Muəllif:

Şərqşünas alim və diplomat Cavanşir Vəkilov həyatdan getdi

Azərbaycan diplomatiyasına ağır itki üz vermişdir. Tanınmış şərqşünas alim və diplomat Cavanşir Mehdixan oğlu Vəkilov dünən dənizdə boğulmuşdur. Mərhum bu gün torpağa tapşırılacaqdır. Dəyərli ziyalılarımızdan olan Cavanşir Vəkilov 1951-ci il fevralın 7-də Bakıda doğulmuşdur. BDU şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsinindən məzun olduqdan (1972) sonra 1972-75-ci illərdə Əfqanıstanda, 1978-79-cu illərdə İranda tərcüməçi işləmiş, hər iki ölkədə antimonarxist inqilabların şahidi olmuş, coşqun siyasi hadisələrin burulğanına düşmüşdür.
1975-ci ildə bir neçə ay EA Əlyazmalar Fondunda, 1976-92-ci illərdə EA Şərqşünaslıq İnstitutunda baş laborantdan baş elmi işçiyədək yol keçmiş, 1988-ci ildə «Azərbaycan Respublikasının SSRİ-İran mədəni əlaqələrində iştirakı (1941-46-cı illər)» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1992-ci ildə Azərbaycan istiqlalına qovuşduqdan sonra diplomatiya sahəsinə keçmiş, Ankarada (1993), Tehranda (1994) və Qahirədə (2002) diplomatiya kurslarında təhsil almışdır. Xarici İşlər Nazirliyində 1-ci katib, 1995-ci il mayın 1-dən Azərbaycan Respublikasının İran səfirliyinin 2-ci katibi vəzifələrində çalışmışdır. 1993-1995-ci illərdə Azərbaycan prezidentinin İran nümayəndə heyətləri ilə danışıqlarında fars dili tərcüməçisi qismində iştirak etmiş, prezidentin Tehran (1994, 2000, 2002), Məşhəd (1996), Aşqabat (1994) səfərlərində Azərbaycan heyətinin tərkibində olmuşdur. Azərbaycan Respublikasının Sloveniya Respublikası ilə diplomatik münasibətlərinin qurulmasında xidmətləri var.
1997-ci ilin əvvəlində Tehran, Təbriz, Zəncan, Ərdəbil qəzetlərində «İran ermənilərinə müraciət»in mətnini Azərbaycan, fars və ingilis dillərində dərc etdirə bildiyinə görə C.Vəkilova təşəkkür elan olunmuşdur. 1998-ci ilin noyabrında İrandakı diplomatik fəaliyyəti bitdikdən sonra XİN aparatına qayıtmışdır. XİN-də 2-ci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsinin müdiri işləmi.dir. 2003-cü il iyulun 1-də ona 2-ci dərəcəli müşavir ranqı verilmişdir. 2003-cü ildə yenidən İrandakı səfirliyimizə — müşavir vəzifəsinə təyin olunmuşdur. 2004-cü ildə Təbrizdə Baş Konsulluğumuzun işini təşkil etmiş, 2005-ci ilin martınadək bu vəzifədə olmuşdur. Sonra Bakıta XİN aparatına qayıtdı.
Cavanşir Vəkilov Xarici İşlər Nazirliyində xidməti işi ilə yanaşı AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti», «Müasir diplomatiya», «Diplomatik danışıqlar» ixtisaslarından mühazirələr oxuyur. «Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti» və «Müasir diplomatiya» fənləri üzrə dərsliklər hazırlamış və İdarəçilik Akademiyasının kitabxanasına təhvil vermişdir.
Cavanşir Vəkilovun indiyədək Moskva, Bakı, Düşənbə mətbuatında və elmi nəşrlərində, Tehranda nəşr olunan «Varlıq» jurnalında və «Cümhuriye-islami» qəzetində, Təbrizdə türk və fars dillərində çıxan «Fəcre-Azərbaycan», «Məhde-azadi» qəzetlərində ümumilikdə 50-dək çox dəyərli məqaləsi, 23 elmi əsəri dərc edilmişdir. Bundan başqa İran qəzetlərində və «Varlıq» jurnalında Səməd Vurğunun və Vaqif Səmədoğlunun şerlərini, Aybəniz Vəkilovanın «Səməd Vurğun və İran» məqaləsinin dərc etdirmiş, Səməd Vurğun yaradıcılığını və xüsusən də onun 90 illik yubileyini İran mətbuatında işıqlandırmışdır.
Cavanşir Vəkilov Səməd Vurğun irsinin naməlum qalmış səhifələrinin işıq üzünə çıxarılmasında əməyi olan tədqiqatçı alimdir. Atası Mehdixan Vəkilovun vəfatından sonra «Ömür dedikləri bir karvan yolu» povesti (1986), «Cavanşir» romanı (1992) və «Anadillər» povestini (1991) çapa hazırlayaraq geniş oxucu kütləsinin mühakiməsinə çıxarmışdır.
Onun 1991-ci ildə Bakıda «Azərbaycan və İran: 40-cı illər» adlı irihəcmli kitabı nəşr edilmişdir. Perspektivli bir şərqşünas kimi etiraf olunur. Maraqlıdır ki, dünya şöhrətli amerikalı şərqşünas alim Tadeuş Svyatoxovski özünün «Rusiya və Azərbaycan: keçid dövründə sərhəd» kitabında (Nyu-York, 1995) bir neçə dəfə Cavanşir Vəkilovun əsərlərinə istinad etmişdir.
Nazim Hikmət, Mirzə İbrahimov, Osman Sarıvəlli, Zeynal Xəlil, Mir Cəlal, Ziya Bünyadov, Həmid Araslı və bir çox tanınmış şəxslər barədə maraqlı xatirələri vardı. Zəngin ədəbi və elmi mühitdə göz açıb böyümüş olan Cavanşir Vəkilovun ədəbi və tarixi irsə qayğılı və səliqəli münasibətinə qocaman tədqiqatçı alim Qulam Məmmədli özünün 90 illik yubiley mərasimində yüksək qiymət vermişdi.
Son illər XİN-də çalışır və tədris fəaliyyəti ilə məşğul idi.
Allah rəhmət eləsin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 965