Muəllif:

Qulaqkəsənə 10 min manat verəcək…

«Müasir Müsavat Partiyası»nın sədri Hafiz Hacıyev Turan agentliyinə müsahibəsində rəhbərlik etdiyi partiyanın yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi ilə bağlı qərar qəbul etdiyini bildirib.
Sual: Sizin partiyanın yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi ilə bağlı qərar qəbul etməsi doğrudur?
Cavab: Partiyamız ötən həftə bu məsələlər gündəmə gələn günü qərar qəbul edib. Qərarımız qətidir və fikrimizdən geri dönən deyilik.
Sual: Qərar necədir? Yəni, Əkrəm Əylisli ilə bağlı qərarınızın tam mətni var?
Cavab: Bəli var.
Sual: Necədir?
Cavab: Qərar ondan ibarətdir ki, Əkrəm Əylisli yazdığı roman deyək, cızma-qara deyək, orada dörd milyon yarım qərbi azərbaycanlını təhqir edib. Bu, çox ciddi bir məsələdir. Yəni, qərbi azərbaycanlıları vəhşi obrazında təqdim edir. İkinci isə erməniləri əzabkeş obrazında təqdim etməsinə qarşı partiyada geniş müzakirələr aparıldı və belə qərara gəlindi ki, Əkrəm Əylislinin «öz qohumları» vaxtilə necə cəzalandırılıbsa, onu da elə cəzalandıraq. Bilirsiniz ki, Andranikin başını və onun dayısı uşaqlarının qulağını bizim kənddə kəsiblər (maraqlı «yenilikdir» — soyqırım suçlusu qaniçən Andranik 1927-ci ildə Kaliforniyada öz əcəli ilə cəhənnəmə təşrif aparıb — AYNA). Belə qərara gəldik ki, Əkrəm Əylisliyə müəyyən cəzalar versələr, onun yazıçılığını, ordenlərini əlindən alsalar da, bu onun üçün azdır. Ən yaxşı halda Əkrəmin öz dayısı oğlu Andranikin qulağı kimi, onun da qulağının kəsilməsi daha məqsədəuyğun olardı. Biz belə bir qərarı qəbul etmişik. Qərarın icra edilməsini də gənclər təşkilatının üzvlərinə həvalə etmişik. Bu qərarı kim yerinə yetirsə, ona 10 min manat mükafat veriləcək. Biz qərarımızdan geri çəkilən deyilik. Ona görə ki, Əkrəm Əylisli bilməlidir ki, 4 milyon yarım qərbi azərbaycanlını təhqir etməyə heç kimə icazə verilməyib. Qərbi Azərbaycandan qeyrətli oğlanlar var. Vətəninin, xalqının namusunu çəkən insanlar var. Bu dərs olmalıdır ki, bir də qərbi azərbaycanlılara, o cümlədən Azərbaycan xalqına qarşı bu cür ədalətsiz əsərlər, romanlar yazıb xalqı təhqir etmək olmaz. Bizim milyonlarla insanlarımız şəhid olub. Bilirsiniz ki, ermənilər 1988-ci ildə Ermənistandan, öz doğma yurdlarından qovduğu azərbaycanlıların başına nə oyunlar açıb. Görünür, Əkrəm Əylislinin gözləri kor olub, onları görməyib. O cümlədən, ermənilərin Azərbaycanda Xocalıda, bizim digər dədə-baba yurdlarımızda, Qarabağda qırdığı insanlar görünür Əkrəm Əylislinin yadından çıxıb. Hər halda yadından çıxıbsa, biz onun qulağını kəsməklə, qanını axıtmaqla onun yadına sala bilərik. Bundan sonra dırnaqarası yazarlara da, satqınlara da, ermənilərə qohum olanlara da bu bir dərs olar. Bu yöndə öz addımlarımızı atırıq və atacağıq.
Lakin hüquq-mühafizə orqanları hələlik Müasir Müsavat Partiyasının qərarına münasibət bildirmədiyi də diqqətdən qaçmır. Hüquqşünasların rəyinə görə, Hafiz Hacıyevin çağırışı CM-də «ağır bədən xəsarətinin yetirilməsi» maddəsinə düşür və azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Turan-ın məsələyə münasibətinə görə, hüquq-mühafizə orqanlarının susması və zorakılığın bu cür açıq şəkildə təbliğ olunmasına məhəl qoymaması təəccüb doğurmalıdır. Xatırladılır ki, bir neçə əün əvvəl «Azadlıq» qəzeti Şamaxı əhalisinin yerli hakimiyyətin özbaşınalığına etiraz olaraq aksiya keçirməyə hazırlaşması barədə yazmışdı. O biri gün Baş Prokurorluq qəzet redaktorunu çağıraraq ona rəsmi xəbərdarlıq edib. Bundan əlavə, prokurorluq xüsusi bəyanatla çıxış edərək qəzeti bu cür materialların dərcinə görə ciddi nəticələrlə hədələmişdi. İndiki halda isə MTN, DİN və prokurorluğun yazıçı ilə haqq-hesab çəkməyə açıq çağırışın fonunda susmasına diqqət çəkilir.
Öz növbəsində, Əkrəm Əylisli bu bəyanatı Turan-a şərh edərkən bildirib ki, normal ölkələrin hüquq-mühafizə orqanları bu kimi bəyanat verən şəxsləri məhkəməyə çəkər. «Amma bizdə hələ ki, hüquq-mühafizə orqanları bu adamın illərdən bəri bu sayaq sərsəm bəyanatlarına münasibət bildirməyib», — deyə qeyd edib. Ə.Əylisli Turan agentliyi vasitəsi ilə hüquq-mühafizə orqanlarını təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlər görməyə çağırıb. «Hüquq-mühafizə orqanları təsirli tədbirlər görməsə, ailəmi və özümü terrordan qorumaq üçün xaricə getmək məcburiyyətində qala bilərəm», — deyə vurğulayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145