Muəllif:

Ştefan Füle seçki prosesini azad və ədalətli aparmağa çağırıb

“Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir. Avropa Birliyi tərəflər arasında etimadın yaradılmasına tərəfdardır”.
Bunu AB Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle deyib. O bildirib ki, AB Minsk Qrupunun səylərini dəstəkləyir. Azərbaycanda bu ilə nəzərdə tutulan prezident seçkilərinə toxunan komissar həm seçkini, həm də seçki prosesini azad və ədalətli aparmağa çağırıb. O, Azərbaycanda ötən illərdə keçirilmiş seçkilərdən sonra beynəlxalq müşahidəçilərin seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı və şikayətlərə baxılması məsələləri ilə bağlı bir sıra çatışmazlıqları qeyd etdiklərini xatırladıb: “Ümid edirəm ki, Azərbaycan hökuməti bu çatışmazlıqları nəzərə alacaq. Bu, Azərbaycan dövləti və xalqının mənafeyinə xidmət edəcək” (APA).

Ştefan Füle deyib ki, Avropa Birliyi Azərbaycanın AB və Gömrük İttifaqı ilə əməkdaşlığında heç bir ziddiyyət görmür. Azərbaycan Diplomatik Akademiyası tələbələrinin suallarını cavablandıran Füle bildirib ki, MDB ölkələrinin AB və Gömrük İttifaqı ilə əməkdaşlıq etməsi onların Moskva və Brüssellə münasibətlər arasında seçim etməsi demək deyil: “Biz Azərbaycanın Gömrük İttifaqı və Avropa Birliyi ilə əməkdaşlığını görmək istəyirik. Burada heç bir ziddiyyət yoxdur.

Lakin onun sözlərinə görə, Avropa Birliyinin Gömrük İttifaqına daxil olan ölkələrlə əməkdaşlığı müəyyən tənzimləyici çərçivələrin yaradılmasını tələb edə bilər: “Lakin bir məsələ var. Gömrük İttifaqına daxil olmaq ölkənin öz ticarət siyasətində suverenliyini itirməsi deməkdir. O zaman ölkə ticarət məsələləri ilə bağlı müstəqil şəkildə danışıqlar apara bilməyəcək”.

Ştefan Füle Avropa Birliyinin bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla assosiativ saziş barədə danışıqlar apardığını xatırladıb: “Bu məsələ mənim Moskvaya son səfərim zamanı da qaldırılıb. Gömrük İttifaqına daxil olan ölkələrlə bu barədə danışıqlar aparmaq üçün müəyyən element tapmaq vacibdir”.

Ştefan Füle Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan-AB münasibətləri ilə bağlı söylədiyi məruzəsində deyib ki,“Avropa Birliyi Azərbaycanı etibarlı tərəfdaş sayır və münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır.

Füle bildirib ki, iki tərəf arasında münasibətlər qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlıqdan tutmuş, enerji, təhsil və mədəni sahələrdə əməkdaşlığın inkişafına qədər, bütün spektri əhatə edir. Komissar AB-nin öz şərq qonşuları ilə əlaqələrə böyük önəm verdiyini, “Şərq Tərəfdaşlığı” proqramının azərbaycanlılar və avropalılar arasında münasibət qurulmasına imkan yaratdığını vurğulayıb.

Təhsil sahəsində əməkdaşlığa toxunan Füle tələbələri AB-nin Azərbaycandakı proqramları çərçivəsində təhsil imkanlarından fəal istifadə etməyə çağırıb.

Füle Avropa Birliyinin Azərbaycandan qarşıdakı prezident seçkilərinin ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərə uyğun keçirilməsini gözlədiyini də bəyan edib. O, Azərbaycanı seçki prosesinin təkmilləşdirilməsi, ədliyyə sisteminin müstəqilliyini təmin olunması və insan haqları sahəsində islahatları davam etdirməyə çağırıb.

Bakıda olarkən Ştefan Füle bəzi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşüb. Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, seçkiqabağı vəziyyət və digər məsələlər müzakirə olunub.

Görüşdə ALP sədri Əvəz Temirxanla yanaşı, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə və EL Hərəkatı İdarə Heyətinin sədri Eldar Namazov iştirak edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 87