Muəllif:

İntihar

May ayının 27-də sayt və agentliklərin manşetində «Bakıda üç intihar» başlıqlı xəbər yerləşdirilmişdi. Eyni gündə paytaxtda 3 nəfər özünü asmışdı.
Onlar müxtəlif nəsillərin nümayəndələri idilər. Qız lap gənciydi, həyatı təzə başa düşməyə başlayırdı, 23 yaşı vardı. Bağçanın həyətində intihar etmiş kişi ömür yolunu yarılamışdı, 40-ı haqlamışdı. Özünü yaşadığı evin pəncərəsindəki dəmir qoruyucudan asan ahılın isə vədəsi bitmək üzrə idi: bu dünyada 85 il külüng çalmışdı.
Yəqin ki, həyatla biryolluq haqq-hesab çürütmək üçün onların hərəsinin öz motivi olub. Kim bilir, bəlkə, qız sevginin oduna yanıb, ortayaşlı kişi işsizlikdən, kasıbçılıqdan usanıb, qoca çarə bula bilmədiyi can ağrılarından bezib? Bəlkə də, başqa sarsıntı keçiriblər. Amma, nə deyirsiniz, deyin, bunlar səbəb deyil, həyat çətinliklərinin formalarıdır, hamısı bəhanədir. Bəhanə çox ola bilər. Səbəbsə həmişə birdir — ümidsizlik.
Rəsmi hesabatlar göstərir ki, əhalinin hər 100.000 nəfərinə düşən intiharların sayına görə Azərbaycan dünyanın «qabaqcıl» ölkələrindən geridədir. Bu, yaxşıdır: deməli, məmləkətimiz yer üzünün ən ümidsiz nöqtələrindən deyil. Pis olanı isə odur ki, son beş ildə intiharların sayı sürətlə artır. Bu dəhşətli statistikanı müqayisə edin: 2008-ci il — 138 nəfər, 2010-cu il — 289 nəfər, 2012-ci il — 482 nəfər… Və 2013-cü il may ayının 27-si, Bakı şəhəri!
İndi özünüz deyin, insanların ümiddən çox nəyə ehtiyacı var?
Hərbi intihar
«Doktrina» Araşdırmalar Mərkəzi monitorinqinin sonuncu nəticələrini açıqladı: 2013-cü ilin may ayının ortalarınadək Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 35 nəfər təşkil edib. Bunların 7 nəfəri döyüş şəraitində həlak olub, 8 hərbçimiz intihar edib.
Özünə qəsd edən əsgərlərimizin sayı erməni gülləsinə tuş gələnlərin sayından çoxdur!
Məni «ölüm statistikasını» çözələdiyim, insan faciəsini rəqəmlərə çevirib tutuşdurduğum üçün bağışlayın. Özümün də bu anda həyəcandan əllərim əsir, klaviaturanın düymələrini səhv salıram. Amma, inanın ki, övladının nəyə görə dünyadan getməsinin valideyn üçün böyük fərqi var. Cəmiyyət üçün də çox böyük fərqi var ki, onun gənc üzvü vətəni son damla qanadək qorunacağına inamı artıraraq qurban gedib, yoxsa ümidsizliyə yuvarlandığından həyatına qəsd edib.
May ayının 18-dən bir həftə ərzində Azərbaycan KİV-ləri «Ermənistanda iğtişaşlar başlandı», «Ermənistanda ara qarışdı» başlıqlı yazılar verirdilər. Söhbət Ermənistanda əsgər ölümünə görə hökumətdən cavab tələb edən insanların aksiyasından gedirdi. Düzdür, əsgər intihar etməmişdi, amma hər halda, vətən yolunda qurban getməmişdi, yoldaşı tərəfindən vurulmuşdu. Ara qarışdı da, sakitləşdi də. Mənimsə diqqətimi başqa şey cəlb etdi. Ermənistanın müdafiə naziri ölən gəncin qohumlarının üzünə çıxdı, günahkarları ilkin cəzasına çatdırdı, əsgərin valideynlərinə «qarşınızda diz çökürəm» dedi, dəfn mərasiminə qatıldı, meyitin sifətindən öpdü və çiynini tabutun altına verdi. Allah eləsin, bizdə buna ehtiyac yaranmasın. Amma «Dokrina»nın monitorinqi göstərir ki, yaranır! Bizim nazir, onun yardımçıları da, istər qətlə yetirilənlər olsun, istər ümidsizlik və çarəsizlik üzündən özünə qəsd edənlər, qeyri-döyüş şəraitində itkilərə görə məsuliyyəti eyni dərəcədə hiss etsələr, sağ qalanların inamı möhkəmlənməzmi, ümidləri artmazmı?
Siyasi intihar
Prezident Administrasiyasının şöbə müdiri, hakimiyyətin faktiki sözçüsü Əli Həsənovun mayın 24-də «Gənclərin ictimai-siyasi həyatda rolu» mövzusunda seminardakı çıxışı çox aydın və kəskin idi:
ABŞ «müxalifəti bir yerə yığır» və «ondan bizə qarşı istifadə edir»;
«bəzi dövlətlər opponentlik edib ölkəmizin əleyhinə gedirlər ki», Azərbaycan maraqlarından dala çəkilsin və neftin tranzitini «özləri həyata keçirsinlər»;
«bəzi dövlətlər Azərbaycana qoşun yerləşdirmək istəyindədirlər»;
«bəzi dövlətlər deyirlər ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri yetərli deyil, indi TANAP çəkirik», çünki maraqları var, «biz öz pulumuzu ona verməliyik»;
«bəzi dövlətlər Azərbaycanda 1991-1993-cü illərdəki ab-havanı» yaratmaq, yəni xaos törətmək istəyirlər və s.
Şəxsən mən bu güclü etirafdan bir məntiqi nəticə hasil etdim: Azərbaycan qərbdən, şimaldan, cənubdan böyük təzyiqlərlə üz-üzədir və onlara davam gətirmək üçün ölkədə siyasi birliyə, milli həmrəyliyə nail olunmalıdır. Açığı, hətta içimdə bir ümid qığılcımı da baş qaldırdı. Amma hakimiyyətin daxili opponentlərinin geniş koalisiyasına — Milli Şuranın yaradılmasına reaksiyası bu qığılcımın alova çevrilməsinə imkan vermədi. Hələlik YAP rəsmiləri səviyyəsində səslənən bəyanatlarda Şuraya qoşulmuş onlarla partiya, ictimai təşkilat satqınlıqda, pul hərisliyində, xaricdəki «müəyyən dairələrə» xidmətdə ittiham edilir. Dialoq, islahatlar kəlməsi kimsənin dilinə gəlmir. Bəs bu nədir? Siyasi intihar cəhdi, yoxsa ümumxalq mənafeyini çox dar çərçivədə təfsir edənlərin xarici təhlükəyə məhəl qoymadan daxili opponentlərinə «sonda hər tərəf ölülərini ayrı basdıracaq» mesajı?
P.S.İndicə saytlarda bir xəbər də çıxdı:»Mayın 29-da intihara növbəti cəhd hadisəsi baş verib. Lənkəran şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin leytenantı özünü yaşadığı hərbi şəhərciyin həyətindəki ağacdan asıb».
Amma 24 yaşlı hərbçini asılı vəziyyətdə görən sakinlər onu xilas edə biliblər. İndi qalır gənc leytenantın ümidini, həyat eşqini özünə qaytarmaq.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127