Muəllif:

İşğal edilmiş ərazilərdəki naməlum məzarların açılması mümkün olacaq

Dövlət Komissiyası bildirir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində naməlum məzarların açılmasına maneə yaratmayacaq.
Azərbaycan da bu işə maneçilik yaratmayacaq və ölkə üzrə 139 naməlum məzar barədə məlumat qeydiyyata alınıb. Bu barədə
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov məlumat verib.

Onun sözlərinə görə, bu, dəyişən rəqəmdir: “İşğal olunmuş ərazilər üzrə məzar yerləri dəqiqləşəndə, bu say daha da artacaq. Döyüş əməliyyatları işğal olunmuş ərazilərdə getdiyindən həmin yerlərdə naməlum məzarların sayı daha çoxdur. Üstəlik, proqram tam işləyəndə Ermənistan ərazisində ermənilərin açacağı məzarlar, eyni zamanda bizim burada göstərəcəyimiz erməni qəbirləri var. Rəqəmlər təbii ki, artacaq”.

Ş. Sayılov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində naməlum məzarların açılmasına ermənilərin hər hansı maneə yaratmayacağını bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə Ermənistan da qol çəkib. Bu proqram hər iki tərəfin qarşılıqlı olaraq naməlum məzarları açmasına razılıq verdiyinin göstəricidir. Yəni bu layihə Azərbaycanla paralel olaraq Ermənistanda da keçiriləcək”.

Ş. Sayılov deyib ki, bundan əvvəl itkin düşən şəxslərin ailələrindən ağız suyu (buqqal) və ya qan nümunələrinin toplanmasına başlanacaq: “Ağız suyu nümunələrinin dəqiqliyi qan nümunələrinin dəqiqliyi qədərdir. Lakin bu nümunələrin götürülməsi daha rahat başa gəlir. Qanın saxlanmağı bir az problemlər yaradır. BQXK-nın təklifi oldu ki, ağız suyu nümunələri üzərində eksperiment aparmağa başlayaq. Dövlət Komissiyası bu analizlərin aparılmasına razılıq verib. Yaxın vaxtlarda itkin düşən şəxslərin ailə üzvlərindən bu nümunələrin toplanmasına başlanacaq. Bu istiqamətdə Nazirlər Kabineti, Dövlət Komissiyası, Səhiyyə Nazirliyi və BQXK tərəfindən durmadan iş gedir. Layihə paralel olaraq Ermənistanda da həyata keçiriləcək”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4000 nəfərdən çox azərbaycanlı itkin düşüb: “Həmin şəxslərin ailə üzvlərindən nümunələr götürülməmiş qəbirlərin açılması məqsədəuyğun deyil. Respublika üzrə naməlum qəbirlərin, şəhidlər xiyabanlarının, döyüş zonalarında basdırılan qəbirlərinin şəkilləri çəkilib. Onların dəfnində iştirak edən şəxslərlə danışıqlar və dəqiqləşdirmələr aparılıb. Qəbirlər açılandan sonra analizlərin nəticələrinin müqayisə edilməsi üçün ailə üzvlərindən götürüləcək nümunələr əvvəlcədən hazır olmalı, analizləri aparmaq üçün həkimlər hazırlanmalıdır”.

Qeyd edək ki, Dövlət Komissiyasının qərarına uyğun olaraq, bu məsələ ilə bağlı 2011-ci ilin aprel ayında ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Prezident bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib və məsələnin icrası Səhiyyə Nazirliyinə tapşırılıb. Qan və ağız suyu nümunələrinin toplanması üçün mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılacağı planlaşdırılır. Yaradılacaq qurum Milli Təhlükəsizlik Nazirliyi ilə sıx işgüzar münasibətdə işləyəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116