Muəllif:

İnternet — məscid deyil

Rəhbərin təbəəni xoşbəxt eləməsi üçün heç ona qulaq asması da yox, özünü qulaq asırmış kimi göstərməsi kifayətdir. Bu fenomenin səbəblərini kütlə psixologiyası üzrə mütəxəssislər izah ediblər, amma kütlənin içindəki düşünən, aldadıldığını başa düşən fərdləri belə izahlarla ovundurmaq olmur.
Prezidentlərin xalqla ünsiyyətinin müxtəlif formaları, üsulları var. Hamısının mahiyyəti, demək olar, eynidir: camaat sevinir ki, nə istədiyini birbaşa millət rəhbərinin özünə deyə bilir, millət rəhbəri də razıdır ki, özü istədiyini birbaşa camaata dedizdirir. Onu minnətçi də saldı.
İndi texnika əsridir. Yeni-yeni ünsiyyət formaları yaranır. Və yeni-yeni illüziyalar doğurur. Təbii, millətin xoşbəxtliyini düşünən dövlət başçısı belə imkanı əldən verməz! Durmadan gözləri oynayan, sanki cibinə qoymaq üçün ətrafda nəsə axtaran Putin xalqla virtual görüşlər keçirməyin böyük üstünlüklərini dərhal başa düşdü. O, ölkəsinin hər bir vətəndaşına öz prezidentinə İnternetlə canlı sual verib, canlı cavab almağa imkan yaradan ilk dövlət rəhbərlərindən biri oldu.
Çox müasir, cəmiyyətdə liderin demokratikliyi və səmimiliyinin mühüm göstəricisi kimi qiymətləndirilən addımdır. Bir də görürsən, media bəh-bəhlə yazır ki, filan prezident İnternetdə yazışdı, filan aparatın rəhbəri Facebook-da səhifə açdı, filan nazir tvit atdı, instaqramdan paylaşdı. Guya, İnternet siyasətçilər üçün məscid kimi bir yerdir: oraya məkrli niyyətlə girmək, yalandan namaz qılmaq olmaz.
Ötən həftə Putin, nəinki Putin, bütün Rusiya xalqla rəhbərin növbəti illik internet görüşünə hazırlaşırdı. Dövlət televiziyası bu möhtəşəm hazırlığa xüsusi veriliş həsr etmişdi. Öyrəndik ki, prezidentin virtual efirə çıxacağı studiyada 40 ton, yəni bir vaqon avadanlıq quraşdırılacaq. 200 adam bir həftə çalışacaq. Yayıma böyük vəsait sərf ediləcək. Aparıcı həmin gün fərdi kompüterlərinin qarşısında nə qədər sadəlövh vətəndaşın «çalışacağını» da təxminən bildirdi. Dedi ki, ötən il birbaşa xətdə prezidentə 3 milyon sual və müraciət ünvanlanmışdı. Putin 5 saat ərzində onlardan 85-nə cavab vermişdi.
Dövlət rəhbərinə göndərilən hər virtual sual onunla görüşə gələn hər real adamdan daha ciddi yoxlamadan keçirilir. Baxmayaraq ki, suallar çəkmə atmırlar. Odur ki, 5 saat ərzində 85 suala cavab vermək olar, amma bu müddətə 3.000.000 müraciəti ələyib, onlardan 85-ni seçmək mümkün deyil. Hətta mümkün olsa belə, bu cür işə minlərlə mütəxəssis ayırıb onların fəaliyyətini mərkəzləşdirmək kimi axmaq bir fikir ağıllı adamın başına gəlməz. Aparacı bunları demədi, amma axırda əlavə etdi ki, bu il, xüsusilə «Krım qələbəsi»ndən sonra prezidentin reytinqi artdığı üçün ona daha çox sual-müraciət göndəriləcəyi gözlənilir.
Əminəm ki, Putinlə ünsiyyət saatlarını səbirsizliklə gözləyənlərə aparıcının söyləyə biləcəyi bir sirr də qaldı. Bu sirr isə ondan ibarətdir ki, bir neçə gündən sonra prezidentin cavablandıracağı 86 (yaxud 90, fərqi yoxdur, təki 85-dən az olmasın) sual artıq hazırdır, dövlət başçısı ilə razılaşdırılıb və ölkənin müxtəlif regionlarına onu ünvanlayacaq adamlara göndərilib.
Əsrimiz texnika əsri olmaqdan çıxıb, informasiya texnologiyaları əsrinə çevrilib.
arif@yeninesil.az  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 1,00 из 10)
Oxunma sayı: 325