bredberini oxumağa başlamışdım deyə, fikrimdən vaz keçdim. Kitabı da özümlə götürdüm və yuyucunun qarşısındakı qollu-budaqlı, hündür sərvin altındakı kətilə əyləşib “Bir günə siğan bahar”ı (keçən yazımda bu hekayədə söhbətin nədən getdiyini yazmışam) oxumağa başladım…

Onlar bir saata yaxın atılıb-düşərək o yan-bu yana qaçışdılar.

Və birdən…

Bütün bu qayğısız və şən hərəkətliliyə bir qızın acı qışqırtısı son qoydu.

Hamı duruxdu.

Qız ovcunu yuxarıya uzatdı.

— Baxın, — deyə ürkək-ürkək ətrafa boylandı. – Bir buna baxın!

Ətrafdakılar ehtiyatla ona yaxınlaşdılar.

Qızın ovcunun tən ortasında iri bir yağış damlası gilələnmişdi.

Qız ovcunun içindəkinə bir də baxıb hönkürdü.

Uşaqlar kirimişcə göyə tərəf boylandılar.

— U-ufff…

Soyuq yağış aramla onların burunlarına, yanaqlarına, dodaqlarına damcıladı. Günəşin üzünü seyrək duman tutdu. Soyuq külək əsdi…”.

Elə bu yerdə əlimin üstünə hardansa bir damla suyun düşdüyünü hiss elədim. Diksindim və ətrafıma boylandım. Sonra da ehtiyatla yuxarı baxdım. Göyün üzü tərtəmizdi…

Axşam işdən qayıdan oğlanlarım məni görcək heç salamlaşmamış qımışdılar və təəccübləndiyimi görüb dedilər ki, “ay pa, kənddə söhbət gəzir ki, bir kişi günün-günorta çağı “moyka”nın qabağında oturub kitab oxuyurmuş. Sən döydün ki?”. İndi də məni gülmək tutdu. Bir xeyli gülüşdük. Sonra öz-özümə fikirləşdim ki, indi çöldə oturub kitab oxumaqla da dil-ağıza düşmək olarmış…

***

Yenə də yağır. Mənsə ədyala bürünüb bu dəfə də kitab oxuyuram — Stefan Sfeyqi. 1957-ci ildə Kiyevdə “Державне видавництво” nəşriyyatı tərəfindən buraxılan cildini. 59 yaşlı kitab. Yaşıdımdı. Onu rəfdən götürüb səhifələdiyim idi ki, saralmış səhifələrin  boğaz ayışdıran toz qarışıq şirimtil qoxusunu duydum. Bəlkə elə buna görə kitabı yerinə qaytarmadım. Bu güclə sezilən köhnə kitab qoxusu məni qoca bukinist Yakob Mendelin hekayətini oxumağa vadar etdi. Yağışın artırmanın damını ahəstə döyəcləməsi də ayrıca ləzzət verirdi. Bircə tüstülənən qəlyanım çatmırdı. Yaxşı ki, siqareti buraxmışam.

Yakob Mendel bukinist idi. Onu təkcə Vyanada deyil, bütün Avstriyada tanıyırdılar. O, istənilən kitabı tapardı. Özü də bütün nadır nüsxələrin tarixçəsini əzbərdən bilirdi, çünki “habent sua fata libelli (latın)  — hər kitabın öz taleyi var” deyir və izah edirdi ki, kitablar hətta mövcudluqlarından sonra da insanlara yaxın qalıb özlərini istənilən varlığın amansız düşməni olan puçluq və fanilikdən qorunmaq üçün yazılır. Bütün ömrünü Vyananın Alzerştrassesindəki Qlük kafesində kitab oxumaqla keçirən bu qoca yəhudini sanki heçnə öldürə bilməzdi, amma bunu müharibə etdi. Yox, o, döyüşdə həlak olmadı. Onu sadəcə olaraq iki il əsir düşərgəsində kitab oxumaqdan məhrum etdilər…

Rauf (Mirqədirov) həbsdən çıxandan sonra elə hey deyirdi ki, “kitablar olmasa, yəqin ki, tənhalıqdan və ədalətsizlik barədə düşünməkdən başıma hava gələrdi”.

***

Yandırmaq ona həzz verirdi. Alovun əşyaları udmasına, onların qaralıb şəklini dəyişməsinə baxmaq xüsusi bir ləzzət idi… O, çatırtı ilə havaya sovrularaq al-qırmızı işıldaquşlar tək ətrafında uçuşan qığılcımların arasında var-gəl edərək kitab səhifələrinin göyərçin kimi qanad çalaraq çırpınıb doqqazda və evin qabağındakı çəmənlikdə ölməsini gözləyirdi…”.

Bu, kitab haqqında bəlkə də ən güclü əsər olan “ Farenheytlə 451 dərəcə”nin başlanğıcından bir parçadır. Demə, kağız Farenheytlə 451 dərəcə istidə yanıb külə dönürmüş. Yenə də Rey Bredberinin qələmindən doğmuş bu möhtəşəm fantastik romanda söhbət gələcəkdə kitabların, əslində ciddi ədəbiyyatın, insanları düşünməyə vadar edən əsərlərin, yandırılmasından gedir. Komiks və şəkilli jurnallara isə heç kim toxunmur, çünki onlar insanları düşünməyə qoymur. Elə hey güldürür və əyləndirir. Məktəblərsə araşdırmaçı, tənqidçi, alim və incəsənət adamları yetışdirmək əvəzinə yalnız qaçan, hoppanan, tullanan, üzən, maşın sürən buraxır və “intellektual” sözü söyüşə çevrilir. Və tədricən insanlar insanlıqdan çıxıb qara kütlə olurlar. Belə olan halda isə nə vaxtsa yanğınları söndürən cəsur insanlar kitab, yəni “düşüncə ovçularına” çevrilirlər. Kimdə ciddı ədəbiyyat tapılırsa, həmən yandırılır, kitab yiyələri isə təcrid olunaraq məhv edilirlər.., çünki heç kim heç kimdən seçilməməlidir. Hamı eyni dərəcədə avam olmalıdır.

Yazıçının bu əsərini bir çox hallarda antiutopiya adlandırırlar, yəni müəllifin təxəyyülünün məhsulu olan gələcəyə tənqidi münasibəti özündə əxz edən ədəbi janr. 1953-cü ildə işıq üzü görmüş bu antiutopiya 63 il sonrakı bizim günlərdə utopiyalıqdan çıxmaqdadır…

İnanmırsınız? Onda ayaq saxlayıb ətrafınıza baxın. Kitab oxuyan görürsünüzmü? İnanmıram! Yoxsa günün-günorta çağı «moyka»nın qabağında oturub kitab oxuyan adam heç kimi təəccübləndirməzdi.

Bredberinin ali təhsil almağa maddi imkanı olmayıb, amma o, 19 yaşından həftədə üç dəfə olmaqla kitabxanaya gedib və oxuyub. Səkkiz ildən sonra isə deyib:”27 yaşımda universitet əvəzinə kitabxana bitirdim”.

Oxuyun ki, antiutopiya utopiyalıqdan çıxmasın…

 

e-mail:qlavred@hotmail.com

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 731