Muəllif:

Reformafiya və reformasiya

Sizdə belə təsəvvür yaranmırmı ki, hakimiyyət özünə hər tərəfdən təhlükə hiss edir, hamıdan şübhələnir və əsil təhlükə mənbəyini müəyyən edə bilmədiyi üçün gətirdiyi suvuran maşınlardan dörd yana aramsız su fışqırdır?
İlin əvvəlindən hakimiyyət politoloqlarının, partiya liderlərinin və dövlət rəhbərlərinin bu mövzuda diqqətimi cəlb edən bəyanatlarını bir qovluğa yığmışam. Oxuyuram. Başa düşüləni budur: gənclər — təhlükədir, dindarlar — təhlükədir, jurnalistlər — təhlükədir, ziyalılar — təhlükədir, qeyri-hökumət təşkilatları — təhlükədir, diaspora — təhlükədir, Türkiyə — təhlükədir, İran — təhlükədir, Rusiya — təhlükədir, Amerika — təhlükədir, hətta Azərbaycanın üzv olduğu Avropa qurumları — onlar da təhlükədir. Real müxalifətə bu uzun sırada heç növbə çatdırmaq olmur.
İstənilən hakimiyyət üçün bu nataraz dünyada təhlükə, doğrudan da, az deyil. Amma ən böyük təhlükə xalqdan uzaq düşmək, narazıların gözünü qorxudub susdurmağın hər zaman mümkün olacağına inanmaq, dövlət aparatında separatçılığa uyub onu öz içindən dağıtmaqdır. Nazirliklər muxtar respublikaları xatırladırlar, yerli icra hakimiyyətləri xanlıqları. Vergi orqanları Korrupsiyaya Qarşı Mübarizə idarəsini saymırlar, Korrupsiyaya Qarşı Mübarizə idarəsi vergi orqanlarını. TQDK Təhsil nazirliyi ilə məhəlli müharibə aparır. Gömrük komitəsi ölkənin iqtisadi hüdudlarını deyil, ayrı-ayrı oliqarxların biznesinin sərhədlərini qoruyur. Ümumiyyətlə, «nazir» və «oliqarx» ifadələri sinonimə çevrilib və belə şəraitdə onların maraqlarının toqquşması, bəzənsə qovuşaraq ictimai-dövlət maraqlarını üstələməsi adi hala çevrilib. Hər yeni gələn icra başçısı işə özündən əvvəlkinin tikdiklərini sökməklə başlayır və sairə və ilaxır. Hamının da «ləpirlərini» güc nazirlikləri silir, əyər-əskiyini düzəldir.
Daimi şübhələr daimi qorxu yaradır. Daimi qorxu — repressiyalar. Repressiyalar isə hakimiyyətlə cəmiyyət arasındakı uçurumu dərinləşdirir, ortadakı çarpaz ikrah-nifrət hisslərini alovlandırır. Bilirəm ki, bu sözlər kimlərinsə xoşuna gəlməyəcək: «Nə ikrah, nə nifrət? Xalqla hakimiyyət birdir!». Amma bu cəmiyyətin ağrılarını ürəyində gəzdirən vicdanlı ziyalılardan biri kimi mənim borcum gördüklərimi deməkdir. Bizim indi cəmiyyətimizdə şahidi olduğumuz budur: bir yanda həbslər, prokurorluğa çağırışlar, dindirmələr, təqiblər; o biri yanda kortəbii çıxışlar, etirazlar, hədələr, qarğışlar…
Bir neçə dəfə təsəvvür yaranıb (hər halda cəmiyyətdə belə təsəvvür yaratmağa çalışıblar) ki, Prezident bu sehrli dairədən çıxmaq istəyir. Olub ki, komandasını yığıb, islahatlar haqqında danışıb, xalqı incidən məmurları hədələyib, tapşırıqlar verib. Komanda qollarını çırmalayıb işə girişəndə isə «islahatın» sonu hər dəfə məhz Viktor Stepanoviçin (Çernomırdin) dediyi sayaq qurtarıb: «İstəyirdik, yaxşı olsun, həmişəki kimi alındı». Axırda da prezident yenə ictimaiyyətin müxtəlif təbəqələrinin, beynəlxalq təşkilatların qınağı ilə üzləşib. Ona görə indi:»Nə edirəmsə, edim, onsuz da yamanlayırsınız. Mən də bildiyimi edəcəyəm!» məntiqinə üstünlük verir. İstisna etmirəm ki, onu demokratik islahatların zəruriliyinə inandırmağa çalışanlara da elə belə cavab verir.
Amma, bəlkə, problem «nə edirəmsə, edim, məni yamanlayırsınız»da deyil, «istəyirdik, yaxşı olsun, həmişəki kimi alındı»dadır? Bəlkə təhlükəni «terrorçu» gənclərdə, «dövlət çevrilişinə hazırlaşan» dindarlarda, «siyasiləşmiş» mətbuatda, «xaricdən maliyyələşən» qeyri-hökumət təşkilatlarında yox, ölkədə yoxsulluğun və işsizliyin günü-gündən azaldığı, insan haqlarının və mətbuat azadlığının nümunəvi olaraq qorunduğu barədə hesabatlar yayan məmurlarda axtarmaq lazımdır? Nazirliklərin separatçılığında, icra hakimlərinin özbaşınalığında görmək lazımdır? İnsanlar bu hesabatların içində yaşamırlar axı, kağız üzərində yox, real həyatda işləmək, yaxşı təhsil almaq, xoş güzəran görmək, ləyaqətli ömür sürmək istəyirlər.
Amma hökumət ondan gözlənilən islahatları yalnız özünümüdafiə üsullarının və silahlarının təkmilləşdirilməsi kimi başa düşür. Etiraz edənləri «şübhəlilərin», bir az fəalları «düşmən dəyirmanına su tökənlərin» siyahısına salır və onlara qarşı hərəkətə keçir.
Son vaxtlar bu siyahıda ziyalıların da adları tez-tez çəkilir. Əslində, ziyalı dincliyə və dünyəviliyə hamıdan çox meylli adamdır. Özünün də hakimiyyət iddiası yoxdur, olsa-olsa, bir mütəxəssis kimi, hökumətin işinin bir qulpundan yapışa, ya da məsləhətini verə bilər. Və bu işi təmənnasız görməyə hazırdır. Tarixdən və şəxsi təcrübəsindən bunu da bilir ki, kim kimə əl qaldırsa, onsuz da birinci başı yarılan o olacaq.
Ziyalının sonadək islahat deyib durması, bu adla istər diktaturaya, istərsə xaosa aparan yolu kəsməyə çalışması, həmişə əzilənə hay verməsi bundan doğur.
Stanislav Yeji Lets deyirdi ki, reformalar keçirməyənin qapısını axırda reformasiya döyəcək. Reformasiya, bilirsinizmi, nədir? İslahatlar uğrunda dini forma almış ictimai hərəkat!
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 386