Muəllif:

ABŞ İranın BMT-də yeni nümayəndəsinə viza verməyəcək

Vaşinqton İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbəri Həmid Əbutalıbiyə bu ölkənin ərazisinə daxil olması üçün viza verməyəcəyini bildirir.  Ağ Evin sözçüsü Cey Karni deyib ki, artıq bununla bağlı BMT və İran hökumti məlumatlandırılıb.

Əbutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. Əbutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının bir üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda təqsirləndirilir.

ABŞ Nümayəndələr Palatası aprelin 10-da İranın BMT daimi nümayəndəliyinin yeni rəhbəri Həmid Əbutalıbinin ölkə ərazisinə buraxılmasının qarşısının alınması barədə qanun layihəsini yekdilliklə qəbul edib. Bundan əvvəl, aprelin 7-də ABŞ Senatı tərəfindən təsdiqlənmiş sənəd qüvvəyə minməsi üçün ölkə prezidenti tərəfindən imzalanmalıdır. Qanun layihəsinin müəllifi Texsas ştatının senatoru Ted Kruzdur. Sənədə əsasən, terrorçuluq, adam oğurluğu və casusluq fəaliyyəti ilə məşğul olmuş şəxslər ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil edir və onların bu ölkənin ərazisinə daxil olması qadağan olunmalıdır. Artıq ABŞ Konqresi qanunun təsdiqlənməsi üçün Prezident Administrasiyasına təqdim edib.

Ancaq bununla belə, Əbutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi olduğunu bildirib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 85