Muəllif:

«Rabitə»dən tarixi uğur

Qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) II pley-off mərhələsinin cavab görüşləri başa çatdı. Avropanın ən nüfuzlu klub turnirində yarışan iki Azərbaycan komandasından təkcə ölkə çempionu «Rabitə» yarışların həlledici mərhələsi olan «Dördlər finalı»na vəsiqə qazandı. «Azərreyl» isə 1/3 final mərhələsinin cavab oyununda da İtaliya «Yamamay»ına məğlub olaraq yürüşü dayandırmalı oldu.
«Dördlər finalı»na vəsiqə uğrunda qarşılaşmada «Rabitə» mövsümün sonuncu «ev oyunu»nda Kazan «Dinamo»sunu qəbul edirdi. İtaliyalı mütəxəssis Marçello Abbondanzanın başçılıq etdiyi Bakı klubu səfərdə qalib gəldiyindən «ev oyunu»nda işi elə də çətin olmadı. Voleybolçularımız ikinci görüşdə də layiqli qələbə qazanaraq, 1 mövsümlük fasilədən sonra yenidən «Dördlər finalı»na yüksəldilər.
Görüşə gəlincə, oyunun əvvəlindən sonuna kimi üstünlük komandamızın tərəfində idi. İlk texniki fasiləyə 3 top irəlidə çıxan «Rabitə» ikinci texniki fasilədə fərqi 5-ə çatdıra bildi. Fanatlarını gözəl oyunla sevindirən voleybolçularımız yekunda birinci hissəni 7 xal öndə bitirdi — 25:18.
İkinci setdə də Bakı təmsilçisi Rusiya çempionuna çətin anlar yaşatdı. Bütün mövqelərdə qonaqlardan üstün oyun nümayiş etdirən bakılılar bu dəfə daha böyük fərqlə qələbə qazandılar — 25:14.
Üçüncü setdə isə oyun fərqli ssenari ilə davam etdi. Avrokubokla vidalaşmaq istəməyən rəqib əzmkarlıq nümayiş etdirərək birinci texniki fasilədən sonra hesabı bərabərləşdirdi və fərqi 6 topa çatdırdı (18:12). Həmin anlarda blokda inamlı oyunu ilə diqqət çəkən «Dinamo» sonda fərqi azaltmağa da müvəffəq oldu — 19:25.
4-cü hissədə voleybolçularımız şimal qonşuların hesabı bərabərləşdirmək arzusunun üstündən xətt çəkdilər. Bir qədər gərgin alınan setdə də Azərbaycan və Rusiya çempionlarının fərqi üzə çıxdı — 25:20.
Beləliklə, Marçello Abbondanzanın rəhbərliyi ilə ÇL-də keçirdiyi 10-cu oyunu da qələbə ilə başa vuran «Rabitə» «Dördlər finalı»na vəsiqə qazandı. Komandamız bununla da ötən mövsüm Bakıda «Azərreyl»ə «Qızıl set»də qalib gəlməklə yarımfinala yüksələn «Dinamo»nu bu dəfə vətənlərinə «əliboş» göndərdi.
Yeri gəlmişkən, Azərbaycan çempionu «Rabitə» bu qələbəsi ilə tarixi uğura imza atdı. Belə ki, Bakı komandası qadın voleybolçular arasında Çempionlar Liqasının «Dördlər finalı»na 2 dəfə yüksələn ilk Azərbaycan klubudur. Bununla da «Rabitə» həm də 2011-ci ildəki uğurunu təkrarladı. 2 il əvvəl «Dördlər final»ına yüksəlməklə «Azərreyl»in göstəricisini təkrarlayan çempion artıq əzəli rəqibini də arxada qoyub. Belə ki, 2004-cü ildə «Dördlər final»ına yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən «dəmiryolçular» hələ də ikinci uğurun həsrətindədir.
Azərbaycan voleybol tarixində «Rabitə»nin ilk rekordu deyil. Təmsilçimizin bu kimi çoxsaylı nailiyyətlərindən biri 2011-ci ildə İstanbuldakı «Dördlər finalı»da qeydə alınıb. Həmin vaxt komandamız yalnız finalda uduzmaqla, ikinci olmuşdu. Komanda bununla da 2004-cü ildə 4-cü olan «Azərreyl»in göstəricisini kölgədə qoyub. İkinci dəfə «Dördlər finalı»na yüksələn «Rabitə» 2 il əvvəl olduğu kimi yenə İstanbulda kubok uğrunda yarışacaq.
Qadın voleybolçular arasında Çempionlar Liqasının «Dördlər finalı»nın cütləri və təqvimi artıq məlumdur. «Rabitə» yarımfinalda İtaliya çempionu «Yamamay»ı sınağa çəkəcək. Digər finalçını isə Türkiyə təmsilçiləri — «Vakıfbank»la «Qalatasaray» müəyyənləşdirəcək.
Görüşlər martın 9-10-da İstanbulda keçiriləcək. Yarışın ilk oyununda isə «Rabitə» meydana çıxacaq.
«Dördlər finalı», İstanbul
9 mart, 1/2 final
16:00. «Rabitə» (Azərbaycan) — «Yamamay» (İtaliya)
19:00. «Qalatasaray» (Türkiyə) — «Vakıfbank» (Türkiyə)
10 mart, III yer uğrunda
16:00. 1-ci cütün məğlubu — 2-ci cütün məğlubu
Final
19:00. 2-ci cütün qalibi — 1-ci cütün qalibi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122