Muəllif:

Nisə Qasımova bu dəfə də keçmişə körpü saldı

Nisə Qasımova ilə hər söhbət keçmişi bu günə bağlayır. Nəsə keçmiş sənət həyatından ayrıla bilmir. Bəlkə də sənət ömrünün ən gözəl anlarının keçmişdə qalması ilə bağlıdır. Bu dəfə də eləcə. Bir zamanların sarışın qıvrım saçları çiyinlərinə dağılmış, iri mavi gözlü şıltaq bir ifaçısı. Bunu xatırladırıq. Gülür.
— Bəli, ilk sarışın mən olmuşam. O vaxt hamı elə bilirdi ki, mənim gözlərim mavidir. Əslində isə xameleondur. Zamanla gah mavi olur, gah açıq yaşıl. Bilirsiniz, mən işığı çox sevirəm. Efirdə işıq vururdu gözlərimə, gözlərim də parıldayırdı… Qəmli mahnıda az qalırdım kövrəlim, ağlayım. Oynaq mahnılarda çalışırdım gülüm, şıltaqlığımı bildirim. Belə şeylər yox idi o zaman. Mahnı ifaçısı əllərini yanına salıb oxuyurdu, belə emosiyaları özünə rəva bilmirdi.
O illərin milli koloritdə oxuyan gənc qadınlarının ən böyük arzusu səhnədə Leyli obrazı idi. Təbii ki, bu, mənim də böyük arzum idi. Ələkbər müəllimin də (bəstəkar Ələkbər Tağıyev nəzərdə tutulur — red.) ən böyük arzusuydu bu. O, məni bu obrazda görürdü. 1974-75-ci illərdə Opera və Balet Teatrında bu əsər rejissor Mehdi Məmmədovun yeni quruluşunda hazırlanmağa başladı. Və rəhmətlik Bəhram Mansurov, Nicat Məlikov və o zamanlar teatrın direktoru Azər Rzayev və başqaları Leyli roluna məni hazırlayırdılar. Mən, əlbəttə, öz potensialıma bələd idim və bilirdim ki, bu obrazı oynaya bilərəm. Doğrudur, vizual baxımdan heç də Leyliyə bənzəmirdim. Bilirsiniz ki, Leyli qara ərəb qızı olub. Mən isə sarışın idim, hətta bir qədər rus və almanlara bənzəyirdim. Təəssüf ki, o gün mənim qəlbimdə bir arzu, bir istək olaraq qaldı. Bəlkə də öldü. Bilmirəm.
— Bu necə oldu?
— Bilirsiniz, hər şey yaxşı gedirdi. Operanın ilk premyerası olmalı idi. Və mən yüz faiz düşünürdüm ki, premyerada Leylini mən oynayacağam. O vaxt gözəl Leylilər çox idi. Bilirsiniz, o vaxt bəzi böyüklərimiz mənə demişdilər ki, a bala, sən getmə ora. Orda neçə-neçə leylilər var, səni ora yaxın buraxmazlar. Mən isə inanmırdım bu sözlərə. Çünki o arzu, o istək qəlbimdə elə dərin kök salmışdı ki, mən ətrafdan deyilən sözlərə əhəmiyyət belə vermirdim. Amma belə bir məsəl var ey, deyirlər, elin sözü düz olar. Oxudum, əl çaldılar, dedilər əla.
O vaxt səhnədə indiki kimi mikrofon qoyulmurdu. Mən bilirdim ki, əgər səhnəyə Leyli kimi çıxsam, anşlaq olacaq, zal ağzına kimi dolu olacaq. Təəssüflər olsun ki, buna imkan vermədilər. Səbəbini indiyə qədər bilmirəm.
Bir gün Ələkbər Tağıyevə Mədəniyyət Nazirliyindən zəng gəldi. O vaxt mədəniyyət naziri Zakir Bağırov idi. Dedi ki, Nisə Qasımova daha gəlməsin. Ələkbər müəllim soruşdu ki, axı niyə gəlməsin, hər şey yaxşı idi, indi birdən-birə nə oldu? Telefonda bilmirəm ona nə dedilər, Ələkbər müəllimin rəngi dəyişdi. Nə qədər soruşdum nə olub, səbəb nədir, bunu mənə açıqlamadı.
— Gənc ikən qarşılaşdığınız bu haqsızlıq sizə necə təsir etdi?
— Bilirsiniz, mən həyatda Ələkbər Tağıyevdən çox şey öyrənmişəm. Onu özümə hər zaman müəllim hesab edirəm. O, həmişə mənə deyərdi ki, məğlubiyyətin özü də insan həyatında böyük bir məktəbdir. Deyirdi, məğlub olmaqdan qorxma, qızım, məğlubiyyət həm də qələbədir. Bax bu sözlər o zamandan beynimə həkk olub. Bəlkə də onun tövsiyələri, məsləhətləri olmasaydı, daxilən, mənən çox sarsılardım.
Mənim qanadlarımı elə qırdılar ki, inanın, hətta bu günə qədər çapalayıram. Əsl Nisəni axtarıram. Çox gənc yaşlarımda kəşf etmişdim onu. Amma mənə qadağa qoydular. Dedilər, muğam oxuma. Çaşıb birdən oxuyarsan ha! Axı mən sənətə ilk dəfə muğamla gəlmişəm. Yadıma gəlir ki, Ceyran xanımın ansamblında («Lalə» qızlar ansamblı nəzərdə tutulur — red.) həmişə muğam oxuyurdum. Mirzə Hüseyn segahı, Çahargah dəsgahı və s. Tez-tez rayonlarda qastrollarda olurduq.
— Yəni potensialınızı içinizdə boğdular?
— Bəli, boğdular. Düzü, mən əvvəllər inanmırdım bu sözə. Deyirdilər, filankəsin potensialını boğdular və ya ruhdan saldılar. İllər keçdikcə inandım bu sözə. Həyata yenidən atılmaq istədim. Amma yenə…
— 90-cı illərdə Moskvaya gedişinizin sizə olan haqsızlıqlarla əlaqəsi vardımı?
— Bəli, var idi. Bilirsiniz ki, 1996-97-ci illərdə ilk əyləncəli şou-proqramı mən eləmişəm. AzTV-də «Ulduzlar görüşəndə» proqramı ilə. Məqsədim o idi ki, mənimlə küsülü olan müğənnilər vardı o vaxt, mən cavan da olsam, çox istəyirdim barışıq olsun. Ömür əbədi deyil. Bir gün gələn bir gün də gedəcək. Axı biz nəyi paylaşmırıq? Cavabı budur: hansısa bir nailiyyəti, uğuru. Bəli, kiminsə uğurunu kiminsə gözü götürmür. Bax faciə bundadır. Moskvaya gedişim də elə-belə olmadı. «Ulduzlar görüşəndə» teleşousunda mən dekolte geyinmişdim. Adi dekolte. İnsanı xalqın gözündə utanca vardırmayan bir dekolte. Bu gün anam rəhmətliyin sözü olmasın, tumançaqlar, yaxası-başı açıqlar, abır-həya bilməyənlər efirlərdədir. İnsanların gözünü mazol ediblər. 1995-ci illərdə mən Moskvanın iki nəhəng konsert salonuna dəvət aldım. Dəvəti qəbul etdim. Çünki maddi vəziyyətim ürəkaçan deyildi. Çox sənətçilər öz var-dövləti ilə gündəmdə idilər. Vaxt vardı ki, Nisə Qasımovanın adının yanında heç vaxt demirdilər ki, imkanlıdır, villası var. Bir ad, bir familiya bəs eləyirdi. Mən hiss etdim ki, bəzi çevrələrə, bəzi qruplaşmalara bu lazımdır ki, Nisəni məzlum, ruhdan düşmüş görək. Bu isə çox toxunurdu mənə.
— Amma dəvətlər olurdu, şübhəsiz?
— Bəli, dəvətlər olurdu. Rəhmətlik Elşad Quliyevə (Az.TV-nin keçmiş rəhbəri — red.) nə qədər zənglər gəlirdi mənə görə. Yəqin ki, oğlu Cəmil bilər, Elşad müəllimə zəng edib deyirdilər ki, təzə bir maşının açarını verirəm ona, istədiyi qədər də pul verirəm, gəlsin əkiz qızlarımın toyunda oxusun. Amma mən toylara getmirdim.
— Sizə sevgi etirafı edən çox olub?
— Olub. Bir dəfə maraqlı bir hadisə oldu. Bir restoranda oxuyurdum. Oradan çıxanda gördüm ki, çox yaraşıqlı bir kişi, yanında da 29-30 yaşlarında bir qızla yaxınlaşdılar mənə. Kişi dedi ki, Nisə xanım, tanış olun, bu mənim qızımdır, adı da Nisədir. Dedim çox sağ olun ki, mənim adımı vermisiniz. Dedi yox, bunun bir səbəbi var. Dedim nədir? Gördüm kişi orada haldan-hala düşdü. Qızı da elə gözəl baxışlarla mənə baxırdı ki, elə bil doğma bir insana baxırdı. Heç demə, bu yaraşıqlı kişi vaxtilə vurulubmuş mənə. Hər gün gələrmiş Az.TV-nin yanına ki, məni görsün, sevgisini bildirsin. Bəzi hallarda məni görərmiş, yaxınlaşa bilməzmiş. Bəzən gözləyərmiş, gözləyərmiş, çıxıb gedərmiş. Evlənmək istəyirmiş mənimlə. Mən də ki, imkan yaratmırdım. Axırda başqası ilə evlənir. Və qızı doğulur, adını da qoyur Nisə. Özü danışırdı ki, evdə də bunu bilirlər. Dedi, siz mənim ilk məhəbbətim olmusunuz. Sizə çox vurğun olmuşam. Görünür, bu da bir qismət, alın yazısıdır. Nə etmək olar ki?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 376