Muəllif:

Obamaya qarğımaq istəyirəm

Ankara

Allah şahiddir ki, kobud insan deyiləm. Hər halda peşəkar jurnalist həyatımda həmişə çalışmışam ki, heç kəsin ünvanına təhqiramiz ifadələr işlətməyim. Amma türklər demişkən, bəzən özünü saxlamaq o qədər də kolay deyil. Özü də ədəbi dilimizdə yeddi qatlı qarğış və söyüşlər olan yerdə. Unutmaq lazım deyil ki, qarğışlar və söyüşlər də ədəbi dilin tərkib hissəsidir.
İndi də çalışacağam təhqirə, söyüşə və qarğışa keçməyim. Çünki Allahın işini bilmək olmaz. Birdən eşidər, xüsusilə də qarğışlarımı. Belə olarsa, qarğışıma tuş gələnlərdən bəzilərinin vəziyyəti çox fənalaşar. Çünki deyirlər ki, çox ağır seyid nəslindənəm. Hər halda rəhmətlik nənəm belə deyərdi. Ona görə də hamının nə vaxtsa eşitdiyi bir lətifədən başlayacam. İtdən soruşurlar:
— Nədən hürürsən?
— Ona görə ki, ətrafımdakıları qorxutmaq istəyirəm.
— Bəs onda quyruğun nədən əsir?
— Onə görə ki, özüm də qorxuram.
Vallah-billah, bu tərəflərin davranışı mənə bu lətifədəki itin ətrafındakı gerçəkliyə olan reaksiyasını xatırladır. Qarşı-qarşıya duran tərəflər həm bir-birini qorxutmaq istəyir, həm də bir-birindən qorxur.
Məsələn, Rusiya siyasi-iqtisadi sanksiyalardan, beynəlxalq təcriddən qorxur. Amma özünü o yerə qoymur. Deyir ki, sanksiyalar, təcrid Qərbin özü üçün də böyük zərbə olacaq. Amma, hamıya məlumdur ki, Qərb bütün neqativ sonuclarına baxmayaraq Rusiyadan fərqli olaraq, bu sanksiyaların yükünü daşıya bilər. Qərb Rusiyanı sanksiyalarla qorxudur. Amma özü də qorxur. Özü də iki şeydən: birincisi, Vaşinqtonda düşünürlər ki, tərəf müqabilləri, yəni, Rusiya prezidenti Vladimir Putin gerçəklərə adekvat reaksiya vermək iqtidarında deyil. Birdən doğrudan da, ağlını itirər və təhdid etdiyi kimi nüvə müharibəsinə başlayar.
İkincisi, Qərb cəmiyyətləri rahat həyata öyrəşiblər. Onlar Azərbaycan, Gürcüstan, Ermənistan və hətta Ukrayna kimi dövlətlərə görə başlarına bəla açmaq istəmirlər. Bir sözlə, yenə də qorxurlar.
İkincidən başlamaq istəyirəm. Atalar demişkən, «könlü balıq istəyənin, quyruğu suda gərək». Yəni, əgər Vaşinqton bütün Dünyaya hökm etmək istəyirsə, problemlərin yükünü daşımağı bacarmalı, yəni, bəzən bilə-bilə, «öz keyfinə soğan doğratmalıdır». Söhbət yalnız Vaşinqtondan getmir. Digər Qərb öljələri, hətta qardaş Türkiyə belə özünü fərqi aparmır.
Türkiyə Krım məsələsində Avropa İttifaqı və NATO-nun tərəfindədir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu televiziyada çıxış edərək deyib.
Nazirin sözlərinə görə, Türkiyə bu məsələdə Avropa İttifaqını və NATO-nu dəstəkləyir, lakin Rusiya ilə münasibətləri pozmaq niyyətində deyil.
Krımın statusuyla bağlı martın 16-da referendum keçirilib. Son məlumatlara görə, referendumda muxtariyyətin Rusiyanın tərkibinə daxil olmasının lehinə iştirak etmiş seçicilərin 96 faizindən çoxu səs verib. Dünya ölkələrinin əksəriyyəti referendumun nəticələrini tanımadığı barədə bəyanatla çıxış edib.
Özü də unutmaq lazım deyil ki, söhbət Türkiyənin qarşılarında ən azından mənəvi məsuliyyət daşıdıqları, Krım tatarlarının taleyindən gedir. Ankara isə Rusiya ilə münasibətlərində problemlər yaranacağındam qorxur.
Nüvə müharibəsinə gəlincə, bu doğrudan da çox ciddi təhdiddir. Lakin, bir həqiqəti dərk etmək lazımdır. İstisna etmirəm ki, söhbət doğrudan da gerçəkliklərə adekvat reaksiya vermək qabiliyyətini itirmiş nüvə silahına malik dövlət başçısı olan Putindən gedir. Əgər belədirsə, mümkün qədər tez onu gerçək dünyaya qaytarmaq lazımdır. Məsələ ondadır ki, Putin gerçək dünya ilə əlaqəsini nə qədər çox itirərsə, nüvə müharibəsi təhlükəsi bir o qədər çox artacaqdır. Yəni təcavüzkara güzəştə getməklə böyük faciəni önləmək deyil, onu daha da yaxınlaşdırmaq olar. Bu tarix boyu təsdiq olunmuş həqiqətdir, daha doğrusu, isbata ehtiyacı olmayan aksiomadır. Özü də həm insani, həm də dövlətlərarası münasibətlər üçün keçərli olan bir aksiomadır.
Günlərin bir günü Bəhlulu padşahın düzəltdiyi toy məclisinə çağırırlar. Bəhlul qəbiristanlığa gedib, iki kəllə çıxardır. Gətirib kəllələri nişan qoyur. Əvvəl kəllənin birinə ox atır. Ox kəlləyə dəyib keçir. Bəhlul kəlləni tullayır, ikinciyə ox atır. Ox kəlləyə dəyir, amma içində qalır. Bəhlul bu kəlləni götürüb toya gəlir. Padşahın adamları onu dəli hesab edib, döyüb qovmaq istəyirlər. Xəlifə icazə verməyib deyir:
— Qoyun, bunun mənasını öyrənək.
Xəlifə Bəhluldan soruşur:
— Bəhlul, bu nə əhvalatdı?
Bəhlul deyir:
— İki kəllə götürmüşdum. Birinə ox vurdum, dəyib keçdi. Demək, bu kəllə sahibinə hər nə söz desəydin, bu qulağından vurub, o biri qulağından çıxararmış. Ox ikinci kəlləyə dəyib içində qaldı. Bu kəllə sahibi çox ağıllı adam imiş; hər nə ağıllı söz olsa imiş, başında saxlarmış.
Məclisdə oturanlar Bəhlula «afərin» deyib, gətirdiyi kəlləni ən qiymətli xələt hesab eləyirlər.
Atam isə bu lətifəni bir qədər də «təkmilləşdirib» uşaqlıqda mənə danışardı. İndi isə nəvə və nəticələrinə danışır. O, deyir: «Əgər bir qulağından alıb o biri qulağından buraxırsansa, bu da o qədər də fəna deyil. Heç olmasa, başının içindən keçəndə ağıllı fikrin bir izi qalmalıdır. Lakin, bir tərəfdən dəyib, top kimi geri qayıdırsa, onda vay sənin halına. Onda sənin heç bir gələcəyin yoxdur».
İndi mən yenə də 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsini xatırladacağam. Dünya o vaxt Putinin qarşısını almadı. O zaman söhbət bir neçə yüz min əhalisi olan «cırtdan» və o qədər də geosiyasi önəmi olmayan Abxaziya və Cənubi Osetiyadan gedirdi. Nəticədə Putinin iştahı artdı. İndi də 27000 kv.km ərazisi və 2,5 mln. əhalisi olan Krımı işğal edir.
İndi bir sualıma cavab verin: gerçəklərə daha kim adekvat reaksiya verir — Obama yoxsa Putin?
rauf_mirkadirov@zerkalo.az

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 275