Muəllif:

Qərb dövlətlərindən Bakının narazılığı qırılma nöqtəsinə gəlib

Qərb istəyirdi ki, biz Avropa Birliyi ilə assosiativ sazişə gedək, amma oradan bizim ərazi bütövlüyümüz məsələsini çıxardılar. Biz artıq düşünürük: yolumuzu düzmü seçmişik ki, belə ikili yanaşma ilə rastlaşırıq?.. Belə bir diqqəti çəkən açıqlama ilə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda PA rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov  çıxış edib.

Məmmədov beynəlxalq təşkilatları effektiv işləməməkdə ittiham edir: “Çox təəssüflər olsun ki, beynəlxalq aləmdə iki qütbdən birinin dağılmasından sonra qaynar nöqtələrin sayı həddən artıq artdı. Aradan illər keçməsinə baxmayaraq, hələ də bu münaqişələrin həllində uğurlar görmürük”.

Məmmədovun sözlərinə görə, Azərbaycanda bütün təsisatların formalaşmasına və inkişafına baxmayaraq, artıq 25 ildir ki, ölkə müharibə şəraitində yaşayır: “İndi burda dünyanın əksər ölkələrinin rəsmiləri, keçmiş başçıları, beynəlxalq aləmin tanınmış siyasətçiləri ilə bir yerə yığışmışıq. Gəlin özümüzə belə bir sual verək: Əgər bu 3 Cənubi Qafqaz ölkəsi müstəqillik əldə etdikdən sonra birlikdə, bir istiqamətdə inkişaf yolu seçsəydi, səylərini birləşdirsəydi, nəticə necə ola bilərdi? Amma çox təəssüf ki Qərb dövlətləri bu keçən dövrdə bu istiqamətdə düşünmədilər, heç səy də göstərmədilər. Düşdüyümüz münaqişə elə olduğu kimi qalır və artıq 25 ildən çoxdur davam edir. Bu günə qədər də münaqişəni dayandırmaq cəhdi olmayıb. Avropa ilə əməkdaşlığımıza baxmayaraq, nə ATƏT-in Minsk Qrupu, nə də dünyanın iri mərkəzləri münaqişənin həlli üçün qəti mövqe göstərmədilər”.

Məmmədov çıxışında maraqlı açıqlama da verib: “Qərb istəyirdi ki, biz Avropa Birliyi ilə assosiativ sazişə gedək, amma oradan bizim ərazi bütövlüyümüz məsələsini çıxardılar. İndiyə qədər 15 ildən çox Avropa Birliyi bizim ərazi bütövlüyümüzü tanıyıb, amma son vaxtlarda bunu qəbul eləmək istəmir. İndi biz bunu necə başa düşək? Artıq belə məsələlər bizi çox düşündürür. Baxın, necə ola bilər ki, Ukrayna böhranı ilə bağlı dünyanın iri dövlətlərinin başçıları, hansı ki onlardan biri də ABŞ prezidenti Barak Obamadır, hərəsi düz bir saat çıxış edərək beynəlxalq hüquq və onun qorunmasını dəfələrlə tələb etdilər, konkret tədbirlərə başladırlar. Amma Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar onlardan heç biri heç olmasa “bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır” ifadəsini işlətmir. Nə üçün? Niyə axı belə kobud ikili yanaşma var? Artıq düşünürük: biz yolumuzu düzmü seçmişik ki, belə ikili yanaşma ilə rastlaşırıq?..”

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 798