Muəllif:

Milli təhlükəsizlik, həqiqət və azadlıq

Ankara

İki çox vacib və uzağa gedən nəticələri olacaq hadisə ətrafında bəzi fikirlərimi oxucularımla bölüşmək istəyirəm. Hal-hazırda Ankarada yaşadığım üçün tərəfkeşlik edib Türkiyədən başlayacam.
Bu günlərdə Türkiyəyə, obrazlı desək, Tunqus meteoriti düşdü. Xarici işlər nazirinin, Baş Qərargah rəisi müavininin və Milli İstihbarat Təşkilatı (MİT) rəhbərinin, yəni bizim təbirimizcə, milli təhlükəsizlik nazirinin iştirak etdiyi qapalı toplantının audioyazısı sosial şəbəkələr vasitəsilə yayımlandı.
Baş nazirin müavini Bülənt Arınç bəyan etdi ki, Türkiyə güc strukturlarının məxfi müşavirəsinin detallarının açıqlanmasından ölkəyə qarşı istifadə olunacaq. Onun sözlərinə görə, bunun Türkiyə dövlətçiliyinə qarşı yönəldiyinə heç bir şübhə yoxdur.
B.Arınç qeyd edib ki, baş verənlər Suriya rejiminin, terrorçu qruplaşmaların və «əl-Qaidə»nin maraqlarına uyğundur.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu vəziyyəti şərh edərkən bəyan edib ki, Türkiyə güc strukturlarının məxfi müşavirəsinin detallarının açıqlanması faktiki olaraq dövlətə qarşı müharibə elan etməyə bərabərdir. Onun sözlərinə görə, dövlət belə əməl sahiblərinin aşkar edilməsi və cəzalandırılması üçün mümkün olan hər şeyi edir. Bundan başqa, XİN rəhbəri bildirib ki, ölkənin güc strukturlarının dinlənilməsi ölkəyə qarşı casusluğa bərabərdir. Baş nazir Rəcəb Tayip Ərdoğan səsinin batmasına baxmayaraq baş verənləri «namussuzluq» adlandırıb.
Bundan sonra ölkədə YouTube-a giriş rəsmən bağlanıb. Xüsusilə qeyd etmək istəyirəm ki, yalnız rəsmən. Gerçəkdə isə Twitter qadağasında olduğu kimi, internet istifadəçilərinin YouTube-a girişinin qarşısını almaq mümkün olmayıb. Elə mən özüm də YouTube və Twitter-ə girməyin, necə deyərlər, alternativ üsullarını tapmışam, Türkiyədə yaşayan bütün insanlar kimi.
Birincisi, qanunun aliliyindən və azadlıqlardan başlayım. Yazılmamış bir qanun var. Hakimiyyət yalnız həyata keçirə biləcəyi qadağalarla bağlı qərarlar qəbul etməlidir. Bu qanun bütün dövlətlər, o cümlədən Azərbaycan üçün də keçərlidir. Ən azından ona görə ki, bu qanun işləməyən təqdirdə hakimiyyətin özü gülünc hala düşür, nüfuzunu itirir. Türkiyədə prezidentdən tutmuş sıradan bir vətəndaşa qədər hamı YouTube və Twitter-ə girməyin alternativ yollarını taparaq bu qadağaları yox saydı.
Türkiyədə baş verənlər bir tərəfdən, qadağalarla azadlıqların məhdudlaşdırılmasının, əgər söhbət internetin total qadağasından getmirsə, qeyri-səmərəli, digər tərəfdən isə, vətəndaşlarda hakimiyyətə, ən önəmlisi isə qanunların aliliyinə hörmətin səviyyəsini heçə endirir. Qanunların aliliyi ilə bağlı bizim heç bir problemimiz yoxdur. Bunun nə olduğunu, necə deyərlər, heç əzəldən bilmirik. Amma hakimiyyətə hörməti həmişə qanımıza yeritmək istəyiblər.
İkincisi, milli təhlükəsizlik məsələsi də hakimiyyətin təqdim etdiyi yalnız bir faktorla məhdudlaşmır. Aşağıdakı faktorlara diqqət etmək lazımdır:
— əvvəla, YouTube və Twitter-ə girişin bağlanmasının milli təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Necə deyərlər, olan olub, keçən keçib. Hamı müvafiq xəbərlə tanış olandan sonra YouTube və Twitter-ə girişin, özü də yalnız Türkiyə ərazisindən bağlanmasının milli təhlükəsizlik maraqları ilə izahı ən azından gülüncdür;
— sözsüz ki, dövlət adamlarının qanun dışı dinlənilməsi bütün hallarda casusluq kimi dəyərləndirilə bilər və əksər hallarda elə belə də dəyərləndirilməlidir. Yəni niyyətindən asılı olmayaraq dövlət adamlarının müvafiq məhkəmə qərarı olmadan dinlənilməsi qanunlara zidd cinayət əməlidir və ciddi cəzalandırılmalıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, söhbət audio yazıları cəmiyyətə çatdıran kütləvi informasiya vasitələrindən deyil, bu qeyri-qanuni dinləmələri təşkil edənlərdən gedir. Cəmiyyəti məlumatlandırmaq KİV-lərin vəzifəsidir;
— digər tərəfdən, aşkarlanan audio yazıların məzmununa diqqət yetirmək lazımdır. Haqqında danışılan audio yazıda söhbət Suriya ərazisində yerləşən Süleyman şah türbəsini qoruyan Türkiyə silahlı qüvvətləri hissəsinə qarşı təxribatın təşkilindən gedir. Dövlətin müvafiq orqanlarının bu və ya digər hərbi-siyasi məqsədləri gerçəkləşdirmək üçün digər dövlətlərin ərazisində bu tip, o cümlədən, ölkə vətəndaşlarının həyatına qarşı birbaşa təhdid olacaq əməliyyatların keçirilməsi zəruriliyini müzakirə etməsi təəccüblü deyil. Bütün aktiv xarici siyasət həyata keçirən qlobal və regional dövlətlər belə əmaliyyatlar həyata keçirir. Amma bu tip əməliyyatların gizliliyi təmin edilməlidir. Çünki ölkə vətəndaşlarının həyatlarına qarşı birbaşa təhdid olacaq belə əməliyyatların həyata keçirilməsi özü da qanun baxımından ağır cinayətdir. Əgər audio yazı saxta deyilsə, yuxarıda haqqında danışılan vəzifəli şəxslər ən azından istefaya göndərilməlidirlər;
— və nəhayət, çox gizli dövlət əhəmiyyətli məsələlərin müzakirə edildiyi, özü də MİT rahbərinin iştirakı ilə keçirilən qapalı toplantıların dinlənilməsi, doğrudan, milli təhlükəsizlik problemidir. Əslində baş vermiş olay sistemin bərbad, demək olar ki, yox vəziyyətində olmasının göstəricisidir. Türkiyənin ən tanınmış jurnalistlərindən biri olan və dünən çap olunan yazısında məsələnin bu tərəfinə xüsusi önəm verən Fatih Altaylı ilə tam razıyam. Ərdoğan hökumətinin hesabat verməli olduğu əsas məsələ də budur.
İndi isə keçək bizim milli təhlükəsizliklə bağlı problemlərimizə. Bu gün bizim insan haqlarıyla bağlı problemlərdən danışacaq halımız belə yoxdur. İki xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Rusiya Xəzər Donanması gəmilərinin, raket divizionlarının və dəniz piyadalarının iştirakı ilə Dağıstanda genişmiqyaslı taktiki təlimlər keçirilir. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Adanak poliqonunda keçirilən təlimdə 1000-dən artıq hərbçi iştirak edir. 150 ədəd döyüş və xüsusi təyinatlı texnikanın cəlb olunduğu təlimlərdə 2S9 «Nona» özüyeriyən «haubitsalar», MT-12 «Rapira» tank əleyhinə toplar, həmçinin «Metis» və «Faqot» tank əleyhinə idarə olunan raket komplekslərindən istifadə olunur. Təlimdə dəniz piyada taborları tərəfindən şərti rəqibin dəniz sahilinin tutulması, gəmi qruplaşmalarının məhvi ssenariləri icra olunur. Xəbərdə həm də qeyd olunur ki, martın 15-dən Rusiya Xəzər Donanmasının gəmiləri Xəzər dənizində təlimlərə başlayıb. Təlimdə «Tatarıstan», «Dağıstan» raket gəmiləri, «Ataman Platov» orta desant kateri və 4 ədəd «Serna» tipli sürətli desant kateri iştirak edir.
Keçək ikinci xəbərə. Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini yaralanıb.
Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, Əlibəyli kənd sakini 40-42 yaşlı Etibar Tağıyev ayağından yaralanıb. Məlumata görə, o, evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək E.Tağıyevin ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəbərdə həmçinin deyilir ki, bu, son altı ayda baş verən ən intensiv atışmadır.
Yada salmaq istəyirəm ki, Rusiyanın 2008-ci ildə Gürcüstana və Ukraynaya qarşı bu gün də davam edən hərbi təcavüzləri də hərbi təlimlərdən başladı.
Bir də yada salmaq istəyirəm ki, Rusiyanın Ermənistandakı 102 nömrəli hərbi bazası, demək olar ki, Azərbaycan sərhədində yerləşib. İndi isə iki ritorik sualla son nöqtəni qoymaq istəyirəm: Azərbaycan həm Şimaldan, həm də Qərbdən başlaya biləcək Rusiya hərbi təcavüzünün qarşısını almaq üçün ən azından kafi dərəcədə təhlükəsizlik və önləyici tədbirlər həyata keçiribmi? Hazırda bölgədə mövcud geosiyasi ortamda «uğurlu, balanslaşdırılmış xarici siyasətlə» bir müstəqil dövlət kimi Azərbaycanın təhlükəsizliyini təmin etmək mümkündürmü?!
rauf_mirkadirov@zerkalo.az  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 465