Muəllif:

Əli Hüseynli: Xalq diplomatiyası nəinki əhəmiyyətsiz, hətta çox təhlükəlidir

Əli Hüseynli düşünür ki, QHT-lərin, jurnalistlərin xalq diplomatiyası adı altında görüşləri Ermənistan xüsusi xidmət orqanlarının nailiyyətlərinə işləyib, Qərbin, ABŞ-ın xalq diplomatiyası adı ilə həyata keçirdiyi layihələr nəinki əhəmiyyətsiz, hətta çox təhlükəlidir. O deyir:

“Bəzi vəkil və hüquq müdafiəçilərinin dövlətə xəyanət ittihamı ilə həbs olunan jurnalist Rauf Mirqədirovun fəaliyyətini ictimaiyyətə “xalq diplomatiyası” kimi çatdırması yanlışdır. Ölkə ictimaiyyəti birdəfəlik bilməlidir ki, hazırkı müharibə vəziyyətində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu məsələlərin tənzimlənməsi üçün münasibətlər ancaq müəyyənləşdirilmiş rəsmi çərçivədə aparılır”.

APA-ya açıqlamasında Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli daha sonra qeyd edib ki, qanuni baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlər və xarici işlər nazirləri səviyyəsində danışıqlar olur: “Ancaq müstəsna hallarda, müəyyən bir mandatla Azərbaycan parlamentariləri beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı səfərlərdə iştirak edirlər. “Xalq diplomatiyası” adı ilə Qərbin, ABŞ-ın həyata keçirdiyi layihələr nəinki əhəmiyyətsiz, hətta çox təhlükəlidir. Bunu bizim ictimaiyyətin bilməsi çox vacibdir. Bu ad altında əslində Azərbaycan torpaqlarının işğalı vəziyyətində, guya ki, vətəndaş cəmiyyətləri arasında münasibətləri yaxşılaşdırmaq cəhdinin arxasında nəticə etibarı ilə mövcud vəziyyətlə barışmaq kimi çox təhlükəli ideya durur. “Xalq diplomatiyası” yalnız Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş torpaqlarının azad olunmasından, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə rəsmən üzr istəməsindən sonra mümkün ola bilər.

Yeganə olaraq bir neçə il əvvəl Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyevin verdikləri bəyanatlardan sonra Moskva tərəfinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı ziyalının səfəri olub. Amma bu da bir müsbət davam etmədi. Çünki Azərbaycan-Ermənistan danışıqları müəyyən bir dövrdən sonra yenə də dayanmış oldu”.

Komitə sədri xüsusi bəyan edib ki, jurnalistlərin, QHT nümayəndələrinin, yaxud digər vətəndaş cəmiyyəti təmsilçilərinin “xalq diplomatiyası adı altındakı təmasları effekt verə bilməz: “Əksinə Rauf Mirqədirovla bağlı hadisə də göstərdi ki, bu, təhlükəlidir, belə haldan Ermənistanın xüsusi xidmət orqanları istifadə ediblər. QHT nümayəndələrinin, ayrı-ayrı şəxslərin, jurnalistlərin, digər vətəndaş cəmiyyəti nümayəndələrinin “xalq diplomatiyası” adı altında həyata keçirdikləri səfərlər, görüşlər birbaşa Ermənistan xüsusi xidmət orqanlarının nailiyyətlərinə işləyib. Bu, bəlkə də o iştirakçılarının özlərinin də xəbəri olmadan baş verir”.

Ə. Hüseynli bildirib ki, “xalq diplomatiyası”dan yalnız xalqın mandat verdiyi şəxslər istifadə edə bilər.

Komitə sədri onu da bildirib ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları xüsusi peşəkarlığı ilə seçilir: “Hesab edirəm ki, hazırda atılan addımlara, hüquqi prosedurlara dözümlə yanaşmaq lazımdır. Əlbəttə ki, hər şey təqsirsizlik prezumpsiyasını gözləmək şərti ilə həyata keçirilir”.

MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ səfirliyinin dövlətə xəyanət ittihamı ilə barəsində həbs qəti imkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovla bağlı bəyanatına münasibət bildirərkən ABŞ səfirliyinin hüquq müstəvisində olan məsələyə siyasi münasibət bildirməsinin Azərbaycan tərəfdə təəssüf doğurduğunu vurğulayıb.

O qeyd edib ki, kimliyindən asılı olmayaraq, qanunvericilik çərçivəsində prosessual tərəflər qorunmaqla, həbs olunmuş şəxsin Azərbaycanda Avropa standartlarına tam uyğun olan müdafiə mexanizmlərindən istifadə etmək imkanı var: “Hər hansı şəxsin fəaliyyət növündən asılı olmayaraq həbsinə siyasi qiymət, siyasi bəyanat vermək doğru addım deyil. Bu, hüquq sisteminə hörmətsizlikdir.

Qeyri-hüquqi mexanizmlərlə insanların həbsi təcrübəsi təəssüf ki, elə ABŞ-da mövcuddur. Quantanamo həbs düşərgəsi və sair buna misaldır. Prezident Barak Obama prezident seçilərkən bəyanat vermişdi ki, bu qara səhifəni — Quantanamo məsələsini bağlayacaq, təəssüf ki, bunu görmədik”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rauf Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahat olduğunu bəyan edib: “Biz həmçinin Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq”.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 104