Muəllif:

Varşavada bizimkilər erməniləri «layiqincə» qarşılayıb və yola salıblar

Varşavada dram oynanılıb. Bizimkilər erməniləri «layiqincə» qarşılayıb və «layiqincə» yola salıblar. Bu şəhərdəki erməni diasporunun Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək cəhdi uğursuz alınıb.
Fevralın 26-də paytaxt Varşavada Xocalı soyqırımının 21-ci anım günü iki yaddaqalan tədbirlə qeyd olunmuşdur. Bu barədə AYNAya səfirlikdən xəbər verilib.

…Günorta vaxtı erməni diasporunun nümayəndələri səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Lakin əvvəl olduğu kimi, səfirliyin mövqeyi, səs dinamikası, təbliğat materiallarının gücü və Polşada təhsil alan azərbaycanlı tələbələrin səyi nəticəsində onlar istəklərinə nail ola bilməyiblər. Fevralın 26-da Varşava vaxtı ilə saat 14:15 radələrində 25-30 erməni bir vaxt özlərinin məqsədyönlü şəkildə təşkil etmiş olduqları Sumqayıt hadisələri ilə bağlı «ictimai yığıncaq» keçirmək üçün Ermənistan bayraqları və lozunqlarla bizim Polşa səfirliyimizin qarşısına gəliblər.

Fevralın 25-də Polşanın müvafiq qurumları tərəfindən səfirliyə Polşa ermənilərinin yığıncaq keçirmək planları ilə bağlı məlumat verildiyindən səfirlik tərəfindən ənənəvi olaraq ermənilərin yığıncağına qarşı önləyici tədbirlər görülmüşdür. Ermənilər səfirlik qarşısına gəldikləri zaman səfirliyi əhatə edən 50 metrlik hasar və səfirliyin binasının ikinci mərtəbəsində yerləşən eyvanların üzərində böyük hərflərlə «Xocalı», «Xocalı qurbanlarının hüquqlarını qoruyun», «Şaumyan terrorist» sözləri yazılmış və Xocalı faciəsinin acı nəticələrini əks etdirən məlumatın əks olunduğu çoxsaylı irihəcmli plakatlar asılmışdı.

Səfirliyi əhatə edən hasar üzərindən iyirmiyədək Azərbaycan bayrağı, Xocalı soyqırımından faciəvi səhnələri əks etdirən əlliyə yaxın fotoşəkil, azyaşlı uşaqların çəkdikləri rəsmlər, səfirlik tərəfindən polyak dilində hazırlanmış 31 mart, Xocalı və 20 Yanvar faciələri ilə bağlı məlumat vərəqələri asılmışdı. Bunlardan əlavə, ermənilərin keçirdikləri yığıncağa cavab olaraq Polşada yaşayan soydaşlarımız, Varşavada təhsil alan azərbaycanlı tələbələr, onların polyak dostları və səfirlik əməkdaşları əllərində Azərbaycan bayraqları tutaraq səfirlik qarşısında dayanmışdılar.

Sözügedən şəkillər səfirliyin hasarı üzərində səhər erkəndən asıldığından səfirliyin yerləşdiyi Zvıçenztsuv və Krıniçna küçələrindən gün ərzində keçən yüzlərlə sadə polyak sözügedən şəkilləri görmüş, məlumatlarla tanış olmuşlar. Habelə, küçədən keçən polyaklar səfirlik tərəfindən qoyulmuş stol üzərindən müvafiq təbliğat-təşviqat materialları — səfirlik tərəfindən polyak dilinə tərcümə edilərək çap edilmiş Azərbaycan tarixi və mədəniyyətinə aid çoxlu sayda kitablar və məlumat vərəqələri götürmüşlər.

«Səfirliyə verilən məlumatda 50-80 nəfər erməninin yarım saatlıq toplaşacağı bildirilsə də, cəmi 25-30 erməni 15 dəqiqəlik toplaşmışlar. Əvvəlcə səfirlikdən aralıda yığışan ermənilər səfirliyin hazırlıq tədbirləri və azərbaycanlıların sayca daha çox olduğunu görərək tədbirə başlamaqda tərəddüd keçiriblər. Lakin sonda məcburiyyət qarşısında qalıb Xocalı sözü yazılmış plakatlar və soyqırım aktından faciəvi səhnələri əks etdirən fotoşəkillər qarşısında dayanaraq tədbirlərinə başlamışlar. Ermənilər petisiyanı Azərbaycan səfirinə təqdim etmək istədikləri bildiriblər. Lakin ermənilər petisiyanı onlarla qarşı-qarşıya dayanmış səfirlik əməkdaşlarına verməyə cəsarət etməmişlər. Çünki onlar petisiyanı təqdim edəcəkləri təqdirdə, 20 adda kitab və məlumat vərəqələrindən ibarət materiallar toplusunun onlara təqdim ediləcəyini bilirdilər. Ermənilər çarəsiz qalıb petisiyanı səfirliyin poçt qutusuna atmışlar. Lakin poçt qutusunun ətrafına ermənilərin törətdikləri Xocalı soyqırımının acı nəticələrini əks etdirən çoxlu sayda şəkillər yapışdırılmış imiş…

Səfirlik qarşısına toplaşan ermənilər Rəşid Behbudovun «Azərbaycan» mahnısı ilə qarşılanıblar. Petisiyanı Üzeyir Hacıbəyovun «Koroğlu» üvertürası və Cəngi havasının sədaları altında oxumağa məcbur olublar. Soydaşlarımız bu zaman gur səslə «Azərbaycan», «Qarabağ» şüarlarını səsləndiriblər. Ermənilər asayişi təmin etmək və baş verə biləcək hər hansı bir xoşagəlməz hadisənin qarşısını almaq məsədilə yığıncaq iştirakçılarının yaxınlığında dayanan Polşa polisinin musiqini dayandırmağa və ya toplaşmış soydaşlarımızı susdurmağa cəhd etməyəcəyini anlayaraq kor-peşman tədbirlərini erkən (15 dəqiqədən sonra) yekunlaşdırıb dağılışmışlar. Ermənilər Polad Bülbüloğlunun yazdığı və Müslüm Maqomayevin gur səslə ifa etdiyi «Azərbaycan» mahnısının sədaları altında yola salınmışlar. Beləcə, ermənilərin Azərbaycan Səfirliyi qarşısında toplaşmaqla bağlı budəfəki — üçüncü cəhdləri də eyni aqibətlə başa çatıb…

Səfir Həsən Həsənov soydaşlarımız və onların polyak dostları ilə görüşərək göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib, Xocalı sərgisi fonunda onlarla xatirə şəkli çəkdirib.

Səfirlikdən bildirilir ki, axşam isə Azərbaycanın Polşa səfirliyi tərəfindən Varşavanın Müstəqillik Muzeyinin böyük zalında Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş «Azərbaycan müstəqillik yolunda» adlı tədbir keçirilib. Tədbirə böyük maraq göstərilib. 120 nəfərlik zal tamamilə dinləyicilərlə dolub, əlavə oturacaqlar təşkil olunub, o cümlədən 40-dək adam çıxışçıları ayaq üstə dinləyib. İştirakçılar arasında müəllimlər, tələbələr, jurnalistlər, Polşada yaşayan Azərbaycanlılar və Polşada təhsil alan azərbaycanlı gənclər olub.

Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova, dünya şöhrətli polyak alim, Kolumbiya və Varşava universitetlərinin professoru Tadeuş Sventaxovski və Varşava Universitetinin aspirantı Natalia Konarjevska Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında çıxışlar ediblər. Səfir Həsən Həsənov da geniş çıxış edib və Azərbaycanın tarixi, Azərbaycan xalqının müstəqillik yolunda çəkdiyi əziyyətlər, Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətindən ətraflı söhbət açıb və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 117