Muəllif:

Nurəddin Aras: Ermənilərin əlində dəlilləri olsaydı, soyqırımına məruz qaldıqlarını isbatlamağı 99 il sonraya saxlamazdılar

İğdırın sabiq bələdiyyə başqanı Nurəddin Aras deyib ki, ermənilərin əlində dəlilləri olsaydı, soyqırımına məruz qaldıqlarını isbatlamağı 99 il sonraya saxlamazdılar. APA-ya müsahibəsində Nurəddin  Aras bu məsələ ətrafında digər təfsilatlara da toxunub.

— Qondarma «erməni soyqırımı»nın 99-cu ildönümüdür. Ermənilər bu ərəfədə dünyanın fərqli yerlərində Türkiyəni soyqırımı törədən ölkə kimi tanıtmağa cəhd edirlər. Amma Türkiyənin şərqində, özəlliklə İğdır və Qarsda ermənilər tərəfindən türklərə qarşı soyqırımı törədildiyini isbatlayan onlarla kütləvi məzar var. Biz niyə əlimizdə olan bu sübutlardan təbliğat kimi istifadə edə bilmirik?

— Yer üzündə ermənilər həm suçlu, həm də güclüdürlər. Bu yaxınlarda Amerika parlamentinin xarici əlaqələr komitəsində belə bir qanun qəbul etdirdilər. Bu, əslində onların gücünü göstərir. ABŞ Senatı, hətta dövlət başçıları da bu təsirə məruz qala bilirlər. Amma bu o demək deyil ki, belə bir soyqırım baş verib. Nə baş verdiyini müəyyənləşdirmək üçün həmin dövrün mövcud şərtlərinə və arxivlərə baxmalıyıq. Türkiyənin mövqeyi odur ki, biz əcdadımızın belə bir soyqırımı törətdiyinə inanmırıq. Bunu arxivdəki sənədlərə istinadən deyirik. Türk olaraq dünya ictimaiyyətinə bildiririk ki, Türkiyədə, Amerika, Moskvada, ən önəmlisi də İngiltərədə arxivlər var. O arxivlər açılsın, həmin dövrün şərtlərində nələr baş veribsə, ortaya çıxarılsın. Yəni həqiqətlə üz-üzə gəlməkdən qorxmamaq lazımdır. Biz əminik ki, həmin vaxt baş verənlər bir soyqırım deyil, həmin günün şərtləri daxilində bir sürgün hadisəsidir. Bu sürgün hadisəsi də öz-özünə baş verməyib. Tarixə baxdıqda ermənilərin ən parlaq vaxtlarının Osmanlı daxilində yaşadıqları dövr olduğu məlum olur. Bu, bir həqiqətdir. Həqiqətən də ermənilər Osmanlı İmperiyası dönəmində ən yaxşı həyatlarını yaşayıblar. Osmanlı dövləti həmişə ermənilərə dayaq olub. Həm ticarətdə, həm sənətdə, həm də idarəçilikdə yüksələ bilmək üçün onlara imkan yaradıb. Bu siyasətin önündə də demokratik anlayış gedir. Ermənilər kimi digər azlıqlar da Osmanlı tərəfində müdafiə və mühafizə edilib, onların istər dini inancları, istərsə də digər hüquqları tamamilə qorunub. Ticarətin ən vacib sahələri bunların əlində olub, çox zəngin olublar. Rahatlıqla kilsə tikdirib, orada ibadət ediblər. Amma Osmanlı İmperiyası zəifləyən kimi, bir neçə istiqamətdə müharibə aparan kimi, ermənilərin damarında xəyanət qanı baş qaldırdı və Rusiya ilə birləşərək Osmanlını vurmağa başladılar.

— Erməni zülmünə məruz qalan yerlərdən biri də İğdır vilayətidir…

— O zaman erməni zülmünü yaşayan yerlərin önündə İğdır gəlir. Bizim arxivlərdə olan materiallar, nənə və babalarımızın söhbətləri göstərir ki, burada çoxsaylı toplu məzarlar var. İnsanları damlara doldurulub diri-diri yandırıblar, öldürüb quyulara atıblar. O dövrlər güllə bahalı imiş. Ermənilər əlavə xərc çəkməmək üçün ucuz üsullarla, vəhşicəsinə qətliam törədiblər. Bu qətliamın izləri İğdırın Hakməmməd, Oba, Dizə, Kadıqışlaq kəndlərində var. Açılmağı gözləyən bir sıra kütləvi məzarlarımız da var. Adını çəkdiyim kəndlərdəki kütləvi məzarlar universitetlər tərəfindən araşdırılır və oralarda soyqırımın törədilməsi sübut edilib. Dövlət başçısının razılığı ilə bu qətliam baş verən yerlərdə işlər başlayacaq. Qondarma “erməni soyqırımı”nın mahiyyəti belədir. Osmanlı ona arxadan zərbə vuran bu təbəənin sürgün edilməsinə qərar verib. «Çox üsyankar davranmısınız, Osmanlıya aid yerlərdə baş qaldırmısınız, əhaliyə zərər vermisiniz, soyqırımı törətmisiniz» deyərək onları sürgün etmək qərarına gəlib. Sürgün zamanı təbii ki, yollarda xəstəlikdən ölən ermənilər olub. Osmanlı dövlətinin o zaman cəmi əhalisi 13 milyon 600 min nəfər idi. Elə bu rəqəm ötən əsrin əvvəllərində milyon yarım erməninin öldürülməsi iddiasının yalan olduğunu göstərir. Ermənilərə o vaxt da, indi də əmr verənlər olub. O vaxt erməniləri əldə alət edən İngiltərə idi. Tarixi sənədlərdə göstərilir ki, ingilislər İstanbulun işğalı ərəfəsində Osmanlını soyqırım törətməkdə günahlandırmaq üçün sübutlar axtarıblar. Osmanlı padşahlarını, çox yüksək vəzifədə olan insanları həbs edərək Maltaya, arxivləri isə İngiltərəyə göndəriblər. İngiltərədə bu sənədlər hüquqşünaslara təqdim olunub, onlardan soyqırım törədilməsini əsaslandırmaq tələb edilib. Amma nəticədə görüblər ki, əllərində olan sənədlərlə bir ölkəni soyqırım törətməkdə ittiham etmə çox gülünc çıxır. Bu səbəbdən ittihamdan vaz keçdilər və Maltada həbsdə saxlanılan insanları azadlığa buraxmaq məcburiyyətində qaldılar. Onsuz da erməniləri əldə alət edənlər bu sənədlərlə soyqırım törədildiyini isbatlaya bilsəydilər, bu ittihamı bu günə saxlamazdılar. İsveçrə, Fransa kimi ölkələrin parlamentləri bu soyqırımı qəbul edib. Hətta mən İsveçrədə olarkən dedim ki, soyqırımı ermənilər törədib. Hansı millətin hansı millətə qarşı soyqırımı törətdiyini isbatlamaq üçün 100 il əvvələ getmək lazım deyil. Onlar fevralın 26-da dünyanın gözü qarşısında Xocalı soyqırımını törədiblər.

— Ermənilər soyqırıma məruz qaldıqlarını iddia edirlərsə, niyə beynəlxalq məhkəmələrə müraciət etmirlər?

— Axı məhkəmələr soyqırım törədildiyini nəyə əsasən iddia edirsiniz deyə sual verəcəklər. Belə bir sənədlər varmı? Əgər varsa. Moskva, İngiltərə, Amerika arxivləri açsın. Türkiyə onsuz da deyir ki, gəlin sənədlər baxaq, görək belə bir soyqırım olub ya yox? Biz əcdadımızın nəinki ermənilərə, heç bir millətə qarşı soyqırım törətdiyinə inanmırıq, qorxmuruq. Biz qorxmuruq, gəlsinlər, arxivlərimizi açsınlar. Çox yaxın tarixdə onlar Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər. Nəyə güvənərək bunu etdilər? İndi onlar Qarabağda tarixi dəyişməyə cəhd edirlər. Onlar yerli xalqın mədəniyyətinə dair abidələri yox etməyə çalışırlar. Ora qədim Azərbaycan, türk torpaqlarıdır və ermənilər işğal etdikləri əraziləri dərhal tərk etməlidir. Bir sıra beynəlxalq qurumların Azərbaycan torpaqlarının işğalı faktını tanıdığı halda ermənilər öz sahiblərinə, onlara əmr verən dövlətlərə güvənərək oranı tərk etmirlər. Bölgədə bəzi dövlətlərin gücündən istifadə edərək özlərini müdafiə altına alıblar. Üstəlik Türkiyə ilə sərhədlərin açılmasını istəyirlər. Yer üzündə ikinci belə utanmaz, həyasız millət yoxdur. Həm mənim qardaşımın torpağını işğal edirsən, insanlarını öldürürsən, həm də deyirsən sərhədləri aç. Sərhəddən keçib bura hansı üzlə gələcəksiniz, üzünüz qızarmayacaqmı? Amma bir gün gələcək, sahibinizin də sizi qorumağa gücü qalmayacaq. Onda nə edəcəksiniz? 45 illik saziş imzalayaraq ölkənizin müdafiəsini təmin edə bilərsiniz. 45 il insan həyatı üçün uzun bir dövr ola bilər. Amma dövlətlərin tarixi üçün bu o qədər də uzun müddət deyil.

Bu torpaqlarda dəhşətli erməni zülmü yaşanıb. Əsas zülm də Qarsda törədilib. Ərzurumda, Vanda soyqırımın izlərinə rast gəlmək mümkündür. İğdırda da erməni zülmünü göstərən tarixi abidələr mövcuddur. Bunu sübut edən sənədlər var. Biz dünyadakı insanlara səslənirik ki, bu komediyaya son qoyulsun. Erməni yalanlarını rədd edin, qoy dünya sülhə qovuşsun. Onlar işğal etdikləri Azərbaycan torpaqlarından çəkilsinlər. Bölgədə sabitlik olsun. Ermənilər «Böyük Ermənistan» xülyasındadır, bizdən torpaq istəyirlər. Hətta Konstitusiyalarında bizimlə olan sərhəd xətləri göstərilməyib. Bu sərhədləri qəbul etmirlər. Ağrı dağının onların olduğunu deyirlər. Amma Ermənistanda əhalinin sayı ciddi şəkildə azalmaqdadır. İnsanlar bu ölkəni tərk edirlər. Ermənistan bütün tarixi proseslərdən, tarixi İpək yolundan, enerji, dəmiryol layihələrindən kənarda qalıb. İqtisadi cəhətdən ciddi itkiyə məruz qalıblar. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsi olduğu halda, Ermənistan ən zəif inkişaf edən ölkələr siyahısında ilk yerlərdədir. Ermənilər düşmənlikdən əl çəkməlidirlər, bununla əldə edəcəkləri bir şey yoxdur. Yalan uzun sürməz. Gec-tez dünya həqiqətləri görəcək. Bunu Amerika, Fransa, İngiltərə də bilir.

— Ermənistan və Türkiyə tarixçilərindən ibarət müştərək komissiyanın yaradılması, Sürix protokolları və s. Ermənistan həmişə Türkiyənin bu cür yanaşmalarından qaçır. Bəlkə Ankara xoş məram nümayiş etdirmək əvəzinə daha fərqli taktika seçməlidir?

— Hazırda Türkiyənin həyata keçirdiyi siyasəti daha real hesab edirəm. Baş nazirimizin xoş məramlı münasibətinə ermənilər eyni ciddiyyətlə yanaşmayıblar. Erməniləri müdafiə edən ölkələr Türkiyəyə təzyiq göstərərək iki ölkənin yaxınlaşmasını və sərhədlərin açılmasını tələb edirlər. Bunlar normal tələblərdir. Amma ermənilər Türkiyə ilə olan sərhədləri tanımır. Türkiyəni idarə edən şəxslər Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarıldığı təqdirdə münasibətləri normallaşdırmağın mümkün olduğunu deyirlər. Türkiyə bunu istəyir və xoş məramı eyni zamanda Ermənistan tərəfdən də gözləyir. Amma ermənilər “Amerika və Fransa bizi dəstəkləyir, sonda bu sərhədləri açacaqlar” xəyalları ilə yaşayırlar. Bunun baş verməsi mümkün deyil. Biz burada sinəmizi qabağa verərik. Türkiyə üçün siz balaca ölkə sayılırsınız. Osmanlı sizi qanadları altına almışdı. Ermənistanın hazırkı prezidenti qətliamlarda iştirak etmiş, militarist insandır. Bəlkə yeni rəhbərlik gələrsə, bunların etmədiklərini gerçəkləşdirə və münasibətləri bərpa edə bilərlər. Mən istəyirəm ki, bu məsələ sülh yolu ilə həll olunsun. Azərbaycanın müharibəyə girməsini istəmirik. Çünki Azərbaycan bölgənin ən çox inkişaf edən, ən zəngin yeraltı qaynaqlara sahib ölkəsidir. Ölkənin çox gözəl idarə edildiyini düşünürəm. Bəzən internet saytlarında, qəzetlərdə Azərbaycana “pulunuz var, silahlandınız, niyə durmusunuz, Ermənistana hücum etmirsiniz” kimi çağırışlar yer alır. Azərbaycanı müharibəyə təhrik etmək istəyənlər var. Amma bu çağırışlara uymamaq lazımdır. Siyasət ürəklə deyil, ağılla görülür. Bu məsələnin sülh yolu ilə həll ediləcəyini gözləyirik. Ermənilər müharibəsiz Qarabağdan çəkiləcəklər.

— İğdırda 10 il bələdiyyə başqanı oldunuz, hər zaman Azərbaycan sizin üçün birinci planda olub. Xocalı faciəsi ilə bağlı təşkil etdiyiniz konfranslar, yerli və xarici mətbuata açıqlamalar Azərbaycanda izlənilib və hər zaman müsbət qarşılanıb. Azərbaycanda olan soydaşlarınıza verə biləcəyiniz bir mesaj varmı?

— Azərbaycanı çox sevirəm. Bu, əslimin, kökümün oradan gəlməsi ilə bağlı deyil. Bu, insanlıq məsələsidir. Azərbaycan 100 ilə yaxın əsarət altında yaşayıb. İndi müstəqilliyinə qovuşub. Mənim üçün də önəmlisi budur. Azad, demokrat, müstəqil Azərbaycan görmək. O bayraq mənim, şanım, şərəfimdir. Hollandiyada biz Xocalı faciəsi ilə bağlı mərasim keçirdikdə Hollandiya polisi ora gəldi və təhlükə olduğunu, ermənilərin burada terror, qətliam törədə biləcəyini dedi. Mən isə dedim ki, biz qanuni olaraq bütün öhdəliyimizi yerinə yetirmişik, bizi qorumaq sizin vəzifənizdir. Qaldı digər məsələyə, mən buraya ölməyə gəlmişəm, qoy öldürsünlər. Bu, Azərbaycanın haqlı davasıdır. Xocalıda qətliam törədilib. Əsas soyqırımı odur. Azərbaycan xalqına əmin-amanlıq diləyirəm. Sabahları çox parlaqdır. Ölkələrinə güvənsinlər, ölkələri üçün çalışsınlar. Dünyada sürətlə inkişaf edən ölkələr siyahısına Azərbaycan rəhbərlik edir və mən bundan qürur duyuram. Türkiyə tarixində ən böyük yatırımı Azərbaycan gerçəkləşdirir. O zaman mən Türkiyədə yeganə azərbaycanlı bələdiyyə sədri idim. Bəzi şanssızlıqlar yaşandı. Ağılla hərəkət etməməyin nəticəsi bu gün önümüzə çıxdı. Mən insanları təkrar ağıllı olmağa dəvət edirəm. Azərbaycanlıların ölkələrinə çox bağlı olduqlarını, sevdiklərini bilirəm. Səbirlə ölkənin inkişafını gözləsinlər, bundan hər kəs payını alacaq. Milli gəlir getdikcə artacaq. İnsanlar rifah içində yaşayacaqlar. Mən Azərbaycanın gələcəyindən əminəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 310