Muəllif:

Yeni parkinq siyasəti: şəxsi avtomobildən az istifadə edilsin…

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi deyir ki, yollarda yaranan tıxacların bir əsas səbəbi də qeyri-qanuni parklanmadır. Təkcə ötən il şəhərin əsas küçə və prospektlərində 12 815 ədəd qanunsuz parklanma faktı qeydə alınıb.
Mərkəzin baş direktoru Elnur Abdullayevin sözlərinə görə, qanunsuz parklanmanın qarşısını almaq üçün hazırlanan Nəzarət Sistemi 1 ildən sonra istismara veriləcək. Paytaxtda 160-170 yerüstü parklanma meydançası (hər biri 300-1000, bir neçəsi isə 2 000 avtomobil üçün) tikintisi nəzərdə tutulub. Hazırda onların 3-nün tikintisi başlanıb. Eyni zamanda, taksilər üçün 3-4 iri parklanma meydançası inşa olunacaq.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hazırda ölkədə 1 milyon 150 min avtomobil var. Bunların 703 mini Bakıdadır. Son 10 ildə avtomobillərin sayı 2,3 dəfə artdığı halda, Bakıda bu 4,3 dəfə artıb. Ölkə ərazisinin 2,7 faizini təşkil edən Bakı şəhərində avtomobillərin 60 faizdən çoxu cəmləşib. Bakıda hər 1000 nəfərə 310 avtomobil düşdüyü halda, bu rəqəm Gəncə-Qazax iqtisadi rayonunda 79, Şəki-Zaqatalada 52, Lənkəran iqtisadi rayonunda 51, Quba-Xaçmaz iqtisadi rayonunda 46, Aran iqtisadi rayonunda 50, Dağlıq Şirvan iqtisadi rayonunda 42, Naxçıvan iqtisadi rayonunda 71-dir.

Bu gün paytaxtda avtomobillərin cərimə meydançalarına aparılması adi hal alıb. Avtomobilini küçədə saxlayıb bir neçə dəqiqəlik xəstəxanaya, məktəbə, poçta gedən vətəndaş geri döndükdə avtomobili yerində tapa bilmir. Heç bir xəbərdarlıq edilmədən götürülən avtomobilin tapılması uzun çəkir. Kim tərəfindən və haraya aparılmasını öyrənmək əsl qan qaralığıdır.

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin qənaətinə görə, dövlət ilk növbədə vətəndaş qarşısında müəyyən pozitiv öhdəlikləri yerinə yetirməlidir:

«Normal ölkələrdə dövlət avtomobillərin saxlanılması üçün dayanacaqlar təşkil edir. Buna görə də vətəndaş avtomobilini küçədə saxlamır. Azərbaycanda isə dövlət üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmir. Amma maşını haradasa saxlayan vətəndaşın avtomobili cərimə meydançasına aparılır. Paytaxtda yolların böyük bir hissəsində məhdudlaşdırıcı xətlərin çəkildiyini nəzərə alsaq, əksər ərazidə maşın saxlamaq olmaz. Belə görünür ki, vətəndaş paytaxt ərazisində atomobil saxlaya bilməz. Amma qadağan olunan ərazilərdə saxlanılan avtomobilin cərimə meydançasına aparılması da qanuni şəkildə həyata keçirilmir. «Yol hərəkəti haqqında» qanun qadağan olunmuş yerlərdə avtomobil saxlanılmasına icazə vermir. Amma bu gün həmin ərazilərdə saxlanılan avtomobillərin oradan götürülməsinin konkret mexanizmləri yoxdur. Avtomobillərin cərimə meydançasına aparılmasının özü dəqiq şəkildə tənzimlənməyib. Avtomobil heç bir xəbərdarlıq edilmədən ərazidən götürülür. Eyni zamanda evakuatorun özünün statusu qeyri-müəyyəndir».

Bir neçə yeni avtomobil dayanacağında qiymətlərlə maraqlamdıq. Bu qiymətlər əhalinin aldığı əməkhaqqı ilə uyğunlaşmır.
Park Bulvarın yeraltı dayanacağında 1 saat avtomobil saxlamaq 1 manat, 1-3 saat – 2 manat, 3-8 saat – 3 manat, 8-12 saat – 6 manat, 12-15 saat – 10 manata başa gəlir. «Nizami» m. st-nın yaxınlığında tikilən çoxmərtəbəli dayanacaqda 6 saat avtomobil saxlamaq 1 manat, 12 saat – 2 manat, 24 saat – 4 manatdır. Bu dayanacaqda aylıq abunə 100 manatdır.
Park Center ticarət mərkəzində isə avtomobil dayanacağının qiyməti 1 saat üçün 1 manatdır. Bu dayanacaqda 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 4 manat, 6-12 saat üçün 6 manat, 12-24 saat üçün 8 manat tələb olunur. Bu dayanacaqda aylıq abunə 200 manatdır. Belə olan halda vətəndaş avtomobilini təkcə iş saatı ərzində dayanacaqda saxlamaq üçün ay ərzində ən azı 200 manat sərf etməlidir.

Bu arada Bakıda parkinq üzrə vahid tarif tətbiq olunacağı gözlənilir. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, təklif Tarif Şurasına təqdim olunub və bu yöndə il ərzində real addımlar gözlənilir.
Bəzi ekspertlər düşünür ki, parkinq siyasəti təkcə avtomobillərin küçədə saxlanılmasını aradan qaldırmağa xidmət etməməlidir. Əsas bu olmalıdır ki, vətəndaş şəxsi avtomobilindən daha az istifadə etsin.
Bakı şəhərində hər avtomobil sahibi orta hesabla yanacağa 3-5 manat xərcləyir. Üstəlik avtomobilin təmir və digər saxlanma xərcləri var. Əlavə olaraq 20-30 manat da parkinq xərcləri olarsa, yəqin ki, çoxları avtomobili evdə qoymalı olar. Bunun əvəzində 1-2 manat ictimai nəqliyyata ödəmək daha sərfəli deyimi?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115