Muəllif:

Xarici universitetlərin reytinqi: onlara inanmaq olarmı?

Əgər qəti olaraq xaricdə təhsil almaq fikrinə gəlmisinizsə, onda universiteləri götür-qoy etməli olacaqsınız. Axı təkcə Böyük Britaniya və ABŞ-da 5000-dən çox ali məktəb var. Bir çoxları düşünür ki, bəlli reytinqlər onlara daha münasib ali məktəbi seçmək imkanı verəcək.
Bir çoxları üçün universitet reytinqləri seçimdə yeganə və sözsüz əsas rolunu oynayır. Həm də belə bir fikir geniş yayılıb ki, ancaq ilk «iyirmiliyə» daxil olan ali məktəblərə qəbul olmaq lazımdır. Şübhəsiz, ən yaxşı xarici universitetlərdən birinin diplomuna sahib olmaq nüfuz əlaməti hesab olunur, lakin bir sıra nüansları da nəzərə almaq lazım gəlir.
Reytinqdən reytinqə fərq var
Ondan başlayaq ki, Times Good University Guide, US News, QS World University Rankings və Shanghay Ranking ən nüfuzlu reytinqlərdir. The Times-ın reytinqi Britaniya ali məktəbləri və 60 ixtisas üzrə cədvəldən ibarətdir. Bu reytinq bakalavr proqramı üzrə qiymətləndirmə aparır və ixtisas üzrə daha ətraflı reytinq hesab olunur. Bu reytinqin analoquna heç bir ölkədə rast gəlinmir. ABŞ ali məktəb və kolleclərinin illik reytinqi US News nəşriyyatı tərəfindən təqdim olunur. Ən çox sitat gətirilən universitet reytinqlərinə Şanxay universitetinin Shanghai Jiaotong University və QS World University Rankings daxildir.
Beləliklə, bütün dünyada gənclərin üz tutduğu ali məktəb reytinqlərini dünyada sayılıb-seçilən qurumlar tərtib edir. Gənclər ən yaxşı ali məktəblərə qəbul olmaq istəyir, bütün dünyadan olan ali məktəblər isə reytinqə düşmək və daha ön pillələrdə olmaq üçün rəqabət aparırlar.
Hiylə nədən ibarətdir?
Banker portalının ekspertləri buna aydınlıq gətiriblər. Məsələ bundadır ki, hər bir reytinqin özünəməxsus metodologiyası var: əsas olaraq tamamilə fərqli meyar və onların qanunauyğunluğu götürülür. Məsələn, Nobel mükafatı almış tələbə və professorların sayı, tədrisin səviyyəsi, elmi araşdırmaların keyfiyyəti, qəbul tələbləri, tələbə və müəllimlərin say nisbəti, universitetin təchizatı üçün kapital qoyuluşu, çıxarılan tələbələrin faiz nisbəti, universiteti fərqlənmə ilə bitirənlərin və ali məktəbi bitirəndən sonrakı yarım il ərzində işə düzələn tələbələrin faiz nisbəti.
Lakin nəzərə almaq lazımdır ki, reytinqlər təkcə xarici tələbələrə əsasən tərtib olunmur və ali məktəbi bitirdikdən sonra işə düzələn britaniyalı tələbələrin sayı çox çətin ki, sizi maraqlandırsın. Eləcə də, Nobel mükafatı laureatı olan məzunların sayına görə ali məktəb seçmək çox çətin ki ağlınıza gələ: yumşaq şəkildə desək, bu meyar sizin təhsil meyarınız üçün bir o qədər də uyğun deyil, lakin məhz bu meyarlar ali məktəblərin reytinqdə irəliləməsinə səbəb olur! Lakin bu, o demək deyil ki, reytinqlərin araşdırılmasından tamamilə imtina etmək lazımdır. Ancaq reytinqlərdə təqdim olunmuş informasiyadan ağılla istifadə etməyi öyrənmək lazımdır.
Reytinqləri oxuyaq
Qarşınıza ilk iyirmiliyə daxil olan ali məktəblərdən birinə daxil olmaq məqsədi qoymaq son dərəcə ambisiyalı, lakin yerinə yetirilməsi çox çətin məsələdir. Xarici ali məktəbi seçərkən təkcə dərc olunan reytinqlərə əsaslandıqda Azərbaycan gerçəkliyini də nəzərə almaq lazımdır. Axı bütün reytinqlər qəbul tələblərini özlərinin orta təhsil sisteminə uyğun olaraq dərc edirlər ki, bu da Azərbaycanın təhsil sistemindən köklü surətdə fərqlənir. Dünyanın Harvard University, Columbia University, University of California Los Angeles, University of Cambridge və University of Oxford kimi ən reytinqli universitetlərindən danışsaq, onda ilk növbədə ali məktəbin yerləşdiyi ölkədə (ABŞ və ya Böyük Britaniya) orta təhsil üzrə şəhadətnamə əldə etmək zəruridir, başqa sözlə ən azı iki il bu ölkələrdən birində məktəbdə oxumaq lazımdır.
Attestat yalnız əla qiymətlərdən ibarət olmalı, təkcə akademik istedadı deyil, həm də şəxsi keyfiyyəti də tərənnüm etməlidir — xaricdə qiymətləndirmə sistemi məhz belədir. Dünyanın ən yaxşı ali məktəblərinə qəbul olmanın başqa hazırlıq variantları yoxdur.
Beləliklə, əgər siz məqsədyönlü və qərarlı, dili çox yaxşı bilirsinizsə və eləcə də Britaniya və Amerika orta məktəblərindən birini fərqlənmə ilə bitirmisinizsə, onda sizin xoşunuza gələn reytinqin ilk beşliyinə daxil olan istənilən ali məktəbə qəbul olma şanslarınız var. Yuxarıda sadalananlardan heç birinə sahib deyilsinizsə, onda çox ehtimal ki ilk beşliyə daxil olan ali məktəbləri buraxmalı və təhsil almaq istədiyiniz ölkənin ilk iyirmiliyi, otuzluğu və hətta yüzlüyünə daxil olan ali məktəbləri nəzərdən keçirməli olacaqsınız. Yeri gəlmişkən, bu narahatlıq üçün əsas deyil: ABŞ-da 4,5 mindən çox ali təhsil müəssisəsinin olduğunu nəzərə alsaq, ilk yüzlüyə daxil olan ali məktəblər də nüfuzlu sayıla bilər.
Lakin hətta seçilmiş ali məktəbə daxil olsanız da, siz sonradan çox təəccüblə müəyyən edə bilərsiniz ki, daha az nüfuzlu ali məktəbdə təhsil alan dostunuz ixtisas üzrə daha dərin təhsil alır, daha maraqlı təcrübə keçir və işə daha tez düzəldi. Bəs sirr nədədir? Dostunuz çox ehtimal ki, daha informativ olan ixtisas üzrə reytinqi diqqətlə təhlil etmişdir. Əgər siz sadəcə olaraq əcnəbi ali təhsil müəssisəsinin diplomunu almaq deyil, həm də öz sahənizin mütəxəssisi olmaq istəyirsinizsə, onda ixtisas üzrə reytinq daha məqsədəuyğun hesab oluna bilər. Məsələn, Britaniya ali məktəblərinin ümumi reytinqində University of Central Lancashire 34-cü yeri tutduğu halda, Tourism, Transport and Travel ixtisası üzrə reytinqdə beşinci yerdə qərarlaşıb.
Robert Gordon Şotlandiya universiteti isə ümumi reytinqdə 52-ci yeri tutsa da, bu, ona neft biznesi ixtisası üzrə mütəxəssislər hazırlayan ali məktəblərin reytinqinə başçılıq etməyə mane olmur.
Nəticə aydındır: ümumi deyil, ixtisas üzrə reytinqlərə əsaslanın. Əgər siz ali məktəb seçiminizi əksəriyyətinin sizə heç bir aidiyyəti olmayan amillər məcmusu üzrə deyil, seçilmiş peşə üzrə təhsilin keyfiyyətinə görə qiymətləndirmək istəyirsinizsə, onda ixtisas reytinqləri daha informativdir. Düzdür, burda da hər şey bir o qədər asan olmayacaq: hazırda xüsusilə məşhur olan bir sıra ixtisaslar üzrə reytinqlər mövcud deyil. Məsələn, Fashion Design, Fashion Marketing, Interior Design proqramları üzrə reytinqlər yoxdur, dünyanın ən sürətlə inkişaf edən sahəsi üçün mütəxəssislər hazırlayan mehmanxana biznesi üzrə İsveçrə məktəblərinin bir dənə də olsun reytinqi mövcud deyil. Belə ixtisaslar üzrə seçimdə digər amilləri nəzərə almalı olacaqsınız.
Qəribə səslənsə də, məhz əcnəbi tələbələr üçün ali məktəb seçiminin vacib meyarları heç bir reytinqdə nəzərə alınmır. Ekspertlərin ümumi tövsiyəsi belədir ki, Azərbaycanda orta məktəbi bitirdikdən sonra daxil olmaq üçün xarici ölkədə ali məktəb seçimi edərkən, əcnəbi tələbələr üçün xüsusi hazırlıq kursu nəzərdə tutan təhsil müəssisələrinə diqqət yetirin. Bu proqramlar məhz ondan ötrü nəzərdə tutulub ki, istənilən bir ölkənin məzununu ingilisdilli ölkələrdə bakalavr pilləsi üzrə təhsil almaq üçün lazımı təkmilləşmə kursu keçə bilsin. Böyük Britaniya və ABŞ, İrlandiya və Kanada, Avstraliya və Yeni Zelandiyanın bir çox ali məktəbləri belə imkanlar təqdim edirlər. Bu proqramlara qəbul olmaq üçün attestatdakı qiymətlərə və ingilis dili biliyinə müəyyən tələblər irəli sürülür. Düzgün seçilmiş hazırlıq proqramı sonrakı uğurlu təhsil və maraqlı tələbə həyatının təminatıdır.
Eləcə də ali məktəblərin tələblərini öz imkanlarınız ilə müqayisə edin, xüsusilə də attestatdakı qiymətləri və dil biliyi səviyyənizi. Qəribə də olsa, öz imkanlarınızın obyektiv qiymətləndirilməsi asan məsələ deyil və bu zaman professionallara müraciət etməniz yaxşı olardı: agentliyin mütəxəssisləri cari müvəffəqiyyət dərəcəsi, dil biliyi səviyyəsi və şəxsi söhbət əsasında sizin ümid edə biləcəyiniz ali məktəbləri müəyyən etməyə məmnuniyyətlə kömək edəcəklər.
Nəzərə almalı olduğunuz digər vacib amillər illik təcrübə keçmək imkanı, əlavə xarici dillərin öyrənilməsi, qarışıq ixtisasların alınması ola bilər. Eləcə də, ali məktəb seçimi zamanı coğrafiyanı da nəzərdən keçirmək pis olmazdı: əgər siz vaxtınızın bir hissəsini paytaxtın gecə həyatını öyrənməyə sərf etmək istəyirsinizsə, onda sizin maraqlarınız əhatəsindən Londondan uzaqda yerləşən kiçik şəhərlərin ali məktəbləri avtomatik olaraq «düşəcək». Əgər ki, siz universitetə gedərkən bütün vaxtınızı yola sərf etmək, üçqat baha qiymətə mənzil kirayə tutmaq, eləcə də xidmət və ərzaqlara görə artıq pul xərcləmək istəmirsinizsə, onda sizin «arzular siyahınızda» böyük şəhərlərdən uzaqda yerləşən ali məktəblər peyda olacaq. Bununla da, siz məhz sizə və sizin meyarlara uyğun gələn şəxsi ali məktəb reytinqinizi yarada bilərsiniz. Ambisiyanızı göstərməyin əsl vaxtıdır!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 467