Muəllif:

Rumıniya səfiri Bakı Ali Neft Məktəbində olub

Rumıniyanın Azərbaycan səfiri Daniel Kristian Çiobanu və səfirliyin birinci katibi Radu Gorinçoy Bakı Ali Neft Məktəbində olmuşlar. Qonaqları qəbul edən rektor Elmar Qasımov Dövlət Neft Şirkətinin transmilli şirkət olaraq, Azərbaycanda və ölkənin hüdudlarından kənarda, eləcə də Rumıniyada həyata keçirdiyi bir çox böyük enerji və digər layihələrdən söz açaraq qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd bu beynəlxalq layihələrdə işləyə biləcək ingilisdilli, çağdaş biliklərə malik kadrların hazırlanmasıdır.
Bakı Ali Neft Məktəbi haqqında qonaqlara məlumat verən Qasımov bildirmişdir ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləmişdir.
Səfir Daniel Kristian Çiobanu bildirmişdir ki, Azərbaycan və Rumıniya arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elmi və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Bunun əyani sübutu kimi Azərbaycan və Rumıniya arasında 2011-ci ildə imzalanmış «Strateji əməkdaşlıq» fəaliyyət planını nümunə göstərən səfir Daniel Kristian Çiobanu eyni zamanda ARDNŞ-nin Rumıniyada əsas investorlardan biri olduğunu vurğulamışdır. Səfir Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Rumıniyanın müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135