Muəllif:

Zibillənmiş efir

Bu yaxınlaradək elə bilirdim ki, tarixdən, coğrafiyadan, ordan-burdan bir az məlumatım var. Amma necə də yanılırmışam! Xatırlayırsınızsa, keçən həftə biz də dünyanın bütün tərəqqipərvər qüvvələri ilə birlikdə faşist Almaniyası üzərində qələbənin növbəti ildönümünü bayram edirdik. Mən də neçə illərdir may ayının 9-nu məhz Almaniya üzərində qələbə günü hesab edirdim. Nə yaxşı ki, bizi əvəz etməyə gələn gənc, bilikli, bacarıqlı nəsil var, sağ olsunlar. Həmin gün qabaqcıl telekanallarımızdan birinin xəbərlər proqramına baxası oldum (xoşbəxtlikdən). Gənc aparıcı may ayının 9-nun II Dünya müharibəsinin başa çatdığı gün olduğunu çox sevinclə, gülə-gülə ən azı yarım milyon adama bildirdi. Mən isə bu vaxtacan elə bilirdim II Dünya müharibəsi 1945-ci il sentyabr ayının 2-də ABŞ-ın «Missuri» hərbi gəmisinin göyərtəsində Yaponiyanın təslim olmaq haqda aktı imzalaması ilə başa çatıb. Yaxşı, mən bilməyə bilərəm, demə vaxtilə bundan heç İ.Stalin, H.Trumen, U.Çerçil və onu sonradan əvəz edən K.Ettlinin də xəbərləri olmayıb. Olsaydı, 1945-ci ilin iyul ayında Potsdama yığışıb Yaponiyaya hücum çəkmək haqda razılığa gəlməzdilər. Gündoğan ölkə əbəs yerə güdaza gedib. Eh, bir zaman maşını olsaydı, göndərərdik bizim gənc, savadlı, dünyagörüşləri aşıb-daşan (əsasən Facebook səhifələrindən) jurnalistlərimizi o kişilərin yanına, onlara bir az tarix dərsi verərdilər. Amma orası da var ki, geri qayıtmaya bilərlər, çünki o kişilərdən biri belə zarafatları başa düşməyə bilər. O biri tərəfdən, bəlkə, elə orda qalmaları məsləhətdir.
Daha bir, müasir Azərbaycan dili ilə desək, şok xəbəri də gənc jurnalist nəslinin nümayəndələri bayram günləri bizə çatdırdılar. Reportajın qəhrəmanı təxminən 50-55 yaşlarında bir kişi idi. Baharın bihuş edici nəfəsindənmi, yaxud başqa nəinsə də təsirindən küçədə uzanmışdı. Jurnalistin «sizin atanız kimdir?» sualına «Rixard Zorge» deyə cavab verdi. Reportajı hazırlayan da məşhur kəşfiyyatçının oğlunun evini Bakıda əlindən alıblar və o, küçədə yaşayır deyə fəryad qopardı. Qəhrəmanımızın hələ naməlum səbəblərdən ayaq üstə duran dostu da (o da, yəqin ki, başqa bir məşhur sovet kəşfiyyatçısı Rudolf Abelin oğlu imiş, rəhmətliyə yaman oxşatdım) onun atasının general-leytenant olduğunu təsdiqləyir, amma insafən Rixard Zorgenin adını çəkmir (R.Zorgenin belə bir rütbəsi də olmayıb).
R.Zorgenin 1898-ci ildə 3 yaşında ikən ailəsi ilə birlikdə (bu yaşda tək gedəsi deyildi ki!) Bakını tərk edərək bir də buralara ayağının dəyməməsini və o yaşda uşağın hələlik nəsil artırmaq qabiliyyətində olmamasını nəzərə alsaq, onun burada, özü də bu yaşda oğlunun ola bilməsi mümkün deyil. Birinci həyat yoldaşı Kristina Gerlax ondan hələ 1926-cı ildə ayrılaraq Almaniyaya gedibmiş. Tutaq ki, ayrıldıqdan bir il sonra (özü də Almaniyada!) oğlu olub. Bu halda «uşağın» 86 yaşı olmalıdır. Onun Bakıya necə gəlib çıxmağını qoyuram bir qırağa. İkinci həyat yoldaşı Yekaterina Maksimovanı isə 1942-ci ildə həbs ediblər və o, 1 ildən sonra vəfat edib. Yuxarıdakı riyazi və məntiqi hesablamaları bu qadının da üzərində aparsaq, Bakı küçələrində səvərən insanın onun da oğlu olmadığını başa düşərik. Üçüncü, kəbinsiz yaşadığı qadın isə yaponiyalı Xanako İsii olub. O da Yaponiyadan qırağa ayağını basmayıb. Rixard Zorge isə 1944-cü ildə Yaponiyada edam edilib.
Bu abzası yazmağa 4-5 dəqiqə vaxtım getdi. Bəs, görəsən, bu reportajı hazırlayan (hələ onun efirə getməsinə icazə verəni demirəm) jurnalist 5 dəqiqəsini sərf edib danışdığı mövzunu öyrənə bilməzdimi? İnandırıram sizi, o kişi Makedoniyalı İsgəndərin doğma oğluyam desəydi, jurnalist «aman, eramızdan əvvəl yaşamış məşhur sərkərdənin oğlunun evini əlindən alıblar və o, küçədə yaşayır» deyə haray salacaqdı.
Maraqlısı (bəlkə də ağlamalısı) odur ki, efirdən verilən belə «məlumat» və «xəbər»lərə inananlar var və onlar, həqiqətən də, II Dünya müharibəsinin mayın 9-da qurtardığına, Bermud üçbucağının Lənkəranda olduğuna, Rixard Zorgenin də oğlunun Bakıda evinin əlindən alındığına tam əmindirlər.
İndi fikirləşirəm, bizim telekanallara baxım, ya yox? Görəsən, baxdıqca mən biabır olacam, ya onlar?
farrukh@zerkalo.az

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 653