Muəllif:

Kəşfiyyatçı olmaq…

Rauf Mirqədirov olayı medianı bu mövzuya kilidləmədi. Bu olayı dərk etmək, həzm etmək bir az zor oldu. Bir az nədir, əməllicə zor oldu. Bu ittihamı yerbəyerdən şübhə altına almaqdan, yaxud gözləməyi tövsiyə etməkdən o yana gedilmədi. Təhlükəsizlik xidmətinin ünvanına kinayə, istehza daha çox oldu — gör kimi tutursunuz… Amma mən özlüyümdə gözləyirdim ki, söz deyə bilənlər indiyədək hər kəsin aralı durduğu bu məsələ ətrafında auditoriyaya daha dərinliklə söz açacaqlar. Deyək ki, maarifləndiricilik aspektində. Axı çağdaş dönəmdə casusluq kimi çox dərin intellektə söykənən fəaliyyət öz növbəsində çox dərin yanaşma tələb edir və bu, aktual mövzu olmalıdır bizim üçün, amma nəyə görəsə aktuallaşmır. Bəlkə intellekt qıtlığımız var — bilmirəm. Hər halda, bu hadisə bizim sümüklərimizi donduranda nəyə görəsə düşündüm ki, üzləşdiyimiz bu qeyri-adi olay mövzuya təkan verər. Olmadı belə. Halbuki 1988-ci ildən bəri vaxtaşırı xatırladılır ki, Azərbaycan dünyanın az qala bütün güc mərkəzlərini təmsil edən casusların rəqabət apardığı, ilan-çayan kimi qaynaşdığı bir məkana çevrilmişdir. Mən, Allaha şükür, şpionomaniya xəstəliyindən-filandan əziyyət çəkmirəm. Amma onlar burada var, içimizdə, böyür-başımızda öz işlərindədir. Kim deyə bilər ölkəmizə qarşı casusluq fəaliyyətləri yoxdur?
Məsələ Mirqədirovu və ya bu iş üstündə tutulan hər hansı başqa bir fərdi əsaslı və ya əsassız müdafiədən, kimisə az qala siyasi məhbus səviyyəsinə qaldırmaqdan getmir: sübut varsa, nə söz. Cavab verməlisən. Kim olursa olsun, ən ağır cəzaya layiqdir. Sübut yoxsa və ya sübut edə bilməyəcəklərsə, bu artıq ittihamçıların, ifşaçıların öz professional problemləridir. Bizim isə, bütün namuslu vətəndaşlarımızı nəzərdə tuturam, ölkəmizin mövqeyi, imkanları, önəmi baxımından dördgöz olmaq vəzifəmizdir.
Konkret Mirqədirov məsələsində biz gözləyirik. Məsələ geniş rezonans doğurduğundan bütün toplum maraq edir. Hər kəs bunu soruşur və heç kəsin inanmağı gəlmir. Və bu məsələnin nə kimi nəticəyə varacağını hamı kimi biz də hələlik bilmirik. Mən bu olayın fonunda ümumən ölkəmizə qarşı yönəlmiş casusluq fəaliyyətləri barədə peşəkarcasına danışmağı deyirəm — hesab edirəm ki, insanımızın gözüaçıq olmasından, tora düşməməsindən ötrü casusluğu ifşa olunanların əhvalatları elə ifşaçıların özü tərəfindən mövzunun tələbinə uyğun bir biçimdə ictimailəşməlidir. Axı hər il MTN-in açıqlamalarında bu kimi halların üstünün açılmasından söz gedir. Özü də İrana işləyənlər, Ermənistana işləyənlər barədə az-çox danışılır, Amerikaya işləyənlər barədə ara-sıra şifahi, ötəri ittihamlar eşidilir. Rusiyaya işləyənlər barədə isə onların varlığından ayrı-ayrı fərdlər tərəfindən ötəri söz edilsə və ya gümanlara varılsa da, rəsmi ağızlardan bir qayda olaraq danışmamağa üstünlük verilir. Bu özü də bir başqa düşündürücü aspektdir.
Əlbəttə, kitablardan oxumuşuq ki, özlüyündə casusluq da bir peşədir və öz güzərarını, karyerasını risk edib casusluq üzərində quranlar bütün zamanlarda, bütün xalqların tarixində hər zaman olmuşdur və olacaq. Bu barədə azmı oxumuşuq, azmı filmlərə baxmışıq? Satqınlar hər zaman olub və olacaq. Düşmənin zəif və güclü tərəflərini üzə çıxarmaq… Maraq dairəsinə düşən yaxın və uzaq ölkənin siyasi və iqtisadi durumu, silahlı qüvvələrinin vəziyyəti… Neft və qaz kimi bu gün iri dövlətləri baş-başa gətirən ehtiyatlarımız, strateji coğrafi mövqeyimiz, qonşu ilə savaş durumunda olmağımız, ərazimizə iddialar varkən… Bir-biri ilə açıq rəqabətdə və ziddiyyətdə olan Avroatlantik blokda, Rusiya blokunda, İslam ölkələri blokunda həm varkən, həm yoxkən… Hamısı bizi birmənalı olaraq öz yanında, öz orbitində görmək istərkən…Casusluğu şərtləndirən daha nə lazımdır? Biz dörd tərəfdən mikroskop altında olduğumuzun fərqindəyikmi?
Hələ 70-ci illərin əvvəllərində əsgərlikdə olanda bizə deyirdilər ki, amerikalılar kosmosdan Brejnevin şəklini çəkiblər — Kremlin həyətində gəzinti vaxtı ayaq saxlayıb saatına baxır və saatın markası və neçəni göstərdiyi fotoşəkildə aydın görünür. Bu bizə fantastika kimi görünürdü, indi isə elektron izləmə proqramının miqyası elə genişlənib ki… İnternet üzərindən dinləmə, video, şəkilçəkmə o qədər asanlaşıb ki… İndi Vaşinqtonda oturub Avropa ölkələrinin siyasi rəhbərlərinin məxfi söhbətlərini dinləyirlər. Axı xarici siyasətçilərin nə niyyətdə olmasının təhlili kəşfiyyat əməliyyatlarının təməlində dayanır. Müttəfiq müttəfiqi gizlicə dinləyir, silahdaş silahdaşın altına, kabinetinə, yataq çarpayısına böcək qoyur. Gündə neçə kərə öskürüb-asqırdığı da nəzarətdən kənarda qalmır.
Bizim kimi texnologiyası zəif olan ölkələrdə isə hər şey ovcun içi kimi… Üstəlik də yoxsulluqdan, pulsuzluqdan, işsizlikdən, hakim komandaya ideoloji antipatiyadan qaynaqlanmaqla, satılmağa hazır olan nə çox… Özü də pul verirlərsə… Cəlbetmənin bu qədər məkrli variantları varkən…
Bu gün bütün dünya xəbər tutub ki, qlobal dinləmə deyilən bir şey var. ABŞ xüsusi xidmətləri məxfi PRİSM proqramı vasitəsilə Apple, Facebook, Google, Yahoo və Microsoft kimi 9 nəhəng internet şirkətinin serverlərinə giriş əldə edib.
Sirr deyil ki, Amerikanın Milli Təhlükəsizlik Agentliyi və onun Britaniya analoqu olan Hökumət Kommunikasiyaları Baş Qərargahı artıq elektron poçt, dərhal ismarış xidməti, serverlərdə saxlanılan informasiya, fayl və sosial şəbəkələr vasitəsilə aparılan yazışmalara giriş əldə etməyi bacarıb.
Misal üçün, nə istəyir Amerika bizdən? Rusiyada Allen Dallesin «reallığa çevrilmiş sayıqlamalarından», onun bütün postsovet məkanı üçün hələ də qüvvədə olduğundan çox söz edilir. Maraqlananlar bunun mahiyyəti barədə çox şey tapıb oxuya bilərlər. Rusiyanın postsovet ölkələrindən istədikləri, onun bu ölkələrdə casusluq fəaliyyətləri barədə də çox şey tapıb oxumaq və yaxşı-yaxşı düşünmək olar. Pullanmış ərəb mərkəzləri yatıb yuxularında «xilafət» görürlər. İran mərkəzlərinin ən böyük arzusu bizi öz tərkiblərində görməkdir. Ermənistan bizim yox olmağımızı yamanca çox istəyir. Bir sözlə, bizim kimi mühüm önəm kəsb edən və texnoloji baxımdan hələ imkansız durumda olan ölkələrin vətəndaşı, özəlliklə də media mənsubları, özünü QHT-çilikdə görənlər bu kimi filmlərə çox baxsa, bu mövzuda nə qədər çox oxusa, həm özünə, həm ailəsinə, həm də ölkəsinə o qədər faydalı olar.
Keçmiş MTN şefi, özü də keçmiş jurnalist olan Namiq Abbasov bir toplantıda yarızarafat-yarıciddi demişdi ki, jurnalistlərdən yaxşı kəşfiyyatçı çıxır, çünki onlarda müşahidəçilik qabiliyyəti güclüdür. Uzağa niyə gedək — dünyanın ən güclü kəşfiyyatçılarından olan həmyerlimiz Rixard Zorge leqal jurnalist olaraq çalışırdı.
Mənə görə, bu ölkənin şərəfinin və təhlükəsizliyinin keşiyində durmaq jurnalistikanı özünə peşə seçənlərin bir nömrəli vəzifəsi olmalıdır. Çünki bu adamlar toplumla sıx münasibətdədir və ən başlıcası, Söz deyə bilirlər. Mən, əlbəttə, düşüncə adamlarını, öz sözləri olan və peşələrinə sadiq qalan, çörək ağacından asılmaqdansa, dünyadan bir azca tez getməyi üstün tutan, kiməsə mirzəlik etmək rəzalətini özünə rəva görməyənləri, adamlıq damarı olanları, Türk olduğunu bir an da unutmayanları nəzərdə tuturam.
Ölkənin təhlükəsizliyi, millətin şərəfi — bunun mücadiləsini aparmaq üçünsə heç də MTN-də ştatda olmaq və oradan maaş almağa gərək yox. Qısası, kəşfiyyatçı olmaq. İstəyirsən buna casusluq de.
umudlu@zerkalo.az  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1287