Muəllif:

Yusifsiz qaldı dünya…

Dünyadan bir yaxşı da getdi. Onun haqqında yaxşıların yaxşısı desəm, bəlkə də daha doğru, daha obyektiv olardı. AzTV-də mənim tanıdıqlarımın ən yaxşılarından idi Yusif müəllim. Acı xəbəri eşidəndə nə qədər fikirləşdim onu nə vaxtdan tanıdığımın tarixini, müddətini dəqiqləşdirmək istədim, alınmadı. Niyə dəqiqləşdirmək istədiyimi də bilmədim, əsas o idi ki, mən onu tanıyırdım və hər dəfə görəndə, qarşılaşanda bu sakit, həlim xasiyyətli insanla nə qədər əsəbi, gərgin olsam belə üzümə təbəssüm verib salamlaşıb keçməyi özümə borc bilirdim. Bir təbəssümlə könlünü xoş etmək, hörmətimi bildirmək və ən əsası insana, insalığa nümunə olacaq bu mələk simalı, mələk missiyalı insana olan hədsiz sevgimi bildirmək istəyirdim. O da beləydi. Fikirli, qüssəli olsa belə qarşılaşanda gülümsünər və hər dəfə ürək sevindirən, qəlb açan sözləri ilə könül ovundurardı. Baxmayaraq ki, çox danışmağı sevməzdi, amma danışdıqları sözlərin hamısını o qədər sakit, o qədər məhəbbətlə deyərdi ki, nə qədər bədbin ruhda olsam belə bir ruh, xoş duyğu gələrdi mənə. Əvvəllər otaqlarımız yaxın olduğundan tez-tez rastlaşardıq dəhlizdə. Hərdənbir Gülaynan birləşib çay süfrəsinə dəvət edib dərdləşərdik də onunla. Son illərin ağlagəlməyən, amma başımıza gələn olaylarından danışar, dərdləşərdik. Bir-birimizə ürək-dirək verər, hər qaranlıq gecənin bir işıqlı gündüzü olacaq reallığını konkret misallarla xatırladar və o günü həsrətlə gözləyərdik. Alınmadı. Neçə-neçə yarımçıq qalan ömürlər, ürəkdə qalan arzular kimi onun da arzusu yarımçıq qaldı. Heyf, çox heyf. Bizim yaşıdımız olmasa da, Yusif müəllimi hər kəs öz yaşıdı hesab edirdi.Ona görə ki, onun aləmində yaş yox idi, insan və insanlıq var idi. Yaxşılıq və pislik var idi. Xeyir və şər var idi. Olanların, olacaqların hamısında yaxşılığı, xeyiri fikirləşirdi. Ona görə ki, o xeyirxahlıqdan doğulmuşdu. Qanıyla, canıyla, sakit görkəmi ilə hər kəsə sevinc, sevgi vermək istəyirdi. Yaradan sevdiyi bəndələrinə belə böyüklük, sadəlik və səmimilik qismət edir. Tanrının sevimlilərindən idi. Onun sərvəti, şöhrəti və çoxlarının gözünü qamaşdıran kreslosu olmasa da, bunun müqabilində hər kəsə nəsib olmayan sadəliyi, səmimiliyi var idi. Gözləntiləri də var idi. Elə böyük iddiası olmasa da, bizim həyatımızın dəyişməsini, bizlərə olan haqsızlıqları sinirə bilmədiyini, haqqın, ədalətin bərpa olunacağı günü gözləyənlərdən idi.
Yusif müəllim bu dünyada rəhmətini qazanan kişilərdən idi. Onu görəndə üzlərə qonan təbəssümlər, gözlərə dolan gülüşlərin sayı birdimi, beşdimi? 7-dən 70-ə, böyüklü-kiçikli hər kəs sevgisini bir cür çatdırırdı Yusif müəllimə. Və bu sevgi onun kreslosuna, yığıb-döşürdüyü sərvətə, özündən mənsəbcə böyüklərin qabağında əyilə-əyilə yüksələn vəzifəsinə, milyonlar verib qazandığı titullara deyil, insanlığına, rəhimliliyinə və mülayimliliyinə olan hörmət və məhəbbət idi. Xoş o kəslərin halına ki, Allhın buyurduğu və sevdiyi əməl sahibidilər. Mülayimdirlər, sakit, təmkinlidilər və həm də emosionaldırlar. İnsanlığın düsturu bax budur. Bizim sevimli Yusif müəllimimiz kimi…
Səni heç vaxt unutmayacağıq, Yusif müəllim. Yaxşılar görəndə səni anacaq, səni xatırlayacaq, səni düşünəcəyik. Nazimin, Cəlalın, Gülayənin, səni sevən hər kəsin gözünə, könlünə və beyninə köçdün. Ölümü ilə daha bir ömür qazananlara qoşuldun.
P.S. İş yerimi dəyişəndə görüşüb, vidalaşa bilmədim səninlə. Ona görə lap çox sarsıldım bu xəbərə. Belə olacağını ağlıma belə gətirməzdim. İndi isə səninlə vidalaşmaq yox, halallaşacağım günü gözləyəcəm, intizarla. Sənin və sənin dostlarının gözlədiyi, arzuladığı bir gün var. Həmin gün ziyarətə gələcəm. Ürəyimdə deyəcəyim sözləri də deyəcəm. O gün uzaqda deyil. Məkanın cənnət, ruhun şad olsun, Yusif Müəllim. Sevgi və ehtiramla.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185