Muəllif:

İnsanlarımı düşünürlər?

Niderland

«Bəşər Əsəd rejimi əlindəki kimyəvi silahları təhvil verməsə, Suriyaya müdaxilə qaçılmazdır» — bu sözləri ABŞ rəsmisi jurnalistlərin birinin — «Suriyaya hərbi müdaxilə olmaya bilərmi?» — sualına cavab olaraq verib. Artıq məsələ aydındır, Suriyaya hərbi müdaxilə olacaq və qərar da verilib. ABŞ İraqda, Əfqanıstanda axtardığını tapdımı? Suriyada da «axtardığını» tapacağına şübhə edirəm. Ancaq hazırda ABŞ dünyada demək olar ən güclü dövlətdir və istədiyini həyata keçirtməkdə kimsə ona mane ola bilməz. Suriyada kimyəvi silah varmı, yoxmu bu, o qədər də maraqlı deyil. Obrazlı desək, canavar keçini yemək istəyirsə, keçi axar çayı aşağıdan yuxarıdan da «bulandıra» bilər. Təbii ki, Əsədə haqq qazandırmaq fikrində deyiləm. Kimyəvi silah olub-olmamasından asılı olamayaraq, Suriya prezidenti öz xalqına zülm edib və etməkdə davam edir, qırıb və qırmaqda davam edir. Ancaq təəssüf edilən odur ki, dünya dövlətləri orada ölən insanları deyil, öz maraqlarını düşünürlər.
Türkiyə də Əsəd rejiminə qarşı olanlarla eyni koalisiyadadır. Səbəbini, mənə görə, bu gündə axtarmaq düzgün deyil. İllərdir, hətta Hafiz Əsədin dönəmində belə Suriya PKK-nın təlim, barındırma yeri olub. Təbii ki, Türkiyə bütün bunları unuda bilməz və haqqı da var.
Hər kəsə bəllidir ki, PKK Suriyadan lazım olan bütün dəstəyi görüb. Suriya həm də Rusiyanın ən yaxın müttəfiqlərindəndir. Hazırda Əsəd rejminə dəstək verən Rusiyanın da marağında Suriyada ölən insanlar deyil. Rusiya heç ABŞ-ın Suriyaya müdaxiləsi nəticəsində ziyan görəcək insanları da düşünmür. Sadəcə, siyasət naminə özünü humanist kimi göstərməkdədir. Artıq neçə illərdir Rusiya öz silahlarını Əsəd rejimi sayəsində çox rahatlıqla PKK-ya satır. PKK da digər böyük dövlətlərdən əldə etdiyi paraları xəsislik etmədən rus silahlarına xərcləyir. PKK-nın nə vecinə, necə deyərlər, mal özgənin, can özgənin. Bəli, mal özgənindir. Ancaq can məsələsində yanıldım. Gedən canlar həm türkün, həm də kürdündür. Türk vətənini qorumaq üçün şərəflə vuruşur. PKK tərəfdən vuruşanlar isə ya fanatiklər, ya PKK-nın qorxusu altında dağlara çəkilənlər, yaxud da çox cüzi məbləğ üçün ehtiyacdan vuruşanlardır. PKK-çılar İraqda istəklərinə çatıb, İraqın böyük bir hissəsini Avropada «Kürdüstan» kimi tanıda biliblər, hələlik qeyri-rəsmi olsa da. Artıq sadə bir avropalı kiməsə: «hardan gəlmisən?» — sualını verərkən — «Kürdüstandan» — cavabını eşidəndə təəccüblənmir və «Kürdüstanın» hara olduğunu soruşmur.
PKK-nın sonrakı planında Suriya, daha sonra isə Türkiyə və İran durur. Suriyada da istəklərinə çatmaq ərəfəsindədirlər. İraqda olduğuğu kimi, Suriyada da Qərb dövlətləri həm də PKK-nın təsiri altında olan kürd kökənli insanlardan istifadə etməkdədir. Əsədin hakimiyyətdən getməsi ilə ABŞ və digər maraqlı dövlətlər öz güclərini bir daha ortaya qoymuş olacaqlar. Bununla yanaşı, sözügedən dövlətlərin bölgədə strateji maraqları da təmin olunacaq. PKK da daha aldığı pulları Qərbin rəqibi olan Rusiyaya verib əvəzində silah almayacaq. Silahı da onlara pul verən dövlətlərin özləri satacaqlar. Necə deyərlər, pulu sağ ciblərindən çıxardıb sol ciblərinə qoyacaqlar. Türkiyə bunları bilməmiş deyil. Ancaq rəsmi Ankara yenə də Əsəd rejiminə qarşıdır. Ancaq Türkiyə yenə də «barış sürəci» içərisindədir. Hətta AKP-li millət vəkilləri bunu az qala qələbə kimi təqdim etməyə çalışırlar. Olsun, təki elə olsun. Təki Türkiyə bir daha şəhid görməsin. Təki PKK Türkiyədən çıxsın. Çıxsın, özü də bir dəfəlik. Mənə görə isə hazırkı durumda PKK-nın silah məsələsi ilə bağlı problemləri var. Məhz buna görə də onların xeyrinə işləyir hazırkı durum.
Yuxarıda da qeyd etdiyim kimi, bütün bunlar bu günün məsələsi deyil. Bu günü hesablayanlar zamanında PKK-nın siyasi qanadını yaradıb və hətta Türkiyə BMM-ə belə yol tapdılar və bu gün Öcalana «sayın» deyənlər də var. Mən həyatda, eləcə də, siyasətdə təsadüflərə inanmıram. Odur ki, bir müddət öncə Türkiyənin Baş Naziri sayın Ərdoğanın islam dünyasında sevilməsinə yönəlik çıxış və addımlarını, rəsmi İsrailin Ərdoğandan üzr istəməsini, Tunis, Misir və s. hadisələrini təsadüf hesab etmirəm.
Türkiyədə barış sürəci, Suriyadakı gərgin vəziyyət, ABŞ-ın Suriyaya müdaxilə istəyi, Rusiyanın Suriyanın müdafiəsindəki çalışmaları davam etməkdədir.
Bütün bunlar doğrudan da belədirsə, hər kəs bunu belə bilirsə, nə üçün bütün bunlara göz yumulur? Ən azından Ərdoğanın nə düşündüyü mənə maraqlıdır. Yox, əgər belə deyilsə, savadsızlığıma bağışlayın…
P.S. Əslində bu yazını daha geniş yaza, faktlar gətirə, tarixə səyahət edərək Hafiz Əsədin, daha sonra Bəşər Əsədin hakimiyyətə gəlmələrindən, PKK-nın yaranması və daha sonra Türkiyəyə qarşı silahlı mübarizəyə başlamasından, Misir olaylarının başvermə səbəblərindən, ABŞ-ın İraqa girməsindən və s. söhbət aça bilərdim. Bəlkə də etməli idim. Ancaq sabaha dərslərim var, tələbə yoldaşlarımın qarşısında «Suriyadakı maraqlar» mövzusunda çıxışa hazırlaşmalıyam…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 250