Muəllif:

Kürdüstan Federativ Cümhuriyyəti

İstanbul

Səlim qara dənizlidir, çoxları kimi o da milliyətçidir. Bərbər dükanındakı televizoru ancaq xəbər kanallarına köklənib, hər gün 5-6 qəzet alır. Bir müddətdir ki, həyəcanlı görürəm, «Vətən, millət» dedinmi dik atılır. Bir-neçə gün əvvəl baxıram ki, yenə əsəbidir. Oruclu olduğundan deyil, qəzetdə yazı oxuyub və minib «cin atına». Qayçısını darağını tuta bilmir, deyir «Əvvəlcə izin ver bir ürəyimi boşaldım». K.L.-nin yeddi sülaləsini yıxıb üstündən keçir. Tirajlı bir qəzetin köşə yazarıdır K.L. kürd məsələsi ilə bağlı sürəkli sarsaq yazılar yazır. Kürdləri sevdiyindən deyil, fitnə-fəsadındandır. Onu şəxsən tanıyıram, belə unikumlar nadirən gəlir dünyaya. Səlim az deyir hələ onun haqda, deyir «Ramazandır, ağzımı pozmaq istəmirəm».
Səlim məni yoxlamaq üçün 36-cı paralelin şimalının hara olduğunu soruşur. Qəzeti səhər oxumuşam axı, əndişəsini də bilirəm, odur ki, «İraqın şimalı» deyə cavab verirəm sualına. «Ayyyy ağzın bal dadsın!!!» deyə uşaq kimi sevinir Səlim. Cavabım o qədər ürəyincədir ki, «Gör bir saçını necə kəsəcəm bu səfər» sözləri ilə qayçısının çakkıltısı unison olur havada…
«İraqın şimalı» yox «Şimali İraq» deyəndə milyonlarla türkün içi yanır. Çünki «İraqın şimalı» deyəndə bir ərazi, sərhədsiz bir bölgə anlaşılır. «Şimali İraq» isə bir inzibati ərazini, sərhədləri olan, bayraqlı, milisli müstəqil qurumu çağrışdırır. İllərdir «Kuzey İraq» deyə-deyə 36-cı paralelin şimalı Məsud Barzani idarəsində de-fakto avtonom bir kürd bölgəsinə çevrilib.
İraqdan sonra növbə Suriyaya gəlib. Bu ölkənin şimalındakı yerli kürdlər keçən həftə mərkəzi Əsad idarəsindən ayrıldıqlarını bəyan edərək öz bayraqlarını qaldırdılar. Separatçı hərəkata 2003-də ölkənin şimalındakı kürdlər tərəfindən qurulmuş Demokrat Birlik Partiyası (PYD) öncüllük edir. PYD lideri Salih Müslim separatçı olmadıqlarını, hədəflərinin federal subyekt olaraq Suriyanın tərkibində qalmaq istədiklərini söyləyir. Kimsə bu boşboğazlığa inanmır onsuz da, son məqsədin «Böyük Kürdüstan» olduğunu bilməyən qalıbmı görən.
Ordan-burdan torpaq qopardaraq dövlət olunurmu? Səlim «Olur, hələ o tərəfə də keçilir» deyir, Türk ordusunun cənub sərhədlərini keçəcəyinə ciddi-ciddi ümid edir. Bunun hal-hazırda mümkün olmadığını söyləyirəm, çocuk kimi küsür — «Vətən əldən gedir, Mehmetcik nə günə lazımdır» deyə səsini ucaldır.
Kürdlər bu coğrafiyada əsasən Türkiyə, İran, İraq və Suriyada yaşayırlar. İraq faktiki 3 hissəyə parçalanıb — sünni və şiə ərəb bölgələri ilə M.Barzaninin nəzarətindəki ölkənin şimaldakı kürd hissəsinə. Suriyada isə qopan hələlik kürdlərdir. Bu «mərkəzdənqaçma» trendi davam etsə, azlıqdakı alevilər də çoxluq təşkil edən sünni ərəblərdən torpaq tələbində bulunub öz dövlərtlərini qurmağa təşəbbüs edəcəklər.
İranda kürdlər say etibari ilə azdırlar. Onların Tehrandan muxtariyyət alabilmə ehtimalları yox dərəcəsində azdır. Türkiyədəki kürdlərin işi daha çətindir. Bu qarışıqlıqda cəmiyyətdə müxtəlif konspiroloji ssenarilər hazırlanır. Konspiroloqlara qalsa, yeni dövlətin adı belə hazırdır — Kürdüstan Federativ Cümhuriyyəti.
Avqust ayında İraqın şimalındakı Ərbil şəhərində Türkiyə, İran, İraq və Suriya kürdlərinin iştirakı ilə Kürd Milli Qurultayı keçiriləcək. Və bu qurultaya hazırlıq məqsədi ilə bu həftə İraqdakı Səlahəddin şəhərində 4 ölkədən olan kürd siyasətçilərlə bir toplantı keçirildi. Barzani burada məqsədlərinin türk, ərəb və farslarla sülh içində bərabər hüquqlu yaşamaq olduğunu bildirdi.
Di gəl Səlimi inandır ki, Türkiyə əldən getmir, torpaqları da bölünmür. Mən şəxsən inandırammıram onu. Necə inandırım ki, hər səhər qəzeti açdığında K.L.-nin növbəti sərsəmləmələrini oxuyur. Hərdən də məndən anlamadığı sözləri soruşur — «De fakto», «De yure», «Casus belli» və s. Sonuncunu bir-neçə dəfə soruşur, dəqiqləşdirir nəsə özü üçün, hafizəsinə yazır güman ki.
Səlim «Casus belli»nin mənasını öyrənəndən cümlənin başına da, sonuna da o sözü qoyur. Elə bilir hökümətin Ordunu Suriyaya sürməsi asanca bir işdir. Əslində isə dinc adamdır, savaşı sevməz. Əsgərliyini Hakkaridə çəksə də, şiddəti qəbul etmir. İşini çox sevir Səlim, müştərilərinə də çox sayğılıdır. Arıçılıqla məşğuldur boş vaxtlarında, arılarını da sevir. Amma Vətənini hər şeydən daha çox sevir, başqadır onun Vətən sevgisi.
10 ilə yaxındır saçımı o kəsir. Saçımı hələ belə bərbad və yöndəmsiz kəsməmişdi heç. Çox əndişəlidir bu aralar Səlim…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 848