Muəllif:

Nə cürətlə türkcə dünyəvi şeir oxuyursan?!

Güney Azərbaycan türkləri arasında dünyəvi yönlü hər nə olsa, mollalar ona nifrətlə yanaşır, bu təşəbbüsü qəddarlıqla boğurlar. Yanvarın son günlərində Ərdəbil şəhərində yerli ədəbiyyat həvəskarlarının qurduğu şairlər məclisinin bağlandığı barədə xəbər yayılıb. «Savalan port» saytının məlumatına əsasən, bu yasaq yerli ETTELAAT idarəsinin göstərişi əsasında Fərhəng və İrşad İdarəsi tərəfindən tətbiq edilib. Buna səbəb məclis üzvlərinin bəzilərinin türk dilində şeir deməsi və türk dilindəki şeirlərə xalq arasında marağın artması göstərilir. Belə bir təbii maraq isə İran mollalarının gözündə təhlükəli əlamətdir, odur ki, beşikdəcə boğulmalıdır.
Diqqəti çəkən odur ki, Güney türkləri arasında bu adi bir mədəni quruma və onun fəaliyyətinə düşmən kəsildikləri halda, Ərdəbildə «ilk dəfə olaraq Azərbaycan dilində «Ayələr, vəhy və Quran şeirləri» festivalı» keçirilir.
İranın informasiya vasitələrinin məlumatına görə, bu festivala Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Qəzvin, Qum və Ərdəbil əyalətlərindən də qatılanlar var:
«Festivalda iştirak edənlər öz əsərlərini film, dastan, şeir və Quran təfsiri formasında təqdim ediblər ki, festivalın katibliyinə təqdim edilən əsərlər arasından seçilmiş örnəklər festivalda mükafatlandırılacaq».
Bu tədbiri Tehran hakimiyyəti yalnız Azərbaycan türkləri üçün keçirmir. Bu kimi «festival»ı xarici ölkələrdə keçirmək də nəzərdə tutulub. Bununla İran rəhbərliyi özünü Güney Azərbaycan türkünə xoş göstərməyə çalışır, demək istəyirlər ki,biz məhəlli dilləri boğmur, hətta bu dillərdə festivallar keçiririk. Amma dünyəvi şeirlər yazanların cəzası var, mərsiyə oxu, növhə oxu… Təki dünyəvi şeir yazma və oxuma. Bir də elə yaz ki, təmiz türkcə olmasın, tərkibinə çoxlu ərəb, fars sözləri doldur. Unudulmaz Mirzə Cəlil demiş, «qatış-bulaş» bir dil olsun.
Lakin Ərdəbildəki sayaq tədbirlər, «festivallar» Azərbaycan türkünün düşüncələrinə təsir edə biləcəkmi? Axı artıq insanlar ağı qaradan seçə bilirlər. İndi 1978-ci il deyil.
Bir neçə gün öncə Güney Azərbaycanın Məlikan (Məlikkəndi) şəhərində Ramin Şəfii adlı soydaşımızın mağazası polis məmurları tərəfindən qapadılıb. Yerli təhlükəsizlik məmurları (əmakin idarəsinin məmurları) Şəfiinin iş yerinə hücum çəkərək, sanksiyasız axtarış aparıblar. Mağaza və kompüterdə aparılan axtarış zamanı Azərbaycan musiqisi, klip və aşıq mahnılarına rast gəlindiyi bildirilir. Məhz bu səbəbdən məmurlar onun dükanını möhürləyiblər. Azərbaycan musiqisi, özəlliklə aşıq mahnıları — mollaların gözündə bidətin bir növüdür.
Sözügedən dövlət orqanı bundan öncə də dəfələrcə Məlikanlı mağaza sahiblərinə problemlər yaradıb. Onlara bildirilib ki, mağazalarının şüşələrində türk dilində heç nə yazılmasınlar. Yoxsa…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 234