Muəllif:

Zorən casus

«Ayna»nın daimi müəlliflərindən olan Rauf Mirqədirov qəzetin bu sayına məqalə göndərə bilməyəcək. Yeri narahatdır. Amma yanıla da bilərəm. Mirqədirov mənim tanıdığım ən məhsuldar Azərbaycan jurnalistidir, istənilən şəraitdə qələmini işə salmağa imkan tapır. Hərdən mənə elə gəlir ki, o, danışmaqdan çox yazır.
Yeri gəlmişkən, heç belə casus olar?
Rauf dövlət sirlərini ermənilərə ötürdüyünə görə həbs olunandan sonra atasından alınan müsahibələrdən birində oxudum ki, o, hərdən məqalələrində səhvə yol verib. Buna inanıram. Raufun dövlət sirrini satması isə heç ağlıma batmır. Düşündüyü dilində, daha doğrusu, qələmində olan Rauf heç öz sirrini özündə saxlamayıb, onda satılası dövlət sirri nə gəzirdi?
«Doğrudan, — deyə bir anlığa Rauf Mirqədirovu çoxdan tanıdığımı da, onun 80-ci illərin sonundan müstəqil medianın formalaşmasında rolunu da, son üç ildə Türkiyədə yaşayış pulunu çıxarmaq üçün başının gecə-gündüz yazıya qarışdığını da yaddan çıxarır və öz-özümdən soruşuram, — doğrudan, ermənilərə satdığı iddia olunan bu «dövlət sirlərini», Azərbaycanın hərbi obyeklərinə aid «fotoşəkil və sxemləri» Mirqədirov mütəmadi olaraq hardan alırdı? İstanbulda oturub özü çəkmirdi ki! İstintaq başa düşürmü ki, irəli sürdüyü bu ittihamın o biri ucu hara gedib çıxacaq? Axı burada təkcə QHT üzvləri və jurnalistlərlə məhdudlaşmaq olmayacaq. Çünki içi Mirqədirov qarışıq, onların heç birinin bu sirlərə birbaşa əli çatmır. Cibində dövlətin gizli informasiya sandığının açarını gəzdirən bir məmur da lazımdır — onsuz halqa qapanmır: belə çıxır ki, alıcı da var, satıcı da, amma satmağa bir şey yoxdur.
Heç şübhə etmirəm ki, Ermənistanın Azərbaycanda casusları var. A kişilər, dost ölkə dünyanın o başından qapımıza casus göndərir, o ki qalsın müharibə şəraitində olduğumuz qonşu dövlət! Amma siz də şübhə etməyin ki, Ermənistana gizli məlumat ötürən casuslar bunun üçün durub açıq-aşkar Yerevana getmir və hələ bu barədə «qarğa, məndə qoz var» deyə aləmə car çəkmirlər. İnformasiya, xüsusilə də mahiyyətinə varmadan ümumən «dövlət sirri» adlandırdığımız məlumatlar SİF şərtilə təyinat yerində gömrükdən keçirilib təhvil verilən mallardan deyil. Vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana getməli olub-olmadıqları barədə mübahisələrin və hətta gedənləri qınayanların səmimiliyinə inanır, məntiqlərini başa düşürəm. Amma onlara «satqın» damğası vuranlarda ya məntiq, ya səmimiyyət çatışmır.
Əminəm ki, Rauf Mirqədirovu həbs edənlər onun dövlətə və vətənə xəyanət etmədiyini məndən yaxşı bilirlər. Eyni zamanda boynuma alıram ki, Raufun həbsinin əsl səbəblərini, onlardan fərqli olaraq, mən bilmirəm. Bəzi mülahizələrim var, amma yalnızca fərziyyələrdir. Mirqədirovun son nəticədə azadlığa çıxacağına da hələ ümidliyəm. Heyf ki, türk qardaşlarımıza bəslədiyimiz ümidlər artıq qırılmaq üzrədir. Aprelin 19-da Ankaradan zəng vurub dəstəyini təklif edən həmkarlarıma dedim ki, abilər, necə deyərlər, daha bizimki belə gətirib, siz öz başınıza çarə qılın. Rauf Mirqədirovun «deportasiya» adlandırılan ekstradisiya əhvalatından sonra tam əmin oldum ki, Ərdoğan hökuməti üçün nəinki mənəvi, artıq hüquqi çərçivələr də qalmayıb.
arif@yeninesil.az

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 317