Muəllif:

Niyə biz müqaviləli hərbi xidmətə keçmirik?

Ukrayna Silahlı Qüvvələrinin müqaviləli sistemə keçməsi və 2017-ci ildən bu ölkədə hərbi çağırışın tam ləğvi haqda qərar bu prosesin Azərbaycanda nə zaman gedə biləcəyi ilə bağlı müzakirələrə təkan verdi. Ortada olan maraqlı fakt ondan ibarətdir ki, son 10 ildə Ukrayna ordusu ən azı iki dəfədən artıq ixtisar olunub və hazırda 190 min nəfərə yaxın olan şəxsi heyətin sayı yaxın illərdə 70 minə qədər endiriləcək.
Qonşu Gürcüstanda müqaviləli ordu sisteminin qurulmasına Saakaşvili hakimiyyətə gəldikdən sonra start verildi və 2008-ci ildə bu proses özünün kulminasiya nöqtəsinə çatdı. O vaxt şəxsi heyətin təxminən 80 faizi müqaviləli sistemə keçirildi. Bəzi məlumatlara görə, hazırda Gürcüstan SQ-də 30 min nəfərə yaxın hərbi qulluqçu xidmət edir və onların təxminən 24 min nəfəri müqaviləlidir. Gürcüstanda müqaviləli əsgərlərə ayda 400-450 dollar məvacib verilir.
Azərbaycana müqaviləli ordu lazımdırmı? Araşdırmalar bu tip ordu quruculuğunun faydalı olacağını göstərir. Mövcud regional və daxili proseslər ona dəlalət edir ki, Azərbaycan gec-tez öz Silahlı Qüvvələrini müqaviləli sistemə keçirəcək. Bunun səbəbləri az deyil:
— Birincisi, insan haqlarına riayət etmək zərurəti ortaya çıxıb. Vətəndaşların zorla, məcburən hərbi xidmətə çağırılması getdikcə müasir dünyada insan haqlarının ən ciddi pozuntularından biri hesab olunur;
— hərbi xidmətdə olan insanların sosial təminatının onların real ehtiyaclarına uyğunlaşdırılmasının vacibliyi ortaya çıxıb;
— hərbi xidmətin səmərəliliyi, hərbçilərin xidmətə daha məsuliyyətlə yanaşması, düşmənə qarşı lazımi səviyyədə mübarizə aparmasının təmin olunması hədəfi yaranır və s.
Hazırda Azərbaycan rəsmiləri müqaviləli orduya keçid prosesi ilə bağlı suallara cavab verərkən 4 yanaşma nümayiş etdirirlər.
Birincisi, rəsmilər bəyan edirlər ki, Azərbaycanda müqaviləli hərbi xidmət var və zabitlər, gizirlər, müddətdən artıq hərbi xidmət qulluqçuları müqavilə ilə xidmət edirlər.
Bu, kökündən yanlış yanaşmadır. Qeyd edilən sənəd forma və və mahiyyət etibarilə müqavilə deyil. Çünki, orada tərəflərin, xüsusilə də xidmətə qəbul edən, işə götürən tərəfin məsuliyyəti və görəcəyi işlər barədə heç bir müddəa yoxdur. Məhz bu çatışmazlığın nəticəsidir ki, hazırda minlərlə zabitin mənzili yoxdur, onların məvacibi, sosial təminatı aşağıdır, onlara qarşı qanunsuz hərəkətlərə yol verilir, karyeraları məhdudlaşdırılır, əsassız olaraq vəzifədən çıxarılırlar və s.
İkincisi, rəsmilər bəyan edirlər ki, Azərbaycan Ermənistanla müharibə şəraitində olduğundan ordumuz bütünlüklə müqaviləli sistemə keçə bilməz. Rəsmilər öz fikirlərini belə əsaslandırırlar ki, ordunun şəxsi heyətinin 70 faizi cəbhə xəttindədir və bu səbəbdən onları islahatlara, müqaviləli sistemin qurulması prosesinə cəlb etmək olmur.
Bu yanaşma da yanlış hesab oluna bilər. Ən azı ona görə ki, Azərbaycanda SQ təkcə Müdafiə Nazirliyinin hərbi hissələri ilə məhdudlaşmır. DSX-nın, Daxili Qoşunların şəxsi heyətinin yerdəyişməsini həyata keçirməklə cəbhə xəttində olan şəxsi heyətin əhəmiyyətli hissəsini müqaviləli əsasa keçirmək mümkündür. Konkret desək, Ermənistanla sərhədlərin bir hissəsinin mühafizəsinin Sərhəd Qoşunlarına verilməsi mümkündür. Bu istiqamətdə səmərəli fəaliyyət göstərmək üçün Dövlət Sərhəd Xidmətinin imkanları, texnikası və şəxsi heyəti yetərlidir. Eyni zamanda, Müdafiə Nazirliyinin hərbi hissələrinin gördükləri bəzi işləri Daxili Qoşunlara da həvalə etmək mümkündür. Belə bir vəziyyətdə Müdafiə Nazirliyinin bir sıra birləşmələrini müqaviləli əsasa keçirmək mümkündür.
Üçüncüsü, rəsmilər bəyan edirlər ki, Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğundan müqaviləli orduya keçid vaxtı zəruri olan ixtisar prosesini aparmaq mümkün deyil. Yəni sayın azaldılması şəxsi heyətin döyüş ruhuna xələl gətirər.
Amma bu yanaşma da yanlışdır. Birincisi, ixtisarlar ehtiyat qüvvələrin forlamalaşdırılması prosesi ilə müşayiət olunmalıdır ki, bu zaman ümumilikdə Silahlı Qüvvələrin döyüş ruhu artır. Qonşu Gürcüstanın təcrübəsindən bunu görmək mümkündür. Müqaviləli ordu sistemini seçən ölkələr paralel olaraq ehtiyat qüvvələrin hazırlıq prosesini gücləndirirlər. Beləliklə, rəsmi Bakı ordunun ixtisarı prosesindən narahat olmaq əvəzinə ehtiyat qüvvələrinin, səfərbərlik hazırlığının gücləndirilməsi ilə məşğul olmalıdır. Müharibə hazırlığı məhz bunu tələb edir. Araşdırmalar göstərir ki, Azərbaycanda hərbi əməliyyatlarda iştirak etməyə daim hazır olan 200 min nəfərlik ehtiyat qüvvə hazırlamaq mümkündür. Eyni zamanda, bu qüvvələrin formalaşdırılması xidmətdə olanlarla müqayisədə çox aşağı məbləğ tələb edir. «Bir müqaviləli əsgərin 10 mükəlləfiyyətli əsgərə bərabər olması» deyimi də əsassız deyil.
Nəhayət, dördüncüsü, bəzi rəsmilər bəyan edirlər ki, Azərbaycanın mövcud büdcəsi müqaviləli hərbi xidmətə keçməyə imkan vermir.
Amma araşdırmalar göstərir ki, mövcud heyətin bir hissəsinin ixtisarı hesabına hərbi qulluqçuları tədricən müqaviləli sistemə keçirmək mümkündür və mövcud büdcə bu prosesi təmin edə bilər. 2013-cü il üçün Azərbaycanın müdafiə xərcləri (bütün hərbi istiqamətlər üzrə) təxminən 3,6 milyard dollardır. Araşdırmalar göstərir ki, bu vəsaitin 15-20 faizi hesabına qısa müddətdə Silahlı Qüvvələrdə ən azı 30 min hərbi qulluqçunu gerçək müqaviləli əsgərə çevirmək mümkündür.
Əslində, rəsmi Bakının müqaviləli orduya keçməkdə «könülsüzlüyünün» kökündə başqa məsələlər durur. Rəsmilərin ehtiyat etdikləri bunlardır:
— Müqaviləli sistemə keçid prosesi təkcə Müdafiə Nazirliyini deyil, sayı az qala 10-a çatan digər güc strukturlarını da əhatə etməlidir. Azərbaycan müqaviləli orduya keçid strategiyasını elan edəcəyi təqdirdə təhlükəsizlik və müdafiə sektorunda olan strukturların yenidən formalaşdırılması prosesi həyata keçirilməlidir, bir vaxtlar Gürcüstanda tətbiq olunmuş «Silahlılar Müdafiə Nazirliyinə, digərləri isə Daxili İşlər Nazirliyinə birləşdirilsin» qaydası işləməlidir;
— Silahlı Qüvvələrin ixtisarı və mülkiləşdirilməsi prosesi başlanmalıdır;
— təhlükəsizlik və müdafiə sektorunun şəffaflığı və hesabatlılığı təmin olunmalıdır;
— ehtiyatda olan qüvvələrin hazırlıq prosesinə başlanmalı, vətəndaşların hərbi toplanışlara çağrılma prosesi həyata keçirilməlidir;
— hərbçilərin məvacibi artırılmalı, mənzil təminatı həllini tapmalı və onların hüquqları tanınmalıdır;
— ən əsası — ordudan siyasi proseslərdə, o cümlədən, seçkilərdə istifadə olunmasına son qoyulmalıdır.
Beləliklə, bəlli olur ki, əslində Azərbaycan SQ-nin müqaviləli sistemə keçidinin qarşısını alan əsas maneə nə müharibə vəziyyətidir, nə də maliyyə problemi. Səbəb — hərbi rəhbərlik hələlik bütün bu yanaşmaları, qaydaları həzm etməyə hələlik hazır deyil.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 518