Muəllif:

NATO münaqişələrin həllində tərəf olmalıdır

Zənnimcə, NATO-nun perspektiv fəaliyyətində bu məsələlər prinsipial əhəmiyyət kəsb edir:
— NATO 4 aprel 1949-cu ildə bağlanmış Vaşinqton Müqaviləsinin 10-cu maddəsinə uyğun olaraq özünün maraq çərçivəsi elan edilmiş Şimali Atlantika regionuna aid edilən bütün Avropa dövlətlərinə, ilk növbədə isə Gürcüstana və Ukraynaya üzvlük üçün dərhal rəsmi təklif göndərməlidir. Bu addım alyansın Ukrayna böhranı ilə bağlı mövqeyinin möhkəmləndirilməsini nümayiş etdirməklə yanaşı, həm də NATO üzvü olmayan Avropa və postsovet məkanında yerləşən digər dövlətlərin seçim imkanlarına şərait yaradılmasının ən yüksək göstəricisi olardı. İndiyə qədər NATO rəsmilərinin «Alyansın qapıları hər kəs üçün açıqdır» ifadəsi yalnız deklarativ xarakter daşıyırdısa, üzvlüyə rəsmi dəvət bütün tərəddüdləri aradan qaldıra bilər və məsuliyyət də artıq dəvət göndərilən dövlətlərin hökumətlərinin üzərinə düşər.
— Avropada sülhün və təhlükəsizliyin təmin olunmasında, münaqişələrin həllində ATƏT-in fəaliyyətinin effektivsizliyini nəzərə alaraq, NATO və AB bu məsələlərin həllində müsbət nəticələr əldə etmək üçün yeni əməkdaşlıq strategiyası müəyyən etməlidirlər. Bu strategiyada NATO və AB üzvü olmayan, coğrafi baxımdan Şimali Atlantika regionuna aid edilən dövlətlər, o cümlədən bu coğrafi məkana aid edilən postsovet ölkələri Avropanın təhlükəsizlik zolağına daxil olan ərazilər kimi nəzərdə tutulmalıdır.
— NATO ATƏT-in fəaliyyətinə istinad edərək ikili standartlara yol açan addımlardan çəkinməli və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərini və ərazi bütövlüyünü tanıdığı, münaqişələrin həllinin birmənalı olaraq bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğu barədə rəsmi sənəd qəbul etməlidir.
— NATO və AB tərəfindən coğrafi baxımdan Avropanın təhlükəsizlik zolağına aid edilən postsovet ölkələrinin ərazilərindəki münaqişələrin həllinə yönəlik proseslərdə Rusiya ilə eynidərəcəli maraqlı tərəf kimi iştirakı nəzərdə tutan strategiya müəyyən edilməlidir.
— NATO ilə SNT proqramı çərçivəsində tərəfdaşlığın sərhəd və müddətləri dəqiq müəyyən edilməli, yəni sonsuzluğa qədər davam etmə ehtimalı aradan qaldırılmalıdır.
— Növbəti mərhələdə SNT proqramı çərçivəsində əməkdaşlığın qarşılıqlı fayda və səmərəsini artırmaq məqsədilə, imzalanan sənədlər iki yerə bölünməlidir: — icrası mütləq tələb olunan şərtləri əhatə edən sənədlər və tövsiyə xarakterli sənədlər.
— Növbəti mərhələdə SNT proqramı çərçivəsində tərəfdaşlıq sənədlərində beynəlxalq (regional) sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlik öhdəliklər də əks olunmalıdır. Yəni əməkdaşlıq təkcə birtərəfli faydalı olmaqla kifayətlənməməli, sənədlərdə həm də mümkün imkanlar çərçivəsində beynəlxalq (regional) sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə və qarşılıqlı öhdəliklər nəzərdə tutulmalıdır.
— Daha yaxşı olar ki, müxtəlif səbəblərdən hələlik NATO-ya üzvlük imkanında olmayan dövlətlər üçün SNT proqramı çərçivəsində əməkdaşlıq tərəfdaşlığın başqa yeni məzmun və daha böyük əhəmiyyət kəsb edən səviyyəsinə keçirilsin. Bu halda həmin dövlətlərə 4 aprel 1949-cu ildə bağlanmış Vaşinqton Müqaviləsinin bəzi maddələrinə qoşulmaq imkanı da verilə bilər. Bu yeni proqrama qoşulan dövlətlər də kateqoriyalara bölünməli, hər növbəti səviyyə əvvəlki səviyyədən daha cəlbedici, sərfəli, üstün imkan və statusun əldə edilməsinə şərait yaratmalıdır.
— NATO və AB artıq unudulmağa doğru addımlayan GUAM-ın aktuallaşmasına yardım etməli, postsovet məkanının Avropa qitəsinə aid hissəsində regional sülhün və təhlükəsizliyin təmin olunmasında GUAM-ın rolunun artırılması, bu qurumla əməkdaşlıq strategiasının qəbul olunmasına maraq göstərməlidirlər.
— Bəlli səbəblərdən Ermənistanla əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirməklə yanaşı, həm də bu ölkə ilə həyata keçirilən layihələrin hazırlanması zamanı Azərbaycan-Ermənistan-Türkiyə üçbucağı nəzərə alınmalı, tərəflərin mövqelərinin yaxınlaşmasına yardım edilməlidir.
— Postsovet məkanında, xüsusilə də Qara dəniz, Cənubi Qafqaz və Xəzər bölgəsində sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlik layihələrin effektivliyinə müsbət təsir göstərmək məqsədilə bu layihələrdə Türkiyənin rolu və məsuliyyəti artırılmalıdır.
— Regional sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlik layihələr hazırlanarkən İran İslam Respublikasının maraqları nəzərə alınmalı və bu ölkənin həmin layihələrə qarşı çıxması diplomatik üsullarla önlənməlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 210