Muəllif:

İlk iclasa sözardı

Ötən saylarımızda Bakının 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək hüququna layiq görülməsi haqqında məlumat vermişdik. Hazırda həmin mötəbər yarışın keçirilməsi ilə bağlı ciddi hazırlıq işləri gedir. Bu işlərə dövlət nəzarətini təmin etmək üçün prezident İlham Əliyevin sərəncamına əsasən, I Avropa Oyunları ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin tərkibinə müvafiq dövlət qurumları rəhbərləri və olimpiya çempionları daxildir.
Artıq Təşkilat Komitəsinin ilk iclası da keçirilib. Tədbirdə nitq söyləyən prezident İlham Əliyev I Avropa Oyunlarının Bakıya həvalə olunmasını böyük uğur adlandırıb:
«Bu tarixi qərarın qəbul edilməsində, əlbəttə, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Əminəm ki, bu oyunlar Olimpiya Oyunlarının tarixində, sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır».
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva isə bildirib ki, Avropa Olimpiya Komitəsi və Avropa ölkələrinin idman federasiyaları ilə ilkin razılaşmaya əsasən qarşıdakı yarışın proqramına 28 olimpiya idman növündən minimum 12-si və iki qeyri-olimpiya idman növü daxil olmalıdır. Artıq Avropanın 17 idman federasiyasından həmin növlərin proqrama salınması üçün niyyət məktubları alınıb. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, reqbi-7 və su polosudur. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, «Baku Crystal Hall», «Sərhədçi» İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə Atıcılığı Stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.
2015-ci ilin iyun-iyul aylarında gerçəkləşəcəyi gözlənilən yarış zamanı ölkəmizə 5000-dək idmançı, 1000-dək rəsmi şəxs, 2000-dək jurnalist gələcək. Təbii ki, həmin ərəfədə Avropanın deyil, həm də dünyanın diqqəti Odlar Yurdunda olacaq. Ölkəmiz həmin yarışı yüksək səviyyədə təşkil edərək, bu sınaqdan da üzüağ çıxmaq niyyətindədir.
Yarışda iştirak edəcək idmançılar Atletlər Kəndində, kütləvi informasiya vasitələri mənsubları isə Media Kəndində yerləşdiriləcək. Qaydalara uyğun olaraq, Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi ölkənin, yəni Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən hazırlanacaq. Hazırda medalların dizaynı ilə bağlı təkliflər üzərində iş gedir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla danışıqlar aparılır. Oyunların keçirilməsinə beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində işlər görülür.
I Avropa Oyunlarına ev sahibliyi edən Bakının infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətin optimallaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi üzrə təkliflər bütün cavabdeh təşkilatlar tərəfindən hazırlanır.
Onu da əlavə edək ki, yarışın tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində də işlər görülür. I Avropa Oyunları mövzusunda açıq loqotip müsabiqəsi artıq elan edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133