Muəllif:

Suriyada «vətəndaş savaşı», Türkiyə və kürdlər

Hələ bir vaxt ABŞ prezidenti Vudro Vilsonun hazırladığı planlardan biri də Orta Doğunun Qərbin maraqları üzrə idarə edilməsi idi. Osmanlı İmperiyasını çökdürmək, onun ərazilərində yaşayan xalqları türklərə qarşı yönəltmək bu hədəfin tərkib hissəsi sayılırdı. 20-ci yüzilin ilk rübündə İngiltərə, Fransa, Hollandiya, ABŞ, Belçika, İtaliya və s. neftə zəngin olan Orta Doğunu nəzarətə almaq, onları türklərin təsir dairəsindən çıxarmaq üçün yeni inzibati vahidlərin — balaca-balaca ölkələr yaratmağı lazım bildilər. Xırım-xırda ərəb ölkələri dünyanın siyasi xəritəsində bu siyasət nəticəsində göründülər. Anadolu torpaqlarına qədər sıxışıdırılan türklər indiki Suriya və İraqdakı türk torpaqlarını itirməklə üzləşdilər. Hələb, Şam, Mosul və Kərkük vilayətləri sərhədi yeni biçilən Suriya və İraqda qaldı.
İndi isə… 2003-cü ildən Orta Doğuda başlanılan BOP (Böyük Orta Doğu) projesi gözlərimizin qarşısında cərəyan edir. Görməyə bilmirik ki, Qərb yenə də Türk Dünyasına qarşı həmin o metodlarını tətbiq etməyə başlamışdır. Bunlar indi nə vəd edir?
«Ərəb Baharı» kodu ilə Türkiyəni çökdürmək planı?
Diktator Səddam Hüseyn rejiminin devrilməsi üçün hərbi əməliyyatlara başlayan «Müttəfiq Qoşunlar» əslində ölkənin zəngin neft və qaz yataqlarını ələ keçirdilər. Bölgənin asanlıqla idarə olunması üçün, «Şiə İraqı», «Sünnü İraqı» və «Kürdüstan Muxtariyyəti» adı altında inzibati ərazilər yaradıldı. İndi faktiki olaraq İraqda hər üç zəmində yerli bələdiyyələr, «parlament» və «hökumət» məhz bu prinsiplə idarə olunur. İraqda yaşayan və 3 milyondan artıq olan türkmanların isə hüquqları qəti şəkildə tanınmadı və tanınmır. İraq Türkman Cəbhəsinin açıqlamasında belə qeyd özəlliklə diqqəti çəkir:
«BMT və ABŞ, eləcə də Müttəfiq Qoşunlara bağlı stukturlar İraqda əhalinin sayını hesablayarkən türkmanların sayını gizlətmiş və kənd yerlərində yaşayan bütün türkmanları milliyyət qrafikində «kürd» kimi qələmə vermişlər. Beləliklə 3 milyonluq türkman İraqda azsaylı əhali olaraq tanınır. Məhz bu faktordan yararlanaraq, türkmanların ərazisində «Kürdüstan Milli Muxtariyyəti» adlı qurum yaradılmışdır».
Müşahidələrə görə Quzey İraq ərazisində türkmanların sayını az göstərməklə kürdlərin 5 milyon 500 min nəfər olduğu qeyd olunur. Nəticədə Süleymaniyyə, Kərkük, Mosul, Ərbil kimi iri şəhərlər kürdlərin nəzarətinə verildi. Halbuki «Kürd Milli Muxtariyyəti» adı altında ötən 10 il ərazində qazanan tərəf Qərb və onlara bağlı neft şirkətləri olmuşdur.
Onların əlində vasitə olan kürdlərə gəldikdə, gurani, sorani, kurmançı və digər kürd əşirətlərinin milli konsolidaisya problemləri hələ də qalmaqdadır. Tarixdə ortaq kürd ədəbi dili, idarəetmə, dövlətçilik kimi anlayışlar kürdlər arasında əşirət təfəkkürünə bağlı olduğu üçün, onların bir toplum halında konsolidasiyası qeyri-mümkündür. Belə bir ərəfədə Türkiyənin Güney Doğu və Ağrı Dağı çevrəsindəki vilayətlərdə süni şəkildə kürdlərin hərəkətə keçməsi, ölkəni vətəndaş savaşına sürükləmək təşəbbüsləri əslində 1918-1920-ci illərdə yaşanan ssenarilərin yeni məzmunda gündəmə gətirilməsidir. Türkiyə Kərkük və Hələb vilayətləri uğrunda bütün gücünü səfərbər etdiyi zaman, gözlənilmədən ölkə daxilində kürdlərə məxsus əşirətlərin üsyanları ortaya çıxmışdı. Həmin dönəmdə ağır durumda olan Türkiyə məcbur olaraq «Sevr Anlaşması»nı bir sıra şərtlər daxilində imzaladı. İndki Suriya və İraq ssenarisi də məhz həmin köhnə ssenarinin davamı kimi görülür.
Sənaye ölkəsi olan Türkiyənin strateji mövqeyi
Otuz il öncə Türkiyə aqrar ölkə hesab olunurdu. Soyuq Savaş bitdikdən sonra rəsmi Ankara bir sıra islahatlara üz tutdu. Tarixdə indi «Turqut Özal möcüzəsi» adlanan bu reformlar sayəsində ölkədə turizm, sənaye, istehsal, idxal və ixrac, özəlləşdirmə sektoru sürətlə inkişaf etməyə başladı. Ötən 30 il ərzində ölkənin milli gəliri 100 milyard dollardan 800 milyard dollara qədər artmışdır. Türkiyə Balkan, Qafqaz, Orta Asiya, Ukrayna, Rusiya və Orta Doğu üzrə üfüqi şəkildə bütün regional proyektlərdə ən fəal şəkildə iştirak edən bir dövlətə çevrildi.
Lakin bu gün dünyanın ən güclü dövlətləri sırasında (onlara «böyük 20-lər» deyilir) Türkiyənin də olmasını əksər süpergüclər bəyənmir. Türkiyənin bir yandan coğrafi mövqeyi, digər yandan isə müsəlman və Türk Dünyası faktoru, Ankaranın iradəsinin daha da artması, dünyada ən yeni güc mərkəzlərindən birinə çevrilməsi kimi alternativ ortamı fövqəlgüc mərkəzlərində həsəd yaradır. Təsadüfi deyildir ki, ölkənin daxili siyasi, etnoloji, iqtisadi, mədəni və digər sahələrində «süni çöküş» (buna idarə olunan zəlzələ effekti deyilir) elementləri qabarmağa başlamışdır…
Bu gün kürdlərə aid şəbəkələrin inkişafına (bizə görə terror da bu kontekstdə götürülür) xüsusi diqqət ayrılmaqdadır. Bu azmış kimi erməni, arnaut, laz, çərkəz, suriyanı, rum və digər projelər də tədrici şəkildə dövriyyəyə daxil edilməkdədir. Bütün bu təşəbbüslərə baxmayaraq, Orta Doğuda baş vermiş sosial inqilablardan, yəni «Ərəb Baharı»ndan sonra, hesablanılan proqnozların heç biri özünü təsdiq etmədi. Bunun əksinə, Türkiyənin gözlənilmədən Əfqanıstan, Pakistan, İraq, Misir, Tunis, Liviya, Əlcəzair, Oman, İordaniya, Fələstin, Suriya və digər Orta Doğu dövlətlərində dini, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə nüfuzu daha da artdı. İndi tarixdə ilk dəfə olaraq, bu dövlətlərin hesabına Türkiyənin ticari-iqtisadi dövriyyəsi on dəfələrlə artmışdır. Liviya kimi neftlə zəngin olan bir ölkədə Türkiyənin xüsusi payı vardır.
Ərəb ölkələrindəki sosial inqilabların gedişində Türkiyə çevik mövqe sərgilədi — neoimperiya dili ilə deyil, uzlaşma və istiqrar metoduna söykəndi. Bu yanaşma gərəkli vasitə rolunu oynadı. Balkanlarda isə ötən yüzilin 90-cı illərindən etibarən Türkiyənin ortaya qoyduğu iradə yerli xalqlar üçün də keçərli oldu. İndi Makedoniya, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, Sloveniya, Kosovo, Çernoqoriya, Albaniya, hətta Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Güney Kiprin gəlir mənbələri Türkiyə ilə uzlaşan iqtisadi əlaqələrdən formalaşmağa başlamışdır. Türkiyə ilə sınır bölgəsi olan Qafqaz dövlətlərinin dünya ilə təmaslarında Ankaranın rolunun nə qədər vacib olduğu artıq danılmaz bir gerçək kimi qəbul edilir. Ermənistan və erməni diasporunun Türkiyə və Azərbaycana, eləcə də Gürcüstana qarşı apardığı çoxillik siyasi fəaliyyətlər iflasa uğramaqdadır. Belə ki, gürcülər ermənilərin 1918-1920 və 1991-1993-cü illərdə əldə silah Gürcüstana qarşı törətdikləri əməlləri elə asanlıqla unudan xalq deyillər — bunu hər dəfə onlara xatırladırlar.
Xarici güclərin təsir vasitəsi və ümumxristian təşəbbüsləri də gürcü-erməni münasibətlərinin inkişafına mane olmamaqdadır. Türkiyə, Gürcüstan və Azərbaycanın strateji mənada uyğun siyasətə üz tutması Ermənistanın tamamilə təklənməsinə səbəb olmuşdur. Bir sözlə Türkiyə özünün coğrafi sərhədləri çevrəsində ən böyük və güclü iqtisadi və siyasi rola malik bir dövlət olaraq artıq qəbul edilməkdədir.
Suriya vətəndaş savaşından sonrakı Türkiyə
İndi Suriya… Quzey İraqda «kürd milli muxtariyyəti»ni yaradan güclər bu ssenarini Suriyada da təkrar etmək istərdilər. 20 milyonluq əhalisi olan Suriyada kürdlərin ümumi sayı 1.5 milyondur. Onlar iri şəhərlərdə, o cümlədən Qamışlı, Kobani, Əmudə, Dərrikə, Xemko və digər kiçik şəhərlər və onların ətrafında yaşayırlar. BOP-da isə iri dövlətlər İraq və Suriyada «kürd muxtariyyəti» planı əsasında neft və qaz kəmərini birbaşa Ağ dənizə çıxarmağı düşünürlər. Suriya və İraqın enerji qaynaqlarına sahib çıxmaq isə həm də Orta Doğunu idarə etmək deməkdir. Ardınca Liviyanın enerji mənbələrini ümumi neft və qaz kəmərinə bağlamaq… Faktik olaraq Orta Doğunun əbədi sahibi olmaq… BOP-da başlıca hədəfi bunlar hesab olunur.
Suriyada 5 milyonluq nüfusa malik türkmanların torpaqları üzərində «Kürd Milli Muxtariyyəti»nin yaradılması üçün, artıq Qərb dövlətlərinin statistik rəqəmlərində türkmanlar inkar olunmaqda və onları etnik mənşə baxımından «kürd» kimi qeydiyyata almaq üçün təbliğatlara belə başlanılmışdır. Hazırda «İraq ssenarisi»ndə olduğu kimi, «Suriya ssenarisi»ni həyata keçirmək üçün, yenidən Türkiyə daxilində «kürdlərin aktiv şəkildə hücum» planları həyata keçirilməkdədir.
Türkiyənin müxtəlif bölgələrinə səpələnmiş kürdlərdən ibarət çoxsaylı sosial şəbəkələr yaratmaqla, onları ölkənin daxili siyasətinin əsas mövzusuna çevirməklə, ən azından «Suriya kartı»nın unutdurulması taktikasına keçilmişdir. Bir tərəfdən PKK, BDP, KDP, KADEF və digər çoxsaylı kürd təşkilatlarının strateji hədəflərinin ehtiraslarına hesablanan oyun qaydaları, digər yandan isə hər gün davamlı şəkildə baş verən terror olaylarının bu projenin tərkib hissəsi olduğu bir daha təsdiqini tapır.
BOP planını həyata keçirən güclər isə xarici dəstək formasında İraq, İran və Suriya kürd təşkilatlarının konsolidasiya olunmuş halda hər gün Türkiyə sərhədlərində təhdid dolu terrorları ölkənin öz sərhədləri çərçivəsində hərəkətə məcbur qalmasına səbəb olan amillərdən biridir. Suriyada isə Bəşər Əsəd və hakim BƏƏS rejiminin iflas gününü gözləyən böyük güclər Quzey İraqdakı «Kürd Milli Muxtariyyəti» təcrübəsini tətbiq etmək üçün indidən müvafiq infrastukturlar qurmağa başlamışlar.
Hazırda Suriyada yaşanan vətəndaş savaşı sonrası ölkənin yenidən qurulması üçün ən azından 20-25 il vaxt tələb olunacaq. Məhz bu müddət ərzində «kürd zolağı» formalaşdırılacaq. Orta Doğunun enerji resursları bu zolaqdan daşınacaq. Bu plan Türkiyənin mövqeyinin sarsıdılmasına hesablanmışdır.
Bütün bunlar azmış kimi, «Birləşmiş Kürdüstan» projesi üçün də planlar hazırlanmaqdadır. Azərbaycan və Orta Asiya dövlətləri bu gün tarixi missiyalarını bir daha sübut etməlidirlər. Onlar Türkiyəni yalnız buraxmasalar, BOP planından Türkiyənin, həm də Türk Dünyasının daha böyük qazancla çıxa bilmək imkanları yarana bilər. Ermənistan, Tacikistan və İran adı altında irəli sürülən təhdidlər də beləcə dəf oluna bilər. Dünyada qlobal mənada böyük siyasət o zaman güclü olur ki, regional güclərin vahid strateji hədəfi olur. Bunun üzərində düşünmək lazım gəlir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 598