Muəllif:

Tiranada öndəyik: 1 qızıl, 2 gümüş və 1 bürünc

Tiranada kişilər və qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu çıxışı davam edir. Aktivində 1 qızıl (Valentin Xristov 62 kq), 2 gümüş (Silviya Angelova 48 kq) və 1 bürünc (Zülfüqar Süleymanov 62 kq) medal olan yığmamız ümumi sıralamada liderdir.

Qitə birinciliyində Azərbaycan 6 atletlə təmsil olunur. Millinin bolqarıstanlı baş məşqçisi Zlatan Vanev səfərə bu heyətlə yollanıb: Valentin Xristov, Zülfüqar Süleymanov (hər ikisi 62 kq), Sərdar Həsənov (69 kq) və İntiqam Zairov (94 kq), qadınlardan isə Silviya Angelova (48 kq) və Alena Kiriyenko (69 kq).

Avropa çempionatı bizim üçün uğurlu başlayıb. İdmançılarımzdan öncə mübarizəyə Silviya Angelova başlayıb. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı yekunda 179 kq (80 kq + 99 kq) nəticə ilə Avropa ikincisi olub. Növbəti gün isə Azərbaycan atletləri daha böyük uğura imza atıblar. 62 kq çəki dərəcəsində birdən-birə iki atletimiz Valentin Xristov və Zülfüqar Süleymanov medal qazanmaq üçün körpücük üzərinə çıxıblar. Bu idmançıların hər ikisi onlara olan ümidləri doğruldublar.

Ötən il Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında 56 kq çəki dərəcəsində çempion olan Valentin Xristov titulunu qorumağı bacarıb. Londondakı XXX Yay Olimpiya Oyunlarında bürünc əldə edərək, müstəqillik dövründə ilk Olimpiya medalımızı qazanan gənc atlet ümumilikdə 312 kq çəkini ram edərək (137 kq + 175 kq) çempion adına layiq görülüb.

Diskvalifikasiya üzündən uzun müddət yarışlardan kənarda qalan təcrübəli Zülfüqar Süleymanov da xoş sözlərə layiqdir. İki hərəkətin cəmində 290 kq (130 kq + 160 kq) nəticə göstərən Zülfüqar Süleymanov Avropa üçüncüsü olub. Belə ki, istifadəsi yasaq olunan preparatın qəbuluna görə 3 illik diskvalifikasiya ilə cəzalandırılan atletin yenidən mükafatçılar sırasına düşməsi, həqiqətən, təqdirəlayiqdir. Yeri gəlmişkən, Zülfüqar 2009-cu ildə Buxarestdə Avropa çempionatında 3-cü, bir il sonra isə Minskdə 2-ci ola bilmişdi.

Çempionatın üçüncü günü daha bir atletimiz fəxri kürsüyə çıxıb. Sərdar Həsənovun (69 kq) qazanacağı istənilən medal, komandamızın liderliyini qorumaq üçün yetərli olacaqdı. Təcrübəli idmançımız uğurlu seriyanı davam etdirərək karyerasında bir ilkə də imza atıb. Ümumulikdə 326 kq (150 kq + 176 kq) nəticə göstərən atletimiz Avropa çempionatında gümüş medala sahib çıxıb. Yetərincə təcrübəli olan Sərdar dəfələrlə dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarından iştirak etsə də, indiyədək mükafatçılar sırasına düşə bilməmişdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 325