Muəllif:

Human Rights Watch: Rəsmi Bakı Rauf Mirqədirovu azad etsin

Human Rights Watch təşkilatının bu gün yaydığı bəyanatda bildirilir ki, tanınmış müstəqil jurnalist Rauf Mirqədirovun Türkiyədən zorla və tələsik çıxarılmasından sonra Azərbaycanda tutulması bu həbsin iki ölkə arasında kordinasiyalı bir əməliyyat şəklində həyata keçirildiyinin əlamətlərini göstərir və bu beynəlxalq hüquq normalarının pozulmasıdır.

Mirqədirovun vəkillə təmin olunmasına və zəruri hüquqi müdafiəsinə şərait yaratmadan zorlaAzərbaycana göndərilməsinə görə Türkiyə tərəfi üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərini pozmuşdur. Azərbaycan tərəfi Mirqədirovu Bakıda beynəlxalq hava limanında 19 aprel 2014 tarixində həbs etmişdir. Nəsimi Rayon Məhkəməsinin 21 aprel tarixli qərarı ilə Mirqədirov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilmişdir. Məşhur tənqidçi jurnalist və siyasi şərhçi Mirqədirov casusluq ittihamı üzrə təqsirli bilinir və təqsiri sübüta yetirildiyi təqdirdə onu 10 ildən ömürlük həbs olunmaya qədər  cəza gözləyir.

“Heç bir zəruri hüquqi müdafiə təmin olunmadan jurnalistin Azərbaycana zorla göndərilməsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq ehtimalı dərhal və hərtərəfli araşdırılmalıdır. Mirqədirova qarşi sürülən ittihamların müstəqil şəkildə araşdırılma bitənə qədər o, həbsdən azad olunmalıdır,” deyə Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müavini Rachel Denber bildirib.

Azərbaycanda nəşr olunan müstəqil Ayna və Zerkalo qəzetlərinin Türkiyə təmsilçisi olaraq 2010-cu ilin avqust ayından Mirqədirov ailəsi ilə birgə Ankarada yaşayıb. Azərbaycanda tənqidçi jurnalist fəaliyyətinə görə təzyiq və hədə-qorxudan ehtiyatlanaraq 2010-cu ildə o, ailəsi ilə Türkiyəyə köçmüşdür. Jurnalist heç bir zaman Türkiyədə sığınacaq üçün müraciət etməmişdir.

Mirqədirov Azərbaycanda və Türkiyədəki baş verən siyasi hadisələri təhlil edib və insan hüquqları ilə bağlı müxtəlif məqalələrlə mətbuatda çıxış edib. Hər iki ölkədəki pisləşən siyasi durumu və insan hüquqları pozuntularını öz məqalələ və şərhlərində tez-tez tənqid etmişdir. Son dönəm yazılarında o, Azərbaycanda 8 gənc fəalın həbsini və onların işi üzrə davam edən məhkəməni ciddi tənqid etmişdir. Digər bir yazısında o, Türkiyə hökumətinin YouTube şəbəkəsini qapatması qərarını sərt şəkildə tənqid etmişdir. Jurnalist fəaliyyəti ilə yanaşı, Mirqədirov həm də Dağlıq Qarabağ — Azərbaycanın tərkib hissəsi olan və əhalisinin çoxu etnik ermənilərdən olan muxtar bölgə — münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası (second track diplomacy) istiqamətində müxtəlif təşəbbüslərdə iştirak etmişdir. Münaqişə tərəfləri arasında etimad və dialoq qurulması məqsədi ilə qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən bir sıra tədbirlərin içtirakçısı olmuşdur.

Jurnalistin vəkili Fuad Ağayev Human Rights Watch-a bildirib ki, 9 aprel tarixində Mirqədirov və onun jurnalist olan həyat yoldaşı Ankaradakı Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinə dəvət olunmuşdur. Orada onlara heç bir əlavə izahat verilmədən bildirilib ki, onların hər ikisinin jurnalist akkreditasiyası artıq ləğv olunub. Lakin, jurnalistin vəkilinin və həmkarlarının bildirdiyinə görə isə akreditasiyanın müddəti 2014-cü ilin sonuna qədər etibarlı imiş. Mirqədirova və onun həyat yoldaşına Türkiyəni tərk etmək üçün 2 həftə möhlət verilib.

Jurnalistin akreditasiyasının ləğvi Baş Nazir Rəcəp Tayyib Erdoğan və Prezident İlham Əliyev arasında Bakıda keçirilən görüşdən az sonraya təsadüf etmişdir. Onun akreditasiyasının ləğvi və az sonra deportasiya olunması bütün bunların həmin rəsmi görüşdəki anlaşma ilə bağlı olması və həyata keçirilən əməliyyatın iki ölkə arasında razilaşdırılmış və kordinasiyalı şəkildə olması haqda narahatlıqlar yaratmışdır.

19 aprel tarixində Mirqədirov öz ailəsi ilə Gürcüstana getmək məqsədi ilə avtobusa mindikdən qısa müddət sonra Türkiyə yetkililəri avtobusu durduraraq jurnalisti saxlamışdır. Bu, hələ jurnalistin əvvəldən nəzarətdə olduğunu göstərir. Jurnalisti oradaca ailəsindən ayıraraq bir neçə saatdan sonra təyyarə ilə Bakıya göndərilib. Mirqədirov Türkiyədə saxlanıldığı zaman vəkil ilə görüşmək üçün təkid etsə də, ona nə özünün seçdiyi vəkili ilə görüşməsinə imkan verilmiş, nə də başqa vəkillə görüşmə imkanı yaradılmamışdır. Türkiyə rəsmiləri deportasiya qərarının səbəblərini jurnalistə izah etməmiş və bu qərardan etiraz etməsi üçün ona heç bir şərait yaratmamışdır. Azərbaycanın Milli Təhlükısizlik Nazirliyinin əməkdaşları jurnalisti elə Bakı hava limanında çatanda həbs etmişdir. Jurnalist  hazırda istintaq təcridxanasında saxlanılır.

“Türk rəsmiləri heç nədən çəkinmədən açıq-açığına Mirqədirovu səbəbsiz yerə tutaraq qanunsuz olaraq Azərbaycana göndərmişdir. Törədilən bu utanmaz hərəkət və pozuntu araşdırılmalı və məsuliyyət daşıyan şəxslərdən bunun hesabı soruşulmalıdır,” deyə Denber bildirib.

Azərbaycan və Türkiyənin də imzaladığı Avropa İnsan Hüquqları Konvensiyasında qeyd olunur ki, qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, “qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla”, oradan çıxarıla bilməz və onun ölkədən çıxarılmaya qarşı minimal qoruma prosedur imkanları icra edilməlidir (maddə 1, 7 Saylı protokol). Bu imkanlara şəxsin özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək, öz işinə baxılmasını tələb etmək və bu məqsədlərə görə səlahiyyətli orqan qarşısında və belə orqanların təyin etdiyi şəxs yaxud şəxslər qarşısında təmsil olunmaq hüququ daxildir.

Bu qoruma prosedurlarının başlıca funksiyası şəxsin ölkədən çıxarılacağı təqdirdə insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınmasını təmin etməkdir. Bu, məsələn işgəncə və pis rəftarın, qanunsuz tutulmanın, məhkəmə hüququnun təmin edilməməsinin qadağan edilməsi kimi prosedurlara riayət olunmasını nəzərdə tutur. Eyni ilə, səmərəli hüquqi vasitələrin təmin olunması (maddə 13) onu nəzərdə tutur ki, zorla ölkədən çıxarılmaya məruz qalan hər bir şəxs  çıxarılma baş vermədən əvvəl bu çıxarılma qərarını mübahisələndirsin ki, çıxarıldığı təqdirdə Avropa Konvensiyasının tələblərinə zidd olaraq real işgəncə və pis rəftara məruz qalma riski vardır.

Mirqədirovla baglı məsələdə zəruri hüquqi proseslərin heç biri təmin olunmamışdır və beləliklə son nəticədə jurnalistin deportasiya edilməsi Türkiyənin öz öhdəliklərini pozması ilə həyata keçirilmişdir. Deportasiya edilməklə jurnalistin bir sıra hüquqları təhlükə altına qoyulmuşdur.

Məsələn, hökumətə qarşı fəaliyyət göstərdiyi səbəbiylə həbs olunan şəxslərə qarşı işgəncə və pis rəftar, o cümlədən tez-tez istifadə olunan zor altında təqsirini boynuna alınması kimi hallar Azərbaycanda rast gəlinən hüquq pozuntularındadır. Human Rights Watch təşkilatı bildirir ki, Mirqədirovun qanunsuz olaraq saxlanılması və Azərbaycana göndərilməsi ilə Türkiyə şəxsin göndərildiyi ölkədə işgəncə və ya pis rəftara məruz qalma ehtimali olduğu təqdirdə həmin ölkəyə göndərilməməsi üzrə olan öhdəliyi pozmuşdur. Türkiyənin bu riski öncədən qiymətləndirmək öhdəliyi var idi.

Mirqədirovun vəkilinin Human Rights Watch-a birdirdiyinə görə jurnalistə qarşı irəli sürülən casusluq ittihamı onun 2008-2009-cu illərdə Ermənistana, Gürcüstana və Türkiyəyə etdiyi səfərlər ilə əlaqədardır. Prokurorluq iddia edir ki, bu səfərlər zamanı jurnalist Ermənistanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq edərək onlara Azərbaycanın dövlət sirri hesab olunan hərbi vəziyyət və ictimai-siyasi durumla baglı məlumat və foto materialları vermişdir.

Vəkil qeyd edib ki, 21 aprel tarixli məhkəmədə prokuror jurnalistə qarşı sürülən ittihamları, həbs qətimkan tədbiri seçilməsi qərarını əsaslandırmaq üçün heç bir sübüt və dəlil təqdim etməmişdir. Hakim vəkilin bu məsələlərlə bağlı verdiyi vəsatətlərin hamısını rədd etmişdir. Mirqədirov qeyd etmişdir ki, ona qarşı olan bu ittihamların hamısı saxtadır və burada məqsəd digər jurnalist və hüquq müdafiəçilərini qorxu altında saxlamaqdır. Jurnalist bildirib ki, Ermənistan və digər ölkələrdə beynəlxalq təşkilatlar tərəfindən təşkil edilən müxtəlif konfranslarda iştirak edib və bu tədbirlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təmsil edərək öz ölkəsinin maraqlarını müdafiə etmişdir. Jurnalist vurğulayib ki, onun bu tədbirlərdə iştirakı qanunauyğun olubdur.

Mirqədirovun həbsi Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində rotasiya üzrə sədrlik etməsinə bir neçə həftə qalmış baş vermişdir. Avropanın bu mötəbər insan hüquqları qurumuna 2001-ci ildə qoşulandan sonra Azərbaycan üzərinə götürdüyü çoxlu sayda üzvlük öhdəliklərini yerinə yetirməmişdir. Təkcə son ildə, Azərbaycan hökuməti bütün mümkün səylərdən istifadə edərək tənqidçiləri susdurmaq məqsədi ilə çoxlu sayda siyasi fəalı, bloqqeri və digərlərini saxta və siyasi motivli ittihamlarla həbsə atmışdır. Hazırda ən azı doqquz jurnalist və 4 Facebook fəalı müxtəlif saxta ittihamlarda təqsirləndirilərək dəmir barmaqlıq arxasina salınmışdır.

“Mirqədirovun həbsinin konteksti və təsadüf etdiyi dövr onu göstərir ki, ona qarşı sürülən ittihamlar siyasi motivlidir. Burada məqsəd onu tənqidçi baxışlarına görə cəzalandırmaq və eləcə də digər müxalif fikirli insanlara xəbərdarlıq mesajı göndərməkdir,” deyə Denber bildirib. “Avropa Şurası və ona üzv dövlətlər Azərbaycan hökumətinə müraciət edərək jurnalistə qarşı sürülən ittihamların müstəqil şəkildə araşdırılması bitənədək onun həbsdən azad olunmasına çağırmalı və həm də Türkiyə və Azərbaycana insan hüquqları üzrə öhdəliklərinə əməl etmələri üçün təzyiq göstərməlidir”, — deyə bəyanat barədə contact.az tərəfindən yayılan icmalda deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 87