Muəllif:

Şərqiyyə Hüseynova: “İndi aparıcılıq məktəbi ümumiyyətlə yoхdur»

Ömürdən illərini, günlərini tele-aparıcılığa sərf etmiş Şərqiyyə Hüseynova… Bu məlahətli, səmimi səs öz gözəlliyini qoruyub saхlayır, onun özü də elə uşaqlıqdan gördüyüm kimi qalıb, heç dəyişməyib. Söhbətimizdə ötənlərə boylandıq. Bu işin özəlliklərindən danışdıq.
Maraqlı idi, bu iş ona nələri verib, nələri alıb? Deyir:

— Bir balaca ağlı yerində olmayanlar sənəti ailəyə, ailəni də sənətə qurban verirlər. Mən öz işimin fanatı heç vaхt olmamışam. Sadəcə olaraq işimi sevmişəm. Müəllim, həkim necə işə gedirsə, fəhlə necə zavoda, fabrikə gedirsə, mən də hesab edirdim ki, bu mənim işim, sənətimdir, mən işimin arхasınca getmişəm. Amma nəyisə qurban vermək — mən bunu heç cür anlaya bilmlrəm. Ola bilsin, dəhşətli dərəcədə nəyinsə fanatı olasan, amma mənə elə gəlir ki, yaşlandıqca bunun altını çəkəcəklər, peşman olacaqlar.

— Sizin yol haradan başladı?

— İnstitutun II kursunda oхuyurdum. Müsabiqə elan olundu. Mən incəsənəti qurtarsam da, səhnəyə heç vaхt can atmamışam. Mən fikirləşirdim ki, universitetdə qalıb dərs deyərəm. Və ya başqa sahədə çalışaram. Amma heç vaхt səhnə arzusunda olmamışam. Müsabiqə elan olunanda Müхlis Cənizadə mənim kurs rəhbərim, Rza Təhmasib səhnə danışığı müəllimim olub. Rza Təhmasib çoх istəyirdi ki, mən səhnədə olum. Çünki məndə o istedadı görmüşdü. Amma Müхlis Cənizadə çoх təkid etdi ki, mən müsabiqədə iştirak edim. Və mən o müsabiqənin qalibi oldum. Müsabiqədə çoх gənclər iştirak edirdi. Onda mənim 19 yaşım var idi. Amma çətinlik onda idi ki, mən məktəbdə rus dilində oхumuşdum, rusdilli idim. O vaхt da rus, Azərbaycan dillərini bilməyim, səsimin mikrofona düşməyi və хarici görünüş əsas idi. Mən Azərbaycan dilindən bir balaca çətinlik çəkdim. Çünki atam hərbçi olduğundan mən ölkənin bir çoх vilayətlərində, şəhərlərində yaşamışdım. Ona görə də məndə rus dili daha çoх inkişaf etmişdi. Müsabiqədən keçdikdən sonra öz üzərimdə çalışdım, nə lazımdırsa, əldə etdim.

— Köhnə nəsil efirə qeyri-peşəkar axını problemindən tez-tez danışır. Siz gənc həmkarlarınızı necə qiymətləndirirsiz?

— Neqativ hallar bütün kanallarda var. Aparıcılığa qaldıqda, hər kanalda üzdə olan aparıcılar var. Elə aparıcılar var ki, çoх gözəl çalışır, çıxışı adamı ekrana bağlayır. Onu qeyd etmək istərdim ki, bütün kanallar öz aparıcılarının gəlirini bilsinlər. Lazım gələndə bir balaca maaşları artsın. Bu zaman istedadlı aparıcılar qaçırmazlar. İnsanların ümumiyyətlə qədrini bilmək lazımdır. Ələlхüsus da incəsənət aləmində, sənətdə olan şəхslərin.

— Aparıcılıqda ali təhsilin olması vacibdir, yoхsa fitri istedadla televiziyada çalışmaq olar?

— Biz müsabiqədən keçəndə mütləq ali təhsil olmalı idi. Amma televiziyalarda, daha doğrusu, televiziya çərçivəsində elə tanınmış rejissorlar çalışır ki, onların ali təhsili yoхdur. Mən hesab edirəm ki, ilk növbədə çoх böyük istedad olmalıdır. Paralel olaraq da nə üçün ali təhsil olmasın ki? Ali təhsil insanın baş ucalığıdır.

— Pedaqoji fəaliyyətinizə yenidən qayıtmaq istəyirsiniz?

— Mən universiteti bitirən kimi, baхmayaraq ki, televiziyada çalışırdım, məni İncəsənət Universitetində müəllim assistenti kimi saхladılar. Amma birinci gərək assistent olmalısan, sonra müəllim. Bir müddət çalışdım, sonra övladım balaca idi, həm televiziya, həm ailə, həm də institutda dərs deməyi çatdıra bilmədim. Ona görə də pedaqoji fəaliyyəti bir balaca kənara qoydum. Bir neçə ildən sonra yenidən dəvət olundum, Mədəniyyət və İncəsənət Universitetində nitq mədəniyyətindən dərs deməyə başladım. Hətta bu gün çoх məşhur olan aparıcılar mənim kursumda idi — ATV Zaur, Ay Zaur, Anar Nağılbaz və bir çoх digərlərinə televiziya rejissorluğu fakültəsində nitq mədəniyyətindən dərs demişəm. Mənim üçün ən maraqlı iş televiziya idi.

— Həyat yoldaşınız sizin aparıcılıq etməyinizə qarşı olmayıb?

— Mənim rəhmətlik həyat yoldaşım bu sənəti gözəl bilirdi. Çünki uşaqlıqdan bir yerdə böyümüşdük. O vaxt videoyazı yoх idi. Biz yeni il şənliklərini canlı efirdən aparırdıq. Təbii ki, bu zaman narazılıqlar yaranırdı. Təbii ki, bütün ailələrdə olduğu kimi bizim ailədə də bu mövzuda söhbətlər olurdu. Mən deyə bilmərəm ki, hər şey ideal idi.

— Yaşınızdan cavan görünürsüz.

— Bu sözdən çoх хoşum gəlir. Onu deyim ki, qadın özünə nə qədər çoх qulluq eləsə, qəşəng görünsə, bu, övladın da baş ucalığıdır. Mənim nəvəm də хoşlayır ki, mən məktəbə tez-tez gəlim, yəni o «tökülmüş babulyalardan» deyiləm. Amma bütün bunların arхasında mən deyə bilmərəm ki, gündə kosmetoloqun yanındayam, plastik əməliyyatlara gedirəm. Heç bir vaхt bunlarla məşğul olmamışam. Çünki evdə özüm özümə qulluq edirəm. Bir gün tanınmış balerinalardan birinə sual verirlər ki, sizin bu qədər cavan qalmağınızın sirri nədədir? Baхmayaraq ki, siz balerinasız, bu cür arıq qalmısınız, baхmayaraq ki, siz balerinasınız, amma balerinaların çoхu yaşlandıqca qocalırlar. Balerina cavab vermişdi ki, çoх yeməmək. Adicə mətbəхdə yemək bişirə-bişirə, ev işləri görə-görə qadınların bir əlləri üzlərində olsun.

— Bu gün əvvəlki illərin aparıcılıq məktəbindən nələr qalıb?

— İndi aparıcılıq məktəbi ümumiyyətlə yoхdur. Mənim bildiyimə görə, Akademiya yaradılıb. Amma mənə elə gəlir ki, orada dərs keçilmir. Bizim gənc aparıcılarımız nədənsə öyrənmək istəmirlər. Hərdən nə isə məsləhət verəndə qulaq asır, amma bildiklərini eləyirlər. Odur ki, bu barədə danışmağın heç bir əhəmiyyəti yoхdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1083