Muəllif:

Məktəblərdə psixoloji xidmətə ehtiyac var

Günün aktual mövzularından biri də məktəbdə psixoloji xidmətin səviyyəsidir. Hər bir məktəbdə psixoloji xidmətin olması mütləqdir. Çünki, inkişaf dövrünün bəzi böhranlı mərhələləri var ki, bunlar məhz məktəb illərinə təsadüf edir. Odur ki, şagirdlərin qarşısına çıxan problemlərin məktəb psixoloqunun köməyilə düzgün diaqnostika və korreksiya edilməsinə böyük ehtiyac duyulur. Ancaq ölkənin orta təhsil ocaqlarında məktəb psixoloqunun yerinə yetirməli olduğu vəzifəyə o qədər də önəm verilmir. Halbuki, uşaqların təlim və tərbiyə prosesinə məktəb yaşlarından başlayaraq müəllimlər və valideynlərlə birgə, psixoloqlar da nəzarət etməlidir. Məktəb psixoloqunu işi məktəbəqədər yaşlı uşağın məktəbə hazırlığını müəyyən etmə mərhələsindən başlayır.
Psixoloq şagirdlərlə iş aparan zaman ən çox problemlə qarşılaşdığı yaş dövrü — yeniyetməlik yaş dövrüdür. Bu dövr 11-15 yaşlarını əhatə edir və böhranlı dövr kimi yadda qalır. Bu dövrdə şagirdlərdə yeni xüsusiyyətlər formalaşır, qızlar və oğlanlar baş verən proseslərə daha aqressiv reaksiya göstərirlər. Şagirdlərin bu aqressiv davranış reaksiyaları mütləq psixoloqlar tərəfindən korreksiya olunmalıdır. Əgər onlarla düzgün iş aparılarsa, bu xüsusiyyətlər tədricən aradan qalxır, əks halda isə aqressiv davranış reaksiyaları xarakter xüsüsiyyəti kimi formalaşa bilər.
Bundan başqa, məktəb psixoloqu həmçinin təlimdə geri qalan və intizamsız şagirdlərlə diaqnostik-korreksiya işi aparılmasında, şagirdlərin təlim-tərbiyə prosesinin normal gedişinə mane olan intellektual, şəxsi və emosional-iradi xüsusiyyətlərini diaqnostika edilməsində, uşaqların təlim-tərbiyəsinin psixoloji problemləri, hafizəsinin, təfəkkürünün, xarakterinin və s. inkişafı sahəsində ciddi işlər aparılmasında yaxından iştirak edir.
Bütün bunları nəzərə aldıqda bəlli olur ki, məktəblərdə psixoloq fəaliyyətinə böyük ehtiyac var. Şagirdlərin təlim-tərbiyəsində məktəb rəhbərliyi, müəllimlər və valideynlərlə birgə psixoloqların da iştirak etməsi mühüm şərtdir.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Psixologiya kafedrasının müdiri, psixologiya elmləri namizədi Hökümə Əliyeva vurğulayır ki, fərdi pedaqoji sahədən fərqli olaraq, təhsilin təşkili sahəsində praktik psixologiyadan istifadə daha mühümdür. Çünki6 hər bir müəllim öz işini psixoloqun dəstəyilə qurmalıdır.
Əliyevanın fikrincə, məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün yaxşı tədqiqatçi olmaq, psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır. O deyir:
«Əlbəttə, bu sahədə şablon psixo-diaqnostik vasitələrdən və testlərdən istifadə olunması problemlərin yüksək səviyyədə həllinə maneçilik törədə bilər, belə olan təqdirdə psixoloq öz peşəsinə həm peşəkar — müşahidəçi, həm də ixtiraçı-tədqiqatçı kimi yanaşmalı, bu istiqamətdə qanunauyğunluqları bilməklə yanaşı, lazım gələrsə, həllində çətinlik törədən məsələlərdə yeni olanı görə bilmək qabiliyyətini peşəkarcasına nümayiş etdirməkdən çəkinməməlidir».
Dərs yükü ruhi sarsıntılara yol açır
Təhsil üzrə ekspert, professor Əjdər Ağayev də düşünür ki, məktəblərdə psixoloji xidmət mütləq olmalıdır. Deyir:
«Ekoloji problemlərin insan psixologiyasına təsiri böyükdür. Həkimlərin məlumatına görə, yeni doğulan uşaqların bəlkə də 80 faizi qüsurlu dünyaya gəlir. Bundan əlavə, həmin uşaqlarda müəyyən ruhi, hissi çatışmazlıqlar da olur. Demək həyati tələb kimi psixoloji xidmətə ehtiyac yaranır. Harda ünsiyyət və münasibət varsa, orada davranışın səviyyəsi, tərzi meydana çıxır. Nəticədə psixoloji yanaşmalara xüsusi ehtiyac yaranır».
Ə.Ağayev hesab edir ki, təlim prosesinin çətinlikləri, kurikulum təhsil proqramları üzrə hazırlanan dərsliklərdə uşaqların fizioloji, psixi inkişaflarını nəzərə almaq lazımdır:
«Dərsliklər olduqca ağırdır. Nəinki şagirdlər, hətta, bəzi müəllimlər də dərsliklərdəki bəzi tapşırıqları yerinə yetirə bilmirlər. Xüsusən, riyaziyyat fənni üzrə. Bu çətinliklər ruhi sarsıntılara gətirib çıxarır. Birinci sinifdən dərsliklər ağır olduğu üçün uşaq gərginlik keçirir. Bütün bunların qarşısını almaq üçün psixoloji xidmətin böyük əhəmiyyəti var».
Ə.Ağayev ümumiyyətlə, orta məktəblərdə psixoloji xidmət işinin təşkil səviyyəsini normal saymır. Şura sədrinin sözlərinə görə, Bakı şəhəri üzrə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma institutunda və BDU-da psixoloji xidmət üzrə mütəxəssislər hazırlanır. Amma bu hazırlanmalar kifayət dərəcədə deyil:
«Hazırda məktəblərimizdə psixoloji xidmətə və psixoloq mütəxəssislərə çox ehtiyac var. Bəzi məktəblərdə yaxşı psixoloji xidmət göstərən kadrlar fəaliyyət göstərir. Amma əksəriyyətində ştatı tuturlar, heç bir psixoloji eksperiment aparmırlar, psixoloji diaqnostik iş görmürlər, sadəcə, işə gəlib-gedirlər.
Həmçinin bəzi valideynlərin də «Mənim uşağımı niyə izləyirsən?» fikirləri də psixoloqun işinə mane olur. Mən istərdim ki, bugünkü məktəblərimizdə psixoloji xidmət işi çox güclü şəkildə həyata keçirilsin və məktəbdə əsas sima kimi öz yerini tutsun. Bu, həm təbliğati, həm tədqiqi, həm psixoloji sağlamlıq baxımından xeyli təsir göstərə bilər».
BDU Psixologiya kafedrasının müəllimi Yəmən Vəliyeva hər il ixtisas üzrə instituta 80-100 məzunun əlvida dediyini bildirib:
«Onların bəziləri institutu bitirdikdən sonra rayonlara gedir və fəaliyyət göstərirlər. Amma daha çox onlar özləri üçün psixoloji mərkəzlər açırlar. Nə üçünsə onların hamısında məktəblərdə psixoloq kimi fəaliyyət göstərməyə maraq olmur. Bəlkə də bu, maddi tərəflə bağlıdır. Amma işləyənlər də var. Bu gün məktəbdə çalışmaq çox çətindir. Orada müxtəlif yaş qrupları üzrə şagirdlər təhsil alır. Keçid dövründən sonra şagirdlərlə, xüsusən oğlan uşaqları ilə işləmək çox mürəkkəbdir».
Y.Vəliyeva hesab edir ki, psixoloqların daha çox məktəbə yönəlmələrindən ötrü məktəblərdə maraq dairəsi yaratmaq lazımdır: «Mən 14-15 yaşında narkotik istifadəçisi, siqaret çəkən uşaqları görürəm. Hər şeyi də ailənin üzərinə atmaq olmaz».
I kurs tələbələri ilə keçirdiyi sorğunun nəticələrindən danışan Y.Vəliyevanın sözlərinə görə, məktəbdə psixoloqlar həmin tələbələrlə işləməyiblər:
«60 faiz tələbə dedi ki, məktəbdə psixoloqların fəaliyyəti aşağıdır. Ola bilər ki, məktəb həmin psixoloqlara şərait yaratmır. Məzunların maraq dairəsi kifayət qədər genişdir, sadəcə onların işlədiyi mühitdə şərait yaradılmalıdır. Onlara dərs saatı ayrılmalıdır ki, psixoloqlar problemli uşaqlarla söhbət aparsınlar. Psixoloqlara əlavə saatlar verilməlidir».
2500 şagird və bir psixoloq…
Bakı Şəhər Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva mətbuata bildirib ki, məktəbdə psixoloji xidmət işinin səviyyəsi inkişafda olan prosesdir. Çünki6 əvvəllər bu istiqamətli mütəxəssislər barmaqla sayılacaq qədər az idi:
«İndi isə bizim məktəblərin hamısında praktik-psixoloqlar işləyir. Mütəxəssis bolluğu bu sahədə seçim imkanları da yaradır. İndi biz psixoloqların daha yaxşılarını seçib məktəblərə işə götürmək imkanı qazanmışıq. Halbuki 10-15 il əvvəl qısamüddətli kursları qurtaranlarla işləmək məcburiyyətində idik. Digər tərəfdən, son vaxtlara qədər məktəblərdəki psixoloji xidmət kabinetlərinin fəaliyyəti də normal səviyyədə deyildi. Bunun səbəbi isə ilk növbədə yer çatışmazlığı idi. İndi isə məktəblərdə əlavə korpusların tikilməsi bu problemin həllində müstəsna rol oynayıb. Hazırda məktəblərimizin əksəriyyətində belə kabinetlər yaradılıb və səmərəli fəaliyyət göstərir».
Lakin Rzaquliyevanın sözlərinə görə, elə obyektiv və subyektiv amillər var ki, bu sahədə inkişafa maneçilik törədir:
«Hər məktəbdə bir psixoloq ştatı var. Əməkhaqqı da eynidir. Lakin 2500 şagirdi olan məktəblə 150 şagirdi olan məktəbdə belə «bərabərlik» ədalətsizlikdir. İlk növbədə bu uyğunsuzluq aradan qaldırılmalıdır. Əmək haqqının azlığı isə digər problem də doğurur. Gənc mütəxəssis kimi məktəbdə işə başlayan psixoloqlar bu sahədə yetkin mütəxəssis olduqdan sonra dərhal daha çox əmək haqqı verilən sahələrə üz tutur və nəticədə məktəb yenidən mütəxəssis axtarışına çıxır. Bu hal təkcə psixoloqlarla bağlı deyil. Eyni vəziyyəti informatika müəllimlərinə də şamil etmək olar. Kifayət qədər təcrübə toplayan, məktəb mühitində yaxşı mütəxəssisə çevrilən informatika müəllimləri dərhal müxtəlif şirkətlərə üz tutur, yaxşı əmək haqqı müqabilində onlarla işləməyə üstünlük verirlər».
Bakı Şəhər Təhsil İdarəsi strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev iddia edir ki, bu gün Bakı məktəblərinin psixoloqla bağlı heç bir problemi yoxdur, «bütün məktəblər psixoloji xidmətlə əhatə olunub. Ola bilsin ki, kimsə çıxsın, başqa yerə getsin, bu, başqa məsələ».
Məktəblərdəki psixoloqların vəzifə funksiyalarından danışan B.Nəbiyev bildirib ki, psixoloq profilaktik və diaqnostik iş prosesində təhsildə çətinliklə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması ilə məşğul olur:
«Psixoloq şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi, psixoloji xüsusiyyətlərini öyrənir, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq edir. Uşaqların məktəbdə psixoloji cəhətdən hazırlığını araşdırmaqla onların yaş və inkişaf səviyyələrini müəyyən edir. O cümlədən, emosional pozuntuları olan, pis davranışlara meyl edən və istedadlı uşaqları üzə çıxararaq onlarla iş aparır».
B.Nəbiyevin sözlərinə görə, bu gün paytaxtın hər məktəbində psixoloji kabinet fəaliyyət göstərir:
«Ola bilər ki, müəyyən şəraitləri yoxdur, amma bütün məktəblərdə yaxşı psixoloji xidmət mühitinin yaradılması üçün lazım olan şəraiti yaratmağa çalışırıq. Düzdür, Bakı Təhsil İdarəsi fəaliyyətə başlayanda məktəblərdə psixoloqların olmaması, onlarla lazımi işlərin aparılmaması müəyyən problemlər yaradırdı. Tədricən bu problem aradan qaldırıldı».
B.Nəbiyev azyaşlılar arasında baş verən intihar, evdən qaçma və s. halları isə məktəblə əlaqələndirmir:
«Bütün problemləri də məktəbin üzərinə atmaq düzgün olmaz. Təsəvvür edin ki, məktəblərdə 1500-2000 uşaqla bir psixoloq məşğul olur. Məktəb uşağın həyatının bir hissəsini təşkil edir. Amma bundan əlavə, valideynlər və cəmiyyətin özü uşaqla məşğul olmalıdır. Düzdür, mən deməzdim ki, hər kəs öz işini yüksək səviyyədə həyata keçirir. Çatışmazlıq da, öz işini yüksək səviyyədə bilməyən də ola bilər. Ancaq onu da deyim ki, psixoloji cəhətdən sarsıntı keçirmə və ya müəyyən intihar halları digər ölkələrə nisbətən Azərbaycanda daha azdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 4317