Muəllif:

«Seçki ili — çətin dövrdür»

— Cənab səfir, ABŞ-ın keçmiş dövlət katibi xanım Hillari Klinton Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri kimi son çıxışlarının birində mahiyyətcə belə bir şərh vermişdi: Rusiya inteqrasiya prosesləri vasitəsilə postsovet məkanında Sovet İttifaqının bu və ya digər formada bərpası üçün cəhdlər göstərir, ABŞ isə öz növbəsində, bu layihənin həyata keçməsinin qarşısının alınması üçün mümkün olan hər şeyi edəcək. Bununla belə, Rusiya prezidenti Vladimir Putin artıq «barmaq silkələyərək» bəyan edib ki, Gömrük Birliyində iştirak etməkdən imtina edən bir sıra postsovet ölkələri ilə viza rejimi dəyişdiriləcək. Digər tərəfdən, siyasi nəticə kimi, bu cür təşəbbüslər Avrasiya İttifaqının yaradılmasına aid edilir. ABŞ SSRİ-nin bu və ya digər formatda yenidən qurulmaması üçün nə kimi konkret tədbirlər həyata keçirə bilər?
— Əvvəla onu qeyd edim ki, mən ABŞ-ın sabiq dövlət katibinin adından yanlış sitatların gətirilməsini istəməzdim. Əgər biz ABŞ-ın dövlət katibinin adından sitat gətiririksə, o sitat dəqiq olmalıdır. Bundan başqa, onu vurğulamaq istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının həm Azərbaycan, həm də Rusiya Federasiyası ilə yaxşı münasibətləri var. Biz bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması üçün hər iki ölkə ilə əməkdaşlıq edirik. Vaşinqton Azərbaycan və digər bölgə ölkələri ilə əlaqələrin qurulması və inkişafı ərzində daim bu dövlətlərin suverenliyinin qorunması üçün çalışıb və bu sahədə onları dəstəkləyib. Bizim üçün Azərbaycanın hansı yolu seçməsi ilə bağlı özünün müstəqil qərar verməsi vacib məqamdır. Yəni bizim üçün əhəmiyyətli olan odur ki, Azərbaycan hər bir məsələyə dair müstəqil qərarlar verə bilsin.
— Bəs bütövlükdə, rəsmi Vaşinqtonun Kremlin son zamanlar ardıcıl olaraq səsləndirdiyi «Avrasiya ideologiyası»na münasibəti necədir? Misal üçün, vaxtilə Zbiqnev Bjezinski, mahiyyətinə görə bu ideologiyanı «mistik» adlandırmışdı. ABŞ-da bu gün bu ideoloji konsepsiyanı nə dərəcədə adekvat qiymətləndirirlər?
— Rusiya MDB məkanında bir sıra təşəbbüslər irəli sürmüşdür. Bir daha qeyd etmək istəyirəm ki, hər bir dövlət hər hansı bir məsələ ilə bağlı müstəqil şəkildə qərarlar qəbul etməlidir.
— ATƏT Minsk Qrupunun həmsədrləri ardıcıl olaraq indiyədək bir sıra bəyanatlarla çıxış edərək bildiriblər ki, Dağlıq Qarabağ ətrafında baş verən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində vasitəçi dövlətlərin mövqeləri üst-üstə düşür. Lakin belə bir təəssürat yaranır ki, Moskva və Vaşinqton eyni mövqe tutsalar da, 20 il ərzində Ermənistanı dilə tuta bilmirlər. Sualı başqa cür qoysaq, belə çıxır ki, vasitəçilər problemə eyni cür yanaşsalar da, Qarabağ probleminin həlli məsələsində, ümumiyyətlə, hər hansı bir irəliləyişə nail ola bilmirlər. Vaşinqton üçün Moskva ilə bu məsələdə həmrəylik nümayiş etdirmək sadəlövhlük deyilmi? Axı Azərbaycanda buna səmimi inanan az adam tapılar…

— Əlbəttə, Azərbaycanda, 20 il keçməsinə baxmayaraq, Qarabağ münaqişəsinin həllində çox az irəliləyişin olması səbəbindən məyusluq mövcuddur. Mən anlayıram ki, Qarabağ münaqişəsi bütün azərbaycanlılar üçün ağrılı mövzudur. Öz növbəmizdə biz ATƏT Minsk Qrupu ilə birgə məsələnin nizamlanmasının yollarını tapmaq üçün fəaliyyətimizi davam etdiririk və bundan sonra da davam etdirmək niyyətindəyik. Biz məsələnin müsbət həllinə nail olmaq üçün dövlət rəhbərləri ilə birgə yaradıcı ideyaların və təşəbbüslərin ortaya qoyulması üçün çalışırıq və mən bilirəm ki, bizim Minsk Qrupunda çalışan həmsədrimiz, Fransa və Rusiyadan olan vasitəçilərlə birlikdə prosesin müsbət istiqamətdə irəliləməsi üçün hər cür səy göstərməyə çalışırlar və bunu davam etdirəcəklər. Lakin onu qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin həllinin yekun nəticəsi əsaslı şəkildə ATƏT Minsk Qrupundan asılı deyil. ATƏT Minsk Qrupu yalnız münaqişənın həllində kömək edə bilər. Bu təşkilat münaqişə tərəflərini hər hansı qərarın verilməsinə məcbur edə bilməz. Məsələnin həlli əsasən tərəflərin siyasi iradə nümayiş etdirməsindən asılıdır. Ümumiyyətlə, ATƏT Minsk Qrupu hər iki tərəfin siyasi iradə nümayiş etdirməsi üçün müxtəlif ideyalar və təkliflər hazırlaya bilər.
— Son zamanlar bir çox ekspertlər və nüfuzlu «beyin mərkəzləri» Azərbaycan və Ermənistan arasında tammiqyaslı hərbi əməliyyatların yenidən başlama təhlükəsinin yaranmasına istinad edirlər. ATƏT Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ, yəqin ki, Qarabağ münaqişəsinin bütün aspektləri üzrə məlumata malikdir. Rəsmi Vaşinqton bu gün hərbi əməliyyatların yenidən başlanması təhlükəsini nə dərəcədə real zənn edir?
— Hər halda biz ümidvarıq ki, hərbi əməliyyatlar bərpa olunmayacaq. Biz inanmırıq ki, Azərbaycan, ya da Ermənistan hərbi əməliyyatların yenidən başlanmasında maraqlı olsun. ATƏT Minsk Qrupu elə bir şərait təmin etməlidir ki, tərəflər arasında silahlı münaqişəyə gətirib çıxara biləcək hər hansı bir hadisə baş verməsin və hərbi əməliyyatların bərpası üçün heç bir tərəf xam xəyallara uyub yanlış hesablamalar etməsin. Minsk Qrupu həm Azərbaycan, həm də Ermənistan tərəfinin yanlış addımlar atmaması üçün çağırışlar etməlidir. Qarabağ münaqişəsinin həllinin hərbi yolu yoxdur. Biz tərəfləri münaqişənin qarşısını almaq və Qarabağ probleminin sülh yolu ilə həllini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirməyə çağırırıq.
Burada mən 18 iyun 2012-ci ildə Meksikanın Los-Kabos bələdiyyəsində keçirilən G-20-nin sammiti zamanı Minsk Qrupu vasitəçi dövlətləri başçılarının verdiyi birgə bəyanata istinad etmək istəyirəm. ABŞ, Fransa və Rusiya prezidentləri bəyan etmişdilər ki, hərbi güc münaqişəni həll etməyəcək, yalnız və yalnız bölgədə yaşayan insanların acı illərini uzatmış olacaq. Qarabağ məsələsində status-kvonun dəyişdirilməsi yalnız gələcəkdə regional təhlükəsizliyi və inkişafı təmin edəcək sülh danışıqları vasitəsilə həyata keçirilə bilər.
— Cənab səfir, Sizin bəyanat Vaşinqtonun regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məsələsinə strateji əhəmiyyət verməsinə dəlalət edir. Digər tərəfdən, 2008-ci ilin avqustunda bölgədə baş verən hadisələr Moskvanın postsovet məkanının bir hissəsində öz geosiyasi inhisarını bərpa etmək üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu nümayiş etdirdi. Bununla belə, zənn edilir ki, ABŞ və Qərbin bu istiqamətdə əks vasitə kimi heç bir adekvat və ən əsası, effektiv mexanizmləri mövcud deyildir. Öz növbəsində rəsmi Tehran, İranın nüvə proqramı probleminin hərbi ssenariyə uyğun həll olunması təqdirində, Cənubi Qafqazda yerləşən strateji obyektlərə raket zərbələri endirəcəyi ilə hədələyir. Yəni neft yataqları və kəmərlərinə. Bu məsələdə Vaşinqton hansı strategiyaya üstünlük verir?
— Əsas odur ki, Vaşinqton bu bölgədə hər hansı güc tətbiqinə qarşı çıxacaq. Biz təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq edirik. Bu əməkdaşlıq həmçinin Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasını əhatə edir. Biz Xəzər dənizində yerləşən mühüm infrastrukturların mühafizəsi üçün zəruri strategiyanın işlənib hazırlanması və eyni zamanda bununla əlaqədar təlimlərin təşkil olunmasını həyata keçiririk. Hal-hazırda bizim fəaliyyətimiz mühüm enerji infrastrukturunun mühafizəsinə yönəlib. Bu tədbirlər çərçivəsində ABŞ-ın bir sıra agentlikləri Azərbaycanın müvafiq qurumları ilə birgə Xəzər dənizində təhlükəsizliyin təmin olunması üçün müxtəlif variantların hazırlanması üzərində çalışır. Bu sahədə xüsusi bir proqram var. Həmin proqram konkret olaraq «Mühüm enerji infrastrukturunun mühafizəsi» adlandırılıb.
— Avroatlantik strukturlara inteqrasiya siyasətinin strateji istiqamətlərindən biri NATO ilə əməkdaşlıqdır. Lakin artıq bir neçə müddətdir bəzən belə güman edilir ki, bu hərbi-siyasi blok postsovet məkanında yerləşən bir sıra dövlətlərə kollektiv təhlükəsizlik təminatı təqdim etmək iqtidarında deyil. Belə bir fikir irəli sürülərkən qeyd olunur ki, NATO-nun Almaniya və Fransa kimi üzvlərinin Rusiya ilə isti münasibətləri mövcuddur və bu səbəbdən Berlin və Paris bir sıra postsovet dövlətləri Şimali Atlantika Müqaviləsi Təşkilatı sıralarında görmək arzusunda deyil. Eyni zamanda, misal üçün Azərbaycan ya NATO üzvü olmaq istəmir, ya da buna hazır deyil. Lakin bununla belə, bu gün Cənubi Qafqazda müstəqil dövlətlərin maraqları üçün əsl təhlükə var. Bu isə öz növbəsində Qərbin regional prioritetlərinə təsir göstərir. Cənubi Qafqaz ölkələrinə NATO çərçivəsində olmadan başqa təhlükəsizlik təminatı təqdim etmək mümkündürmü? Burada, əlbəttə, hərbi-siyasi xarakterli təminat nəzərdə tutulur…
— Bir daha qeyd edim ki, bölgədə siyasi sabitliyin möhkəmləndirilməsi ABŞ üçün ən vacib məqamdır. Biz bölgə ölkələri ilə birlikdə davamlı və ardıcıl şəkildə əsl sabitliyin təmin olunması imkanlarının artırılması, gərginlik və münaqişələr təhlükəsinin azaldılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Belə ki, 20 il ərzində Dağlıq Qarabağ probleminin həlli prosesi çox çətin bir prosedur olsa da, biz münaqişədən irəli gələn təhlükələrin azaldılması üçün ciddi səylər göstərmişik. Təmas xəttində zaman-zaman gərginlik yaşansa da, sevindiricidir ki, münaqişənin nizamlanmasında iştirak edən dövlətlərin səyləri nəticəsində genişmiqyaslı hərbi əməliyyatlar bərpa olunmayıb. Yenə vurğulamaq istərdim ki, biz Azərbaycanla təhlükəsizlik sahəsində çox sıx əməkdaşlıq edirik. Bizim terrorizmə qarşı mübarizədə möhkəm tərəfdaş münasibətlərimiz mövcuddur. Vaşinqton və Bakı arasında Əfqanıstan üzrə effektiv əməkdaşlıq davam edir. Əlbəttə ki, ABŞ-ın, NATO-nun təqdim edə biləcəyi kollektiv təhlükəsizlik təminat imkanları yoxdur, lakin biz inanırıq ki, regionda həyata keçirdiyimiz tədbirlər nəticəsində, münaqişənin yaranması risklərini əhəmiyyətli dərəcədə azaltmışıq. Əlbəttə, biz xüsusi ilə də Dağlıq Qarabağ məsələsində hər şeyə tam əmin ola bilmərik və buna görə də bu prosesdə iştirakımızı davam etdirəcəyik.
— Cənab səfir, Siz uzun müddət ABŞ Dövlət Departamentində enerji məsələləri üzrə məsul şəxs olmusunuz. Azərbaycana səfir təyin olunmamışdan az öncə Siz birmənalı şəkildə Trans-Xəzər boru kəmərinin çəkilməsini dəstəkləmisiniz. Artıq bu məsələyə dair Azərbaycan-Türkmənistan-Avropa Birliyi formatında danışıqlar gedir. Rusiya isə bu formata qarşı çıxıb. Bəlkə, Sizin Trans-Xəzər boru kəmərinin tikintisiylə bağlı aparılan danışıqların hansı mərhələdə olması haqqında məlumatınız var?
— Hazırda danışıqların hansı mərhələdə olması barədə hər hansı bir spesifik məlumatım yoxdur. Amma mən bu prosesdə hələ 1998-ci ildə Trans-Xəzər boru kəmərinin konsepsiyası işlənəndə iştirak etmişəm. Ümumiyyətlə, Trans-Xəzər boru kəmərinin bu günə qədər inşa edilməməsi bir çox səbəblərdən irəli gəlir. Biz, əlbəttə ki, bu layihənin həyata keçirilməsini dəstəkləyirik. Qeyd etdiyiniz kimi, bu məsələyə dair Avropa Birliyi, Azərbaycan və Türkmənistan arasında danışıqlar davam etdirilir. Ümid edirik ki, nəticə etibarı ilə bu danışıqlar uğurlu olacaq. Bu il artıq «Şahdəniz» lahiyəsi ilə bağlı yekun investisiya qərarı verilməlidir və biz Avropaya «mavi yanacağın» nəql olunmasını təmin edəcək «Cənub dəhlizi»nin formalaşdırılmasında yeni addımların atılmasını arzu edirik.
— Sonuncu sual daha çox daxili siyasət mövzusundadır. Bu ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bununla belə, 2013-cü ilin əvvəlindən başlayaraq, ardıcıl olaraq bir neçə siyasətçinin, müxalifətçinin, gənc fəalların və etiraz edən digər vətəndaşların həbsləri baş verib. Bu sıradan «REAL» hərəkatının («Respublikaçı Alternativ») sədri İlqar Məmmədovun, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, «NİDA» gənclər təşkilatının bir neçə üzvünün həbslərini qeyd etmək olar. Bununla yanaşı, siyasi hadisələrin gedişində, Azərbaycan hakimiyyəti ölkəmizdə Milli Demokratiya İnstitutunun fəaliyyəti ilə bağlı narazılığını bildirib. Bu təşkilatın əsas donoru ABŞ hökumətidir. Sizdə belə təəssürat yaranmırmı ki, MDİ-nin fəaliyyətini tənqid edərkən rəsmi Bakı Vaşinqtonun ölkədə baş verən hadisələrə dair tutduğu mövqeyi ilə bağlı öz narazılığını bildirir? Və niyə hədəf məhz Milli Demokratiya İnstitutu seçilir?
— Mən Azərbaycan hökuməti adından məsələ ilə bağlı şərh verə bilmərəm.
— Bu halda, biz, əlbəttə ki, Sizin fərziyyələrinizi nəzərdə tuturuq…
— Anladım. Mən demək istəyirəm ki, Azərbaycan hökumətinin Milli Demokratiya İnstitutunun ölkədəki fəaliyyəti ilə bağlı narazılıq bildirməsinə dair sualı hökumət nümayəndələrinə verməlisiniz. Mən Azərbaycan hökumətinin reaksiyasına görə cavab verə bilmərəm. Amma əlbəttə ki, qaldırılan məsələlər barədə fikrim mövcuddur. Mən birmənalı şəkildə bildirirəm ki, MDİ heç bir halda Azərbaycanda iğtişaşların qızışdırılmasında maraqlı deyil. MDİ təşkilatı və onun əməkdaşları daim Azərbaycanda demokratiyanın inkişafını dəstəkləyiblər. Milli Demokratiya İnstitutu siyasi partiyalar ilə spesifik işləməyib. Bu təşkilat qeyri-hökumət təşkilatları ilə işləyib. MDİ həm də hökumətyönlü QHT-lərlə işləmişdir. Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti həmişə çox şəffaf olmuşdur. Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı onu deyə bilərəm ki, «seçki ili» çətin dövrdür.
— Təşəkkür edirik, cənab səfir.

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121