Muəllif:

Şəmkir sakinləri hakimiyyət orqanlarını fırıldaqçılıqda ittiham edirlər

Bu gün Şəmkir rayonunun bir qrup sakini Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda mətbuat konfransı keçirərək, mülkiyyət hüquqlarının pozulduğunu bildiriblər. Kəndlilər Şəmkir su anbarının tikintisi ilə əlaqədar əllərindən alınmış torpaqlara və digər əmlaka görə ədalətli kompensasiya ödənilmədiyindən şikayət edirlər. 53 torpaq sahəsi sahibindən 45 nəfəri kömək üçün “Peşəkar hüquqşünaslar” İctimai Birliyinə müraciət ediblər. Bu QHT-nin rəhbəri Tağı Hüseynov bildirib ki, dövlət xeyrinə özəl əmlakın mənimsənilməsi prosesi qanunvericiliyin pozulması ilə həyata keçirilib.

Belə ki, vətəndaşlara torpaqlarının alınması və əmlakın özgəninkiləşdirilməsi şərtləri haqqında rəsmi bildirişlər göndərilməyib. 2009-cu ilin fevralında rayon İH-də əmlakın qiymətləndirilməsi üzrə komissiya yaradılıb. Amma sakinlər torpaqlarının alındığı barədə yalnız inşaat işləri başladıqda – mart-aprel aylarında öyrəniblər. Sakinlərin sözlərinə görə, hakimiyyət bunu dövlət başçısının su anbarının bünövrəsinin qoyulması mərasimində iştirak etməli olması ilə əsaslandırıb.

Kompensasiyaları yalnız 2010-cu ilin yayında ödəməyə başlayıblar, həm də 0,1 ha torpaq üçün 50 manat olaraq, bir halda ki, bu ərazidə torpağın qiyməti 500-1200 manat təşkil edir. Qanuna əsasən, vətəndaşlara bazar qiymətlərinə uyğun kompensasiya və 10% əlavə vəsait ödənilməlidir. Prezidentin 26 dekabr 2007-ci il tarixli fərmanına əsasən, Prezidentin Ehtiyat Fondundan əlavə olaraq 20% ödəniş nəzərdə tutulur.

Seyfəli kənd sakini Ceyhun Məmmədov bildirib ki, o, 0,19 ha torpaq sahəsi üçün cəmi 1385 manat alıb, bir halda ki, hər il bu sahədən 9-10 ton kartof və soğan götürürdü. Kəndin digər sakini İkram Həsənov deyib ki, 0,21 ha torpaq sahəsi və 30 qoz ağacı üçün cəmi 2700 manat alıb. Bu zaman 100-150 kq qoz verən hər ağac üçün ona cəmi 90 manat veriblər. Hüquq müdafiəçisi Hüseynovun sözlərinə görə, bazar qiymətlərinə görə bu fermer 297 min manat almalı idi.
Nərimanlı kənd sakini Təvəkkül Cəlilov və digər sakinlər bildiriblər ki, 5 yaşından az olan əksər meyvə ağacları cəmi 1 manat olaraq dəyərləndirilib. Yerli sakinlər həmçinin bildiriblər ki, onlar heç bir alqı-satqı sənədi imzalamayıblar. Onların sözlərinə görə, mülkiyyətçilərə əmlakın – torpaq sahəsinin, ağacların, təsərrüfat tikililərinin siyahıya alınması və onların qiymətinin müəyyən edilməsi üzrə aktları imzalamağı təklif ediblər. Bu zaman yerli sakinlərə əmlakın Bakıda qiymətləndiriləcəyi bildirilib.

Hüquqşünas Hüseynov bildirib ki, “Peşəkar hüquqşünaslar” QHT aldadılmış mülkiyyətçilərə Şəmkir su anbarı tikintisinin sifarişçisi – Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı ədalətli kompensasiya ödənilməsi tələbi ilə kollektiv iddia verməyə kömək edəcək. Yerli sakinlər hesab edirlər ki, dövlət xəzinəsindən kifayət qədər vəsait ayrılıb, lakin pullar mənimsənilib. Bununla əlaqədar olaraq, sakinlər prezident İlham Əliyevə ədalətli bərpa etmək xahişi ilə müraciət göndərəcəklər.

Turan-ın bu ittihamlarla bağlı şərh vermək xahişinə cavabda Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildiriblər ki, əmlakın özgəninkiləşdirilməsi qüvvədə olan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib və kompensasiya ölçüləri razılaşdırılıb, pullar isə torpaq sahəsi sahiblərinin özlərinin təqdim etdikləri hesablara köçürülüb.

Sonradan qanunvericiliyə dəyişikliklər edilib, lakin qanunun geriyə təsiri yoxdur, deyə adının açıqlanmasını istəməyən ASC nümayəndəsi bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 308