Muəllif:

«Sükut zonasına düşmüşdüm»

Məbud Məhərrəmov az danışıb çox çalışan sənət adamıdır. Rus Dram Teatrında çalışan aktyor illərin, hətta aktyor sənətinin onun xarakterini zərrə qədər olsun dəyişmədiyinin deyir.
— Aktyor sənətinin bəzən insana köməyi də olur, maneçiliyi də. Məsələn, istirahətdə olanda mane olur. Belə məqamları maneçilik hesab etmək olarsa, bir də görürsən, soruşmadan, icazə almadan şəklimi çəkirlər. Populyarlıq yaxşı şeydir, amma həm də ikiqat məsuliyyətdir. Həyat yoldaşım həmişə deyir ki, yadından çıxmasın, maşında gedəndə kökə-filan yemə, avtobusların, o biri maşınların pəncərələrindən səni görüb-tanıyanlar buna yaxşı baxmazlar. Doğrudan da, belədir. Sənət adamı etik normalara riayət etməli, mədəniyyət, incəsənət adamı olduqlarını unutmamalıdırlar. Ona görə ictimai yerlərdə bizim sərbəstliyimiz bir qədər məhdudlaşır.
— Aktyorlar müxtəlif obrazlara girməyi bacardıqları üçün insanları daha yaxşı tanıyırlar. Peşənizin bu keyfiyyətindən yararlanmağı bacarırsız?
— Bununla bir az razı deyiləm. Mənim aktyor olmağım insanları yaxşı tanımağıma təsir etməyib — necə sadəlövh, hamıya inanan idimsə, elə də qalmışam. Hətta fikirləşirəm ki, belə olmasaydım, yəqin, aktyor olmazdım. Halbuki məni tanımayanlarda bunun tamam əksi olan təəssürat yaradıram. Ümumiyyətlə isə aktyorlar son dərəcə kövrək, həssas insanlardır — oynadığımız hər bir obrazın xasiyyəti, duyğuları bizə keçir. Məsələn, mən hansısa bir rolun üzərində işləyəndə fikrimin əsas hissəsi o obrazın yanında olduğu üçün evdə də özümü başqa cür aparıram. Ona görə aktyorun taleyində, həyatında hər bir rolun izi qalır. Məsələn, Aleksandr Abdulovun kinoda sonuncu rolu ağ ciyər xəstəliyindən əziyyət çəkən və sonda dünyasını dəyişən obrazdı. O filmdən bir il sonra Abdulovun özünün də taleyi o cür oldu. Buna görə də istedadlı, bacarıqlı aktyor həm də o aktyordur ki, obrazla özü arasındakı o çox xəfif həddi keçməməyin öhdəsindən gəlsin.
— Aktyorun canlandırdığı obrazlar onun taleyinə də təsir edir. Stanislavski nəzəriyyəsinin «inanmıram» prinsipini xatırlayaq…
— Amma Stanislavski «inanmıram» deyəndə, məsələn, ruhi xəstə rolunu oynayan aktyorun həqiqətən qəhrəmanının gününə düşməsini tələb etmirdi. Dediyim kimi, burada çox xəfif bir hədd var, o həddi görən aktyor üçün heç bir problem yarana bilməz.
İstənilən halda biz aktyorlar qəribə adamlarıq… Jan Mare xatirələrində yazır ki, həyatımın bir dövründə mənə pislik etməyə çalışan, haqqımda hər cür nalayiq sözlər danışanlara nəinki yaxşı münasibət göstərməyə, hətta onlara xeyirxahlıq etməyə başlayanda həmin kəslərin mənə dəli kimi baxdıqlarını görürdüm.
— Bir neçə il əvvəl teatrdan uzaqlaşmışdınız. Səbəb rol bölgüləri zamanı layiq olduğunuz rolların sizə verilməməsi idi, yoxsa fərqli tapıntılar axtarışı?
— Dediyim kimi, aktyorlar həssas olurlar, görünür, mən də nədənsə incimişdim. Ona görə yaradıcılığımda fasilə əmələ gəlmişdi, sükut zonasına düşmüşdüm. Amma bu, o demək deyildi ki, mən öz üzərimdə işləmirdim. Aleksandr Şarovski buraya baş rejissor təyin olunandan və məni yenidən teatra dəvət edəndən sonra fəaliyyətimin yeni dövrü başladı. Tamaşalarımdan birinə aktyor və rejissor Tofiq Mirzəyev (hazırda İsraildə yaşayan xalq artisti T.Mirzəyevi geniş tamaşaçı kütləsi «Uşaqlığın son gecəsi», «O qızı tapın», «Təhminə» və digər filmlərindəki rollarından tanıyır — red.) də gəlmişdi. Tamaşadan sonra mənə dedi ki, bu vaxta qədər məclislərdə niyə o qədər etüdlər göstərdiyini indi anladım, bu yolla sən öz aktyor formanı saxlayırmışsan.
Amma sizə deyim ki, teatrdakı fəaliyyətimdə fasilə yarandığı dövrdə mən çox məşhurlaşdım. «Yaşıl eynəkli adam» teletamaşasına çəkilməyim bütün şəhərdə tanınmağıma səbəb oldu. Əslində bu, çox kiçik roldu, efirdə görünmə xronometrajı da azdı. O ərəfədə mən «Bakı payızı — 83» estrada müsabiqəsinin laureatı olmuşdum. Ramiz Həsənoğlu da məni o müsabiqədə görəndən sonra «Yaşıl eynəkli adam» tamaşasına dəvət etdi. O tamaşadan sonra tanınmağımdan, əlbəttə ki, məmnun oldum. Bu, öz yerində, amma ümumiyyətlə, televiziyadakı işlərim yaradıcılığımda çox mühüm yer tutur, «Fatehlərin divanı», «Nigarançılıq», «Yumurta» tamaşalarındakı rollarımın mənim üçün böyük əhəmiyyəti var.
Teatrın o vaxtkı rəhbərliyi estrada danışığı janrına barmaqarası baxırdı. Və məni də daha çox yalnız komik aktyor kimi qəbul edirdilər. Ümumiyyətlə, fikir vermisinizsə, bizim rejissorlar dramaya daha çox üstünlük verirlər. Çünki əslində komediya janrında özünü ifadə etmək qat-qat çətindir. On aktyordan yalnız üçündə sırf komik istedad ola bilər. Hətta kino tariximizdə də komediya janrının mükəmməl nümunələrini barmaqla saymaq olar. Səbəb isə komediyanın mürəkkəb janr olmağındadır. Boş zalın qarşısında komediya tamaşası hazırlamaq dram tamaşası hazırlamaqdan həqiqətən çətindir — axı bu zaman nə rejissor, nə də aktyor tamaşaçı reaksiyasının necə olacağını bilirlər. Bunu təsəvvür belə etmirlər. Tamaşaçının gülüşünə hesablanmış hər hansı səhnə tamaşa zamanı sükutla qarşılana bilər və o, tamam gözlənilmədiyi məqamda gülə bilər.
— Bizdə estrada danışığı janrının inkişaf yolu çox adda-buddadır. Bu janr üzrə studiya açmaq niyyətiniz yoxdur ki?
— Elədir. İndi bir var Tahir İmanovun «Planeta Parni iz Baku» teatrı, bir də Rafaellə Coşqun. Studiya açmaq, əlbəttə, yaxşı olardı. Amma istənilən halda mən bu sahədəki bacarığımı insanlara bəxş etməyə meydan tapıram — teatrda konferansyeyəm. Repertuarımızda bir tamaşa var idi, «Vse zvyozdı», təəssüf ki, o tamaşanı repertuardan çıxardılar, halbuki məni də, əvəzsiz tərəf-müqabilim Natalya Tağıyevanı da o tamaşa ilə daha çox tanıdılar, indiyə qədər də xatırlayırlar. Bax həmin tamaşada biz bu janrı maksimum bərpa etməyə çalışmışdıq, çıxışlarımız bütünlüklə canlı idi. Sonra mən, məsələn, rus dilində çəkilmiş bəzi filmlərin Azərbaycan dilinə dublyajı zamanı yaranan məzəli situasiyaları parodiya etməyə başladım.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 229