Muəllif:

Xeyriyyəçilik stimullaşdırılacaq

Dünya ölkələrinin bir çoxu kimi Azərbaycanda da bundan sonra xeyriyyəçiliklə məşğul olanlara vergi güzəştləri tətbiq oluna bilər. MM Sosial Siyasət komitəsi 2013-cü ilin yaz sessiyasında xeyriyyəçilik, sponsorluqla bağlı yeni qanun layihəsi hazırlamağı planlaşdırır. Qanunda xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq.
Adıçəkilən komitənin sədr müavini Musa Quliyevin fikrincə, belə qanunun qəbul olunmasında ən böyük çətinlik vergi güzəştlərinin tətbiq olunmasıdır:
«Xeyriyyəçilər hər zaman nümunə kimi göstərilir və belə insanlara, təşkilatlara dövlət tərəfindən müəyyən güzəştlər vacibdir. Bu məsələ də qanunla tənzimlənməlidir. Hələlik bununla bağlı müvafiq qurumlarla bu güzəştlərin hansı formada tətbiqi ilə bağlı danışıqlar aparılır».
Deputat bildirib ki, qanun mədəniyyət sahəsi, həmçinin sosial və humanitar layihələr üçün nəzərdə tutula bilər.
İqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, xeyriyyəçiliklə məşğul olan hüquqi və fiziki şəxslərin vergiyə cəlb olunması əslində, düzgün deyil. Çünki onların vergi prosesinə cəlb olunması xeyriyyəçiliyin miqyasını stimullaşdıran deyil, əksinə, onun qarşısını alan addım kimi qiymətləndirilir:
«İndiki zamanda Azərbaycanda xeyriyyəçiliyə daha çox ehtiyac var. Bu baxımdan onu stimullaşdıran tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı».
N.Əliyev söyləyir ki, normal sahibkarlıq fəaliyyətilə məşğul olanların vergiyə cəlb edilməsi sahəsində baş verənlər bu sahəyə marağı azaldır. Bu baxımdan hazırda ölkədə yalnız bir qrup şəxs sahibkarlıqla məşğul ola bilir.
Dünyanın əksər ölkələrində sponsorluq korporativ sosial məsuliyyətin bir elementi kimi qəbul edilir və praktiki olaraq, korporativ sosial məsuliyyətlə bağlı layihələr həyata keçirən şirkətlər belə müxtəlif sosial layihələrin maliyyələşməsinə kömək edirlər. Korporativ sosial məsuliyyətlə bağlı ən çox tanınmış modellərdən biri alman modelidir. Bu gün alman modeli Avropa ölkələrində, Mərkəzi-Şərqi Avropa ölkələrində tətbiq edilir. Almaniyada korporativ sosial məsuliyyət və sponsorluqla bağlı ayrıca bir qanun var.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçıları bildirirlər ki, Azərbaycanda sponsorluq haqqında qanunun yoxluğu korporativ sosial məsuliyyətin inkişafını əngəlləyir. Belə bir qanunun yoxluğu birmənalı şəkildə sponsorluğun inkişafını əngəlləyir:
«Bütövlükdə, sponsorluğu təklif edən qanunvericilik aktında kifayət qədər az elementlər var. Sponsorluğun stimullaşdırılmasına ehtiyac var. Hər bir şirkətin sponsorluq fəaliyyətinin stimullaşdırılması ilə bağlı qanunvericilikdə maddələr olmalıdır. Dünyanın əksər ölkələrində sponsorluq fəaliyyəti ilə məşğul olan şirkətlər qanunvericiliklə müəyyən vergi güzəştləri əldə edir. Bu, da onların işinə bir stimul verir. Eyni zamanda, sponsorluq məqsədi ilə vəsait xərclənən zaman həmin vəsaitləri şirkət öz xərclərinə daxil edə bilir. Xərclərin daxil edilməsi ilə mənfəətin azalması və daha az mənfəətin ödəməsinə gətirib çıxardar. Yəni, praktiki olaraq, şirkətin daha az vergi ödəməsi müəyyən qədər stimul yaradır».
Azərbaycanda isə bu tip stimullar yoxdur. Sponsorluq fəaliyyətini həyata keçirən şirkətə hər hansı bir vergi güzəşti və hər hansı bir vergi azalmaları tətbiq edilmir. Xeyriyyəçilik sponsorluq və korporativ sosial məsuliyyətin sərhədləri müəyyənləşməyib. Korporativ sosial məsuliyyət inkişaf etməyib və bu səbəbdən sponsorluq və xeyriyyəçilik fəaliyyəti həyata keçirən şirkətlər adətən sponsorluq və xeyriyyəçiyə daha çox özlərini tanıtmaq fəaliyyəti kimi baxırlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1165