Muəllif:

«Professorun işi»: vəsatəti təmin edilmədi

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, professor Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə başlandı.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə M.İmanlının vəkili Muxtar Mustafayev vəsatətlə çıxış edərək bildirib ki, açılan cinayət işi əsassızdır, belə ki, M.İmanlının vəzifəli şəxs olması sübuta yetirilməyib.
Vəkil qeyd edib ki, qanunda nəzərdə tutulmuş qaydada ikinci ali təhsil almaq ödənişlidir. M.Mustafayevin bildirdiyinə görə, bununla bağlı BDU-nun rəsmi internet səhifəsində məlumatda var. Vəkilin qeyd etdiyinə görə, ikinci ali təhsilə qəbul olunması ilə bağlı müəllim komissiyasında M.İmanlı olmayıb. Onun sözlərinə görə, M.İmanlının ikinci ali təhsilə tələbə qəbul etdirmək səlahiyyəti olmayıb. Vəkil onu da bildirib ki, M.İmanlının əməlində olan cinayət tərkibi sübuta yetirilməyib. Buna görə də vəkil M.İmanlının barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib.
Prosesdə çıxış edən dövlət ittihamçısı bildirib ki, vəkilin vəsatətinə məhkəmənin hazırkı mərhələsində münasibət bildirilməsi mümkün deyil. Dövlət ittihamçısı deyib ki, vəkilin vəsatətində qoyulan məsələlər məhkəmədə sübutların araşdırılması mərhələsinə aiddir. «Hazırda cinayət işinə xitam verilməsi barədə vəsatətə baxılması mümkün deyil. Buna görə də vəsatətin əsassız olduğu üçün təmin edilməməsini istəyirəm», — deyə dövlət ittihamçısı qeyd edib.
Dövlət ittihamçısı həmçinin bildirib ki, M.İmanlının cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Cinayət işi üzrə ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilməyib. Onun sözlərinə görə, qanunun tələblərinə riayət edilib. Dövlət ittihamçısı qeyd edib ki, cinayətin ağırlığı nəzərə alınaraq M.İmanlının barəsində həbs qətimkan tədbiri seçilib. Dövlət ittihamçısı M.İmanlının cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.
Dövlət ittihamçısının həbs qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı təklifinə münasibət bildirən M.Mustafayev müvəkkilinin həbsdə saxlanılmasına əsas görməyib. Vəkil bildirib ki, M.İmanlı istintaqdan yayınması və yaxud iş üzrə şahidlərə təzyiq göstərmək istəyinə malik deyil. Vəkilin sözlərinə görə, M.İmanlının barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində həbs olmayan qərarın verilməsi məqsədəuyğundur.
Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərar qəbul etmək üçün müşavirə otağına yollandı. Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar. Qərara görə, M.İmanlının barəsində olan cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət təmin edilməyib. Hakimlər qərarlarında vəsatətin təmin edilməməsini hazırkı mərhələdə sübutlara qiymət verilməsinin mümkün olmaması ilə izah ediblər. Deyiblər ki, həmin məsələyə sübutların araşdırılması zamanı baxılması mümkündür.
Hakimlər daha sonra qərarda M.İmanlının barəsində olan həbs qətimkan tədbirinin qüvvəsində saxlanılması məqsədəuyğun hesab ediblər. Qərarda məhkəmə baxışı yanvarın 29-na təyin edilib.
İttihama görə, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin «Cinayət hüququ və kriminalogiya» kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 manat pul tələb etdiyi üçün Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Məhəmməd İmanlı CM 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunur.
İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin «Cinayət hüququ və kriminalogiya» kafedrasında müəllim, baş müəllim, dosent, 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124