Muəllif:

Korrupsiya ilə mübarizə üçün

Heç ağlıma gəlməzdi ki, belə darıxdırıcı bir mövzuda yazmaq mənim üçün maraqlı olacaq. Söhbət jurnalistlər üçün təşkil olunmuş müsabiqədən gedir. Düzdür, müsabiqənin həsr olunduğu mövzu özü maraqlıdır: korrupsiya. Bəlkə də, məsələnin sirri elə bundadır.
Məni təəccübləndirən nə oldu? Müsabiqəyə cəlb etmək istədiyimiz tələbələr hətta yarım illik universitet təqaüdü həcmində mükafata da həvəslənmədilər, yarışa qoşulmadılar. Biz onlar üçün hazırlıq kursları təşkil etdik, məşğələlərə mütəxəssislər çağırdıq. Axırda tələbələrdən müsabiqəyə cəmi-cümlətanı üç-dörd yazı gəldi. Onlar da araşdırmadan çox, «Korrupsiya niyə pisdir?» mövzusunda orta məktəb inşasına oxşadılar. Ona görə yox ki, tələbələr bacarıqsız çıxdılar. Ona görə ki, qorxdular. Özləri mənim və müsabiqənin təşkilatçılarından biri olan Qulu Məhərrəmlinin yanına «parlamentarilər»ini göndərib, açıqca etiraf etdilər. Qorxularını almaq üçün korrupsiya əleyhinə mübarizə sahəsində dövlət proqramlarından sitat gətirdik, Prezidentin öz çağırışlarından misal çəkdik, nə cavab versələr, yaxşıdır: «Müəllim, bizim təkcə qulaqlarımız yox, gözlərimiz də açıqdır.»
Məni sevindirən nə oldu? Müsabiqəyə 14 kütləvi informasiya vasitəsinin əməkdaşlarından 38 material göndərildi. Müəlliflərin hamısı, mənə və Qulu Məhərrəmliyə baxanda, xeyli cavandırlar. Deməli, problem tək yaşda, qulaqlarda və gözlərdə deyil, çox ola bilsin ki, ali məktəblərimizin jurnalistika fakültələrinin pəncərələrində nəsə var, ordan baxanda həyat başqa cür görünür.
Materialların içərisindən mükafatlandırmaq üçün altısını seçdik. Oxuduqca, dinlədikcə, gördükcə, adam içindən qaynayır. Hansı qaranlıq küncə işıq salırsan, korrupsiyanın gözləri işıldayır. Həmin materialların məzmununu qısaca təqdim edim, özünüz qiymət verin.
— Dağıdıcı zəlzələdən sonra Türkiyədə Van şəhəri 150 milyon dollara bir il içərisində yenidən qurulub. Azərbaycanda zəlzələdən zərər çəkmiş Zaqatalanın bərpasına 320 milyon manat ayrılıb, hələ də adamların bir hissəsi qəzalı evlərdə yaşayır, «zəlzələyə ayrılan pullara məmurlar üçün villalar tikilir»;
— Yağışdan sonra Qobustan qəsəbəsində küçələri, zirzəmiləri, bəzi evləri su basıb. İki il əvvəl isə məmurlar qəsəbəyə su, kanalizasiya xətti, yollar çəkildiyi barədə prezidentə raport veriblər. «Prezident gələndə bir küçəni asfaltladılar. Orda da dayananların heç biri adi vətəndaş deyildi. Hamısı Qobustanın işçiləri, aşıqlar… Evimizə qıfıl vurdular, polis yığdılar ki, bir adam çıxıb sözünü deməsin. Prezidentin açdığı məktəb hələ də bağlıdır»;
— 2010-cu ilin payızında Sabirabad rayon icra hakimiyyəti xırda ticarətlə məşğul olan Rasim Məmmədovdan tikinti-abadlıq işləri üçün 10 min manat tələb edib. Pul verməyənlərin mağazasının söküləcəyini bildiriblər. «Pul verənlər işlərini davam etdirdilər. Mənim mağazamın qarşısını hördülər». Rüşvət verməyən sahibkar müflisləşdirilib:»Bir ildir işləmirəm. Çünki hasar çəkiləndən sonra mağaza divarın bu üzündə, müştərilər o üzündə qaldı».
— Səkkiz ildə dövlət məktəb tikintisi və təmiri üçün 600 milyon manat pul ayırıb. Pul, necə gəldi, xərclənib. Bir məktəbə həm təmir, həm də tədris korpusunun tikintisinə yarım milyon, analoji məktəbə təkcə təmir üçün bir milyon manat vəsait verilib. Döşəməsiz məktəblər dura-dura, əsaslı təmirdən çıxmış tədris müəssisəsinin yenidən qurulmasına fantastik məbləğdə — 10 milyon 465 min manat vəsait ayrılıb. «Bütün standartlara cavab verən 20-25 kv.m-lik bir otağın maya dəyəri 8-10 min manatdır. Təsəvvür edin ki, Tovuzun Həsənqala kəndində bir sinif otağını 85 min manata tikiblər»;
— Mingəçevirdə qeyri-yaşayış sahələrinə qaz verilişi üçün layihə-smeta sənədlərinə Azəriqaz 1500-2000 manat tələb edir. Başqa layihə institutları bu işi 200-300 manata görür, lakin Azəriqaz onları qəbul etmir. Şadlıq sarayı sahibi obyektdə quraşdırılan sayğac üçün ondan 6000 manat aldıqlarını deyir. Qaz çəkilməsi adı ilə tələb olunan layihə-smeta və digər razılıq sənədləri, ucuz qiymətə alınıb həddən artıq yüksək qiymətə rəsmiləşdirilən sayğacların tez-tez dəyişdirilməsi məmurların gəlir mənbəyidir: sahibkarların qazancı əllərindən alınır, Dövlət Neft Şirkətinin pulları dövlətin cibindən çıxarılıb şəxsi ciblərə axıdılır»;
— Gədəbəy rayonunda qızılçıxardanlar insanların pay torpaqlarını zorla əllərindən alırlar. Kompensasiyalar mənimsənilir. Məsələni araşdırmağa gələn jurnalist gecə ilə oğurlanaraq döyülür.
Və nəhayət, məni düşündürən nə oldu? Bu materiallar kimi, korrupsiyadan əziyyət çəkən insanların şikayətlərinə də əhəmiyyət verən yoxdur! Onlar prezidentə yazırlar, məhkəməyə üz tuturlar, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edirlər. Xeyri olmur. Olmaya korrupsiya ilə mübarizənin aparılması üçün də rüşvət verilməlidir?! Düzdür, hərdən prezident korrupsioner məmurları hədələyir. Amma məmurlar qorxmurlar. Tələbə-jurnalistlər isə qorxurlar.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 173