Muəllif:

Orta məktəb müəllimlərinin 80 %-dən çoxu qadınlardır

Orta məktəb müəllimlərinin 80 faizdən çoxu qadınlardır. Bakı üzrə isə müəllimlərin az qala 90 faizini zərif cins təşkil edir. Məktəb direktorlarının 95 faizi qadındır. TN-də isə hesab edirlər ki, müəllimlərin heç olmasa 30 faizi kişilər olmalıdır.
Bunun əsas səbəblərindən biri əməkhaqqının aşağı olmasıdır. Sovet dönəmində kişi və qadın müəllimlərin sayı təxminən bərabər idi. İndi isə balans pozulub. Təqsirkar — maaşlardır. Kişi müəllim bizneslə məşğul olub ayda 2-3 min manat qazana bilir. Amma məktəbdə məhdudiyyətlər var, müəllim işləməklə 500 manatdan artıq pul qazanmaq olmur. Bundan başqa, cəmiyyətin orta məktəbdə müəllim işləyən kişiyə də münasibəti birmənalı deyil. Bütün bu səbəblərə görə kişilər orta məktəblərdə müəllim işləməyi özlərinə yaraşdırmırlar. İnkişaf etmiş ölkələrdə isə müəllimlər arasında gender disbalansı yoxdur.
Sosioloqlar xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin çoxunun qadın olmasını doğru saymırlar. Hesab olunur ki, bu, yeni nəslin formalaşmasında yaxşı hal deyil. Bunu təcrübədə də görmək olar. Müəllimə oğlan uşaqlarında kişilik komplekslərinin formalaşmasına mənfi təsir göstərir. Hələ 7-8 yaşlı uşaqlarda formalaşması vacib olan kişilərə xas cəsurluq, kişi funksiyalarını yerinə yetirəcək xüsusiyyətlər yaranmır. Çünki oğlan uşaqlarının xüsusiyyətlərinin formalaşmasında qadın xarakteri rol oynayır. Bu da yeni nəslin, orduda qulluq edən gənclərin hərəkətlərində, xarakterində özünü göstərir.
Psixoloqlar deyirlər ki, bütün dərslərin qadın müəllimlər tərəfindən deyilməsi həssas oğlan uşaqlarında əks-cinsə məxsus duyğusal keyfiyyətlər formalaşdırır. Oğlanlar müəllimələrdəki keyfiyyətləri götürür, emosional olur, hissləri tərəfindən idarə edilirlər. Məktəblərdə dominantdıq edən qadın pedaqoqlar oğlan uşaqlarına, onların emosional təfəkkürünə mənfi təsir göstərir. Özləri də bilmədən, hiss etmədən qadın pedaqoqların hərəkətlərini yamsılayırlar. Oğlan uşaqlarında kişilərə xas qətiyyət, konkretlik azalır, xaraktersizlik meydana gəlir. Gələcəyin kişisini yetişdirməkdə ancaq qadın psixologiyasının rol oynaması arzuolunan hal deyil.
Psixoloq Dəyanət Rzayev daha çox qadın pedaqoqlarla ünsiyyətin oğlan uşaqlarının davranışlarına təsir etdiyini, oğlanların özlərini qadın kimi apardıqlarını deyir: «Daim qadın müəllimlərlə təmasda olduqlarından oğlan uşaqlarında kişilərə məxsus xüsusiyyətlər azalır. Məsələn, kişilər aqressiv olmasa, irəli gedə bilməzlər. Amma qadın müəllimlərinin sayəsində bu hisslər onlarda formalaşmır».
D.Rzayev qadınların orta məktəblərdə daha çox olmasının müsbət tərəflərinin də mövcudluğundan danışdı: «Qadınlar daha mərhəmətli, mülayim olurlar. Kişilərdə bu çatışmır, qəddarlıq daha çox olur. Qadınların daha çox dərs deməsi nəticəsində oğlanlarda da mərhəmət hissləri yaranır. Kişilərdə bu hisslərin daha çox olması nəticəsində onlar daha çox cinayət törədirlər. Qadınlarda isə bu hisslər cüzi olduğundan onlar nadir hallarda cinayət törədir, kiməsə fiziki təzyiq göstərirlər. Fikrimcə, problemi aradan qaldırmaq üçün kişilərdə bu sənətə maraq oyatmaq lazımdır: «Bunun üçün stimullaşdırıcı tədbirlər görülməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 377